17 mart 2025 13:31
115

Gediş haqqı nağdsız ödənilən avtobusların sayı açıqlanıb

Sərnişinlərin rahatlığı, ictimai nəqliyyata əlçatanlıqlarının artırılması məqsədilə paytaxtda xəttə çıxan avtobusların sayı rekord həddə çatdırılıb.

“İki sahil” xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, ilk dəfə olaraq müntəzəm marşrutlar üzrə xəttə çıxan nəqliyyat vasitələrinin sayı 2200-ü keçib.

Qeyd edək ki, 2022-ci ildə Bakı şəhəri üzrə sərnişindaşımada 1720 avtobus istismar edilirdisə, bu gün bu say 2203-dür.

AYNA-dan bildirilib ki, nağdsız ödənişə keçid sürətlənir. Belə ki, AYNA tərəfindən sərnişin daşımalarını yerinə yetirən subyektlərdə gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə keçidin sürətləndirilməsi ilə bağlı işlər də davam etdirilir.

Hazırda Bakı şəhəri üzrə fəaliyyət göstərən 1696 avtobusda ödənişlər nağdsız qaydada həyata keçirilir. Bu da avtobus parkının 77 faizini təşkil edir.