18 mart 2025 16:40
88

Dəmir yolu nəqliyyatı vasitələri ilə daşınan yüklərin həcmi 14%-dən çox artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan üzərindən dəmir yolu nəqliyyatı vasitələri ilə 526,6 milyon ABŞ dolları dəyərində 1,3 milyon ton yük daşınıb.

Bu barədə "İki sahil" Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 51,8 milyon ABŞ dolları və ya 10,9%, həcm ifadəsində isə 158,7 min ton və ya 14,3% çoxdur.

Belə ki, hesabat dövründə sözügedən nəqliyyat vasitələri ilə Azərbaycana 398,8 milyon ABŞ dolları dəyərində 848,6 min ton yük idxal olunub. Bu isə 2024-cü ilin yanvar-fevral ayları ilə müqayisədə dəyər baxımından 50,3 milyon ABŞ dolları və ya 14,4%, həcm baxımından isə 174,1 min ton və ya 25,8% artım deməkdir.

Eyni zamanda cari ilin yanvar-fevral aylarında dəmir yolu nəqliyyatı vasitələri ilə Azərbaycandan 127,7 milyon ABŞ dolları dəyərində 416 min ton yük ixrac olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 1,4 milyon ABŞ dolları və ya 1,1% çox, həcm ifadəsində isə 15,4 min ton və ya 3,6% azdır.

Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında müxtəlif daşınma vasitələri ilə ümumilikdə 8,9 milyard ABŞ dolları dəyərində 10,6 milyon ton yük daşınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 1,7 milyard ABŞ dolları və ya 23,2%, həcm baxımından isə 678,7 min ton və ya 6,8% çoxdur.