“İki sahil” xəbər verir ki, konfransdan əvvəl Novruz ənənələrinə həsr olunmuş rəsmlərdən ibarət sərgiyə baxış keçirilib.
İlk öncə Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransı açılış nitqi ilə açan YAP Sumqayıt şəhər təşkilatının sədr müavini Cavid Məmiyev qeyd edib ki, Qərbi Azərbaycan torpaqlarında Novruz bayramı əsrlər boyu böyük təntənə ilə qeyd olunub. Burada bayram süfrələri bərəkət rəmzi olan qoğal, şəkərbura, paxlava və səməni ilə bəzədilib. Qərbi Azərbaycanlılar üçün Novruz təkcə baharın gəlişi deyil, həm də birlik və həmrəylik rəmzidir. Əsrlərdir davam edən bu adət-ənənələr indi də azərbaycanlıların qəlbində yaşayır və doğma yurd həsrəti ilə daha da dəyər qazanır.
Çıxış edən Qərbi Azərbaycan İcmasının Sumqayıt şəhər nümayəndəliyinin rəhbəri Ramiz İsmayılov Novruz bayramının Azərbaycan xalqı üçün böyük mənəvi dəyərə malik olduğunu qeyd edərək, bu bayramın milli birlik və bərabərliyi möhkəmləndirən önəmli amillərdən biri olduğunu bildirib. Bu gün Qərbi Azərbaycan İcması bu ənənələri yaşatmağı, onları gələcək nəsillərə ötürməyi qarşısına məqsəd qoyub. Novruz bayramı çərçivəsində keçirilən tədbirlərlə, folklor gecələri və etnoqrafik sərgilər vasitəsilə qədim ənənələrimiz təbliğ olunur və xalqımızın mədəni irsi qorunur.
Çıxış edən Sumqayıt şəhər İcra Hakimiyyətinin əməkdaşı Fərman Kazımov, QAİ Sumqayıt nümayəndəliyinin üzvü Akif Şahbazov, QAİ-nin Ziyalılar Şurasının üzvü, professor Avtandil Ağbaba, Sumqayıt Dövlət Universitetinin tələbəsi Nəzrin Alıyeva bildiriblər ki, Qərbi Azərbaycan torpaqları əsrlər boyu Azərbaycan xalqının zəngin mədəniyyətinin ayrılmaz hissəsi olub və bu torpaqlarda yaşadılan Novruz adətləri bu gün də xalqımızın yaddaşında qorunub saxlanılır. Soydaşlarımız öz ata-baba yurdlarını unutmayıb, milli dəyərlərini gələcək nəsillərə ötürmək üçün çalışırlar. Konfrans iştirakçıları qeyd ediblər ki, bu cür tədbirlər milli irsimizin yaşadılması, gələcək nəsillərə ötürülməsi və xalqımızın tarixi torpaqları ilə mənəvi bağlarının möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır.