Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən bu il ötən ilə nisbətən daha çox olmaqla 420 mindən çox şəxsin aktiv məşğulluq proqramlarına cəlb edilməsi hədəflənib.
“İki sahil” xəbər verir ki, bu barədə nazirlikdə keçirilən növbəti infosessiyada qeyd edilib. Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev əsas prioritetlərdən biri olaraq son illər bu proqramların ildən-ilə genişləndirilməsi istiqamətində mühüm addımların atıldığını, qarşıdakı dövrdə də bu prosesin davam etdiriləcəyini vurğulayıb.
İnfosessiyada son bir ildə Agentliyin ümumilikdə 400 mindən çox şəxsi aktiv məşğulluq proqramlarına cəlb etdiyi, onlardan 160 min nəfər işsiz və işaxtaran şəxsin işlə təmin edildiyi, 15,6 min şəxsin peşə hazırlığına cəlb edildiyi diqqətə çatdırılıb. Bu il isə qurumun işlə təminat göstəricisinin 165 minə çatdırılmasının nəzərdə tutulduğu bildirilib. İşğaldan azad olunan ərazilərə köçürülən sakinlərdən artıq 86 faizinin məşğulluğunun təmin edildiyi, bu sahədə tədbirlərin davam etdirildiyi qeyd olunub. Həssas qrupların əmək bazarına çıxışının dəstəklənməsi, məşğulluq tədbirləri üzrə rəqəmsallaşmanın əhatə dairəsinin genişləndirilməsi sahələrində görülən işlər diqqətə çatdırılıb.
Nazirliyin tabeliyində DOST İş Mərkəzinin fəaliyyətindən, haqqı ödənilən ictimai işlər proqramının icrası işlərindən bəhs olunub. Bu proqramın ilkin peşə bacarıqları, ixtisası olmayan işsiz və işaxtaran şəxslərin əmək bazarına inteqrasiyasında önəmi, müxtəlif qurumlarla birgə layihələrin proqrama cəlb edilənlərin ilkin peşə bacarıqları qazanmasına imkan yaratdığı bildirilib.
Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın sorğu-monitorinq, təhlil-tədqiqat, qiymətləndirmə və təlim-inkişaf istiqamətləri üzrə gördüyü işlərin nəticələri, o cümlədən əmək bazarının araşdırılması çərçivəsində sorğuların və təhlillər aparılması tədbirləri və hədəfləri diqqətə çatdırılıb.
Qeyd edilən sahələrdə görülən işlər və hədəflər müzakirə olunub.