20 mart 2025 09:05
111

ELM VƏ SÖZÜN XİDMƏTİNDƏ

PROFESSOR ƏBÜLFƏZ QULİYEV - 75

Azərbaycan elmi ictimaiyyətində öz dəst-xətti və əvəzsiz xidmətləri ilə seçilən alimlərdən biri də AMEA-nın müxbir üzvü, professor Əbülfəz Aman oğlu Quliyevdir. 27 mart 1950-ci ildə Naxçıvan şəhərində dünyaya göz açan görkəmli alim ömrünü türkoloji araşdırmalara, Azərbaycan dilçiliyinin inkişafına və elmin tərəqqisinə həsr etmişdir.

2025-ci ildə professor Əbülfəz Quliyev 75 illik yubileyini qeyd edir. Onun ömür yolu, elmi fəaliyyəti və tədqiqatlarının Azərbaycan dilçiliyindəki rolu müasir elmi ictimaiyyət tərəfindən yüksək dəyərləndirilir. Əbülfəz Quliyev 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmiş və elə həmin ildən etibarən elmi fəaliyyətə başlamışdır. Onun elmi axtarışları əsasən türkoloji tədqiqatlar, Orxon-Yenisey yazıları və Azərbaycan dilinin dialektologiyası istiqamətində olmuşdur. Alim tədqiqatlarını genişləndirərək, qədim türk onomastikası, morfologiyası və leksikologiyası sahələrində də sanballı əsərlər yazmışdır.

Bütün həyatını elmə həsr edən bu fədakar insan 1972-ci ildən həm də Naxçıvan Elm Mərkəzində kiçik elmi işçi kimi, fəaliyyətə başlamışdır. Elmi yaradıcılığa da digər işləri kimi böyük həvəslə girişən Əbülfəz müəllim uzun illər çəkdiyi zəhmətin nəticəsi olaraq 1979-cu ildə “Orxon-Yenisey abidələrində feilin təsriflənməyən formaları (Azərbaycan dili ilə müqayisədə)” mövzusunda dissertasiya müdafiə edərək elmlər namizədi, 2003-cü ildə isə “Qədim türk onomastikasının leksik-semantik sistemi” mövzusunda dissertasiyasını müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür. Eyni zamanda, 1990-cı ildə dosent, 2006-cı ildə isə professor elmi dərəcəsi almışdır. 2007-ci ildən AMEA-nın müxbir üzvüdür.  

Milli qaynaqlardan bəhrələnən, fəaliyyətini milli-mənəvi dəyərlər işığında quran və beləliklə də təkcə Azərbaycanda deyil, türk dünyasında da bir tədqiqatçı kimi yaxşı tanınan, böyük nüfuza malik olan Əbülfəz Quliyevin elmi fəaliyyəti yalnız Azərbaycanla məhdudlaşmamış, onun tədqiqatları beynəlxalq elmi ictimaiyyət tərəfindən də maraqla qarşılanmışdır. O, müxtəlif beynəlxalq konfranslarda çıxış edərək, türkoloji araşdırmalara yeni yanaşmalar gətirmiş, qədim türk yazılı abidələrinin orijinal təhlil metodlarını təqdim etmişdir.

2003-cü ildən etibarən AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru vəzifəsində çalışan Əbülfəz Quliyev bu illər ərzində institutun elmi fəaliyyətini genişləndirmiş, gənc tədqiqatçılar üçün yeni perspektivlər açmışdır. Professor Əbülfəz Quliyev Azərbaycan dilçiliyinin müxtəlif sahələrinə mühüm töhfələr vermişdir. Onun çoxşaxəli elmi araşdırmaları geniş istiqamətləri əhatə edir.

Professorun ən mühüm tədqiqat sahələrindən biri də Azərbaycan dilinin dialekt və şivələrinin öyrənilməsi olmuşdur. O, Naxçıvan dialekt və şivələrini sistemli şəkildə araşdıraraq onların fonetik, morfoloji və leksik xüsusiyyətlərini müəyyən etmişdir. Bu istiqamətdə onun 2009-cu ildə çap olunan “Nahçıvan ağzı” adlı kitabı xüsusi yer tutur.

Əbülfəz müəllim həm də tərcümə sahəsində məhsuldar fəaliyyət göstərərək müxtəlif türk dillərindən, o cümlədən qədim türk dillərindən bir çox əsərləri öz tərcüməsində oxuculara təqdim etmişdir. 

Əbülfəz Quliyev yalnız tədqiqatçı deyil, həm də pedaqoq kimi çox böyük xidmətlər göstərmişdir. Kadr hazırlığı istiqamətində xüsusi xidmətləri olan alimin rəhbərliyi altında çoxsaylı magistr və elmi dərəcə almaq üçün dissertasiyalar müdafiə olunmuş, yeni nəsil türkoloqlar və dialektoloqlar yetişmişdir. O, Azərbaycan dilçiliyinin müxtəlif sahələrinə dair dərsliklər və metodiki vəsaitlər hazırlayaraq, tələbələrin elmi araşdırmalara marağını artırmışdır. Bir müəllim kimi öz tələbələrindən həmişə lazımi qiymətini alan Əbülfəz müəllimin çoxsahəli fəaliyyəti çalışdığı müəssisə və müxtəlif qurumlar tərəfindən də qiymətləndirilmişdir. Belə ki, o, AMEA Rəyasət Heyətinin Fəxri fərmanına, “Azərbaycan Respublikasının Əməkdar müəllimi” adına, İran İslam Respublikasının Beynəlxalq Şəhriyar Mədəniyyət mükafatına layiq görülmüş, Azərbaycan Yazıçılar Birliyinə, Türkiyə Cumhuriyyətində fəaliyyət göstərən İLESAM təşkilatına, Ankaradakı Türk dünyası Yazarlar Birliyinə üzvlüyə qəbul olunmuşdur. Onun adı Türkiyədə çap olunan “Türkiyədən kənardakı türkoloqlar” kitabına daxil edilmişdir. 2024-cü ildə “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif olunmuşdur.

Professor Əbülfəz Aman oğlu Quliyev Azərbaycan elminə əvəzsiz töhfələr vermiş, türkoloji araşdırmalara yeni nəfəs gətirmiş və Azərbaycan dialektologiyasının inkişafı istiqamətində sanballı tədqiqatlar aparmışdır. Onun elmi fəaliyyəti yalnız yerli elmi ictimaiyyət tərəfindən deyil, beynəlxalq türkoloji dairələr tərəfindən də yüksək qiymətləndirilmişdir.

Görkəmli alimin 75 illik yubileyinin qeyd edilməsi təkcə bir elm xadiminin həyat yoluna hörmət deyil, həm də Azərbaycan dilçiliyinə və elminə verilən böyük dəyərin təcəssümüdür. Professorun elmi irsi gələcək nəsillər üçün dəyərli mənbə olaraq qalacaq və onun qoyduğu akademik miras uzun illər ərzində yeni tədqiqatlara yol açacaqdır. Böyük alimi yubileyi münasibətilə təbrik edərək, ona möhkəm cansağlığı, yeni elmi uğurlar və uzun ömür arzulayırıq!

Nuray Əliyeva,
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı,
filologiya elmləri doktoru