18 mart 2025 18:18
109

Novruz bayramı Azərbaycan xalqının ən qədim və ən əziz bayramıdır

“Novruz Azərbaycan xalqının ən qədim, ruhuna ən yaxın bayramdır. Novruz bayramı və çərşənbələr xalqımızın tarixini, zəngin folklorunu və fəlsəfəsini özündə yaşadır. Hətta sovetlər birliyinin qılıncının dalının da kəsdiyi bir dönəmdə bu bayramı bizim yaddaşımızdan silə bilmədilər. Ümumbəşəri mədəniyyət nümunəsi kimi qəbul edilən Novruz UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınıb. Novruz bayramı bəşəri və milli-mənəvi dəyərləri ehtiva edir və bütün Şərqdə qeyd edilir.  Dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı bu bayramı qeyd və təbliğ edir.  Novruz bayramı Azərbaycan xalqının çoxçalarlı incəsənətin güzgüsüdür, habelə milli mədəniyyətimizdə sülh, mehriban qonşuluq və tolerantlıq kimi ümumbəşəri dəyərlərə sadiqliyinin tarixi təcəssümüdür. Tanrıya, kainata, təbiətə, insana münasibətin göstəricisi olan Novruz təkcə türk etnosunun, eləcə də Şərq xalqlarının bayramıdır, qiymətli sərvətidir”.

“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib.

Onun sözlərinə görə, xalqımız Novruz bayramını həm də ona görə çox sevir ki, qışın şaxta-boranını, sazağını Yazın xəfif istiləri əvəz edir: “Bayram günü süfrəmiz müxtəlif təamlarla, şirniyyatlarla bəzədilir, zəngin olur. Sevinirik ki, qışın qıtlığı arxada qalır, qarşıdan bərəkətli, bol-məhsullu aylar gəlir. Azərbaycan xalqının milli adət-ənənəsinə görə Novruz bayramında küsülülər barışmalı, qohumlar bir-birini ziyarət edib, bayram süfrələri açmalıdırlar. Bu bayram ölkəmizdə dövlət səviyyəsində, təmtəraqla qeyd olunur. Ulu Öndər Heydər Əliyev Novruz bayramının mahiyyətini və dəyərini çox sərrast ifadə etmişdi: “Novruz bayramının bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır. Hər bir Azərbaycan vətəndaşı arzu edir ki, ölkəmizdə milli həmrəylik, vətəndaş birliyi olsun. Bu ali məqsədləri, ali fikirləri ulu babalarımız bizə nəsihət ediblər. Bu bayram yaranandan onun xüsusiyyətləri insanları həmişə dostluğa, həmrəyliyə, qarşılıqlı anlaşmaya dəvət edibdir”. 

M.Vəliyeva onu da bildirdi ki, artıq 5-ci ildir ki, Azərbaycan xalqı Novruz bayramını bütün ölkə ərazisində qeyd edir: “Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik. İşğaldan azad olunmuş bütün şəhər, rayon və kəndlərimizdə Novruz tonqalları qalanır, şənlik edilir. Ağrılı-acılı günlərimiz tonqallarda yanıb yox olur. Prezident İlham Əliyev azad Şuşada bayram tonqalını alovlandıran zaman çıxışında bu günün əhəmiyyətini qeyd etmişdi: “Hәmin gün gәldi. Bu gün Novruz bayramını ölkәmizin mәdәniyyәt paytaxtı olan Şuşada qeyd edirik. Bu tarixi hadisәdir. Bu, böyük xoşbәxtlikdir. Allah Azәrbaycan xalqının dualarını eşitdi”. Prezident İlham Əliyev hər il Novruz bayramı ərəfəsində yüzlərlə ailəni sevindirir. Ölkə başçısı tərəfindən ənənəvi olaraq imzalanan əfv sərəncamları Azərbaycan dövlətinin humanizm siyasətinin növbəti təzahürüdür və Novruz fəlsəfəsinin ruhuna uyğundur. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib”.

Sonda millət vəkili bildirdi ki, dostluq, həmrəylik, yüksək mənəviyyat təcəssümü olan Novruz həm də arzular bayramıdır: “Bu bayramda hər kəs bir-birinə ən gözəl arzularını diləyir. Mən də xalqımıza ən xoş arzularımı çatdırıram. Arzu edirəm ki, Qarabağ torpağında, Şuşada qalanan tonqal əbədi alovlansın! Tanrı bu qürurlu günləri bizə bəxş edən Ali Baş Komandanı, müzəffər Azərbaycan Ordusunu qorusun! Şəhidlərimiz nur içində yatsın, qazilərimiz sağlamlıqlarına qovuşsun!”