13 mart 2025 18:48
120

Zaqatalada üç avtomobilin iştirakı ilə zəncirvarı qəza baş verib

Zaqatala rayonunda üç avtomobilin iştirakı ilə zəncirvarı qəza baş verib. Yol-nəqliyyat hadisəsi Qax-Zaqatala avtomobil yolunun rayonun Muxax kəndindən keçən hissəsində qeydə alınıb.

“İki sahil” xəbər verir ki, Muxax kəndi ərazisində “Niva”, “Mercedes” və “Ford” markalı inkassator maşınları toqquşub. Nəticədə “Niva”nın sürücüsü, Zaqatala rayonu Sabunçu kənd sakini 65 yaşlı Şəmsəddin Yunusov aldığı xəsarətlərdən ölüb. Qəza nəticəsində, həmçinin Zaqatala sakinləri 38 yaşlı Şəhla Məmmədova, azyaşlılar Murad və Məhəmməd Əliyevlər, 29 yaşlı Zümrüd Əhmədova, 29 yaşlı Şükür Allahverdiyev, 45 yaşlı Elşən Süleymanov və 47 yaşlı Səbuhi Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.