Türkiyənin Batman şəhərində 3 yaşında yanlış iynə vurulduğu üçün əlil olan, əllərini və ayaqlarını işlədə bilməyən Abbas Karabulut yaxınları vasitəsi ilə qələmə aldırdığı 1-i ingiliscə olmaqla 20 kitab yazıb.
Artıq 40 yaşı olan Abbas Karabulut 3 yaşında yüksək hərarətlə aparıldığı xəstəxanada səhv vurulan iynə nəticəsində ömürlük əlil qalıb. Əlilliyi və məktəbin yaşadığı kəndə təxminən 5 kilometr məsafədə olması səbəbindən təhsil ala bilməyib. Karabulut oxumağı və yazmağı dostlarından öyrənib. O, kitab yazmağa 2009-cu ildə qərar verib.

Həyat mübarizədir!
Ən böyük arzusu kitablarını bütün insanlarla paylaşmaq olan Karabulut bunları deyib: "3 yaşım olanda qızdırmam olub. Yanlış iynə vurulduğu üçün bu vəziyyətə düşdüm. İndi nə əllərim, nə də ayağım işləyir. Amma vaxtımı kitab yazaraq keçirmək istədim. Doğulduğum kənddə məktəb yox idi. 16 ildir kitab yazıram. Onlardan 19-u türk, 1-i ingilis dilindədir. Əvvəlcə kitabda nə yazacağımı beynimdə düşünürəm. Sonra düşündüyümü yanımda olanlara deyirəm, onlar da kompüterdə yazırlar. Həyat mübarizədir. Çətinliklər və mübarizələr olmadan dünyada yaşadığını hiss edə bilməzsən. Çətinliklər, mübarizələr bizim üçün problem deyil, həyatın gözəlliyidir. Bunlar bizim həyatda olduğumuzu göstərir. Ona görə də kitab yazdığıma görə çox xoşbəxtəm. Mənimlə çox yerdə dostluq edirlər, əllərim, ayağım tutmadığı halda, kitab yazıram. Yalnız danışa və görə bilirəm. Məndən daha sağlam olanlar da var. Heç olmasa, vaxtlarından səmərəli istifadə etsinlər. Məşğuliyyət həyatın gözəlliyidir. 5 yaşımda atamı itirmişəm. Yalnız anam var. Yanımda olan ögey qardaşlarım var. Şükürlər olsun ki, mənə ən çox onlar kömək edirlər. Onlar olmasaydı, indi bunları sizinlə paylaşa bilməzdim. Ən böyük arzum, kitab yazarkən ən çox düşündüyüm bir məsələ var: Dünyanın nizamı və qaydaları güclülərin deyil, biliklilərin hökmranlığına tabe olsaydı, daha yaxşı səviyyələrə çata bilərdik”.

Karabulutun qardaşı qızı Hiranur isə bunları deyib: "Boş vaxtım və imkanım olanda onun yanına gəlirəm, düşündüklərini deyir, mən də kompüterə köçürürəm. Onun universal baxış bucağı ilə yazdığı kitabları kompyüterdə yazdığım üçün xoşbəxtəm."
Vüsal Cahanov, “İki sahil”