Xalqımızın milli-mənəvi dəyərlərinin, adət-ənənələrinin yaşadılması və gənc nəslə aşılanması məqsədilə hər il təntənəli şəkildə qeyd olunan Novruz bayramı ərəfəsində Dövlət Sərhəd Xidməti və Respublika Hərbi Prokurorluğu tərəfindən hərbi hissələrdə silsilə tədbirlər keçirilib.
“İki sahil” xəbər verir ki, DSX-nin mətbuat mərkəzindən verilən məlumata görə, Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirlərdə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun nümayəndələri, Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti və digər qonaqlar iştirak ediblər.
Çıxış edənlər Azərbaycan xalqının qədim tarixə malik Novruz bayramının milli birlik və həmrəyliyi təcəssüm etdirdiyini ifadə edib, bu bayramın ölkəmizdə hər il böyük təntənə ilə qeyd edilməsinin dövlətin milli-mənəvi dəyərlərə verdiyi önəmin bariz nümunəsi olduğunu vurğulayıblar.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə ordu quruculuğu sahəsində aparılan islahatların, hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlərin mühüm əhəmiyyət daşıdığı xüsusi qeyd edilib.
Tədbirlərdə konsert proqramları təşkil olunub, bayram tonqalları qalanıb, Novruzun rəmzi personajları səhnəciklər nümayiş etdirərək hərbi qulluqçularla bayram sevincini bölüşüb, xidmətdə fərqlənən bir qrup hərbi qulluqçulara Dövlət Sərhəd Xidmətinin və Hərbi Prokurorluğun rəhbərliyi adından fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.