“Respublika Perinatal Mərkəzi”ində 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi keçirilən prosesdə Perinatal Mərkəzin Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədli ifadə verib.
O, bildirib ki, işlədiyi dövr ərzində işdə nöqsan olmayıb: “23 fevral 2023-cü ildə FHN Respublika Perinatal Mərkəzdə yoxlama aparıb və nöqsanlar aşkar edib. Lakin bu məndən öncə baş verib. Mənim əmrim 27 fevral 2023-cü ildə verilib. Rəhbəri olduğum şöbədə mühafizə və nəzarət bölməsi var. İşim onlara nəzarət etmək və işlə bağlı təlimatlandırmaqdır. Yanğın təhlükəsizliyi ilə bağlı əmr verilib. Onunla tanış olmuşam və üzərimə düşən öhdəliyə cavabdehəm. Hadisə baş verən zaman Mehriban Abasquliyeva mənə zəng edib xəbər verdi. Mən ora çatanda artıq hadisə baş vermişdi. Mən mərtəbənin boşaldılmasına yardım etdim. Tüstü 5-ci mərtəbəyədək qalxmışdı. Qalxıb oradakıların təlxiyyəsinə yardım etdim. Bütün şöbələrə yanğınla bağlı təlim keçirilib. Mən mütamadi ypxlamalar aparırdım. Elektrik yuvalarına və uzadıcılarına həddindən artıq qeyri-tibb avadanlıqları qoşulduqda irad bildirirdim və aradan qaldırılması üçün tapşırıq verirdim. Lakin tibbi avadanlıqlarla bağlı göstəriş vermirdim. Tibb sahəsini bilmirəm. Anlayışım olmadığı üçün belə edirdim. Elektrik naqillərinə isə eletrik nəzarət edirdi. Bizə aid olan və çatışmayan avadanlıqlar üçün rəhbərliyə bildirirdik. Daha sonra mərkəzin satınalma şöbəsinə bildirirdik. Avadanlıqların təmin olunması ilə bağlı problem yaşamamışıq”.
Daha sonra zərərçəkən Emil Abbasəliyev ifadə verib.
“Öncə yoldaşımı özəl klinikalardan birinə yerləşdirmək istədim. Lakin bizi Respublika Perinatal Mərkəzinə yönləndirdilər. Orada bizə dedilər ki, bu doğum risklidir. Biz razılıq verəndən sonra yoldaşım əməliyyat olundu. Bizə uşağın iki gün mərkəzdə qalacağını bildirdilər. Mən uşağı çıxartmaq istəyəndə onlar bizə körpənin şəkərinin aşağı düşdüyünü dedilər”.
Həmçinin zərərçəkən bildirib ki, hadisə baş verən gün övladını öncə "Yeni Klinika"ya göndərmək istələr də, sonra qərar dəyişdirilib:
"Mehriban Abasquliyeva dedi ki, uşağın vəziyyəti normaldır. Ona görə Yeni klinikaya başqa körpə göndərildi. Mənim uşağımı isə "Semaşko" xəstəxanasına göndərdilər. Hadisə zamanı Mehriban xanım mərkəzdə osa da, mən onun Respublika Perinatal Mərkəzin direktoru olduğunu bilmirdim, elə bilirdim burada çalışan həkimdir”.
Zərərçəkən təqsirləndirilən şəxsləri məhkəmə zamanı tanıdığını və bu işdə günahkar olanlara ən ağır cəzaya məhkum edilməsini xahiş edib.
Proses aprelin 14-ü davam etdiriləcək.