13 mart 2025 15:05
116

Novruz bayramının beynəlxalq müstəvidə tanıdılması

Azərbaycan xalqının tarixi qədim olan bayramlarından biri də Novruz bayramıdır. Bu bayram Azərbaycan xalqının mənəvi dünyasını, milli düşüncə tərzini, milli varlığını, folklorunu bütün zənginliyi ilə özündə ifadə edir. Bu bayram təkcə yazın, baharın gəlişinin bayram edilməsi deyil, həm də yeni təqvim ilinin – yeni günün başlanğıcı hesab olunur.

Azərbaycan xalqının qədim adət-ənənələrini özündə ehtiva edən Novruz bayramı milli bayramımız olaraq bütün dünyada geniş təbliğ edilir. Bayram şənliklərində xalqımız birlik – bərabərlik və həmrəylik nümayiş etdirərək həm də milli dəyərlərinə sahib çıxdığını göstərir.

Azərbaycana rəhbərlik etdiyi dövrdən hər il Novruz bayramında el şənliklərində iştirak edən Ulu öndər Heydər Əliyev xalqımızın milli bayramına böyük önəm vermiş, bu milli dəyərlərin yaşadılmasının vacibliyini vurğulamışdır. Novruz bayramını xalqımızın dəyərli neməti, dosluq, həmrəylik bayramı adlandıran Ulu öndər bu bayramın əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olduğunu qeyd etmişdir.” Müstəqil Azərbaycan üçün bu bayramdan əziz bayram ola bilməz”- deyən Ulu öndər həm də hesab edirdi ki, bu bayram Azərbaycan xalqının milli ruhunu, yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşadır. Ona görə də Novruz bayramı bütün xalqımızı eyni dərəcədə həm sevindirir, həm də birləşdirir.

Novruz bayramının beynəlxalq mühitdə tanıdılması istiqamətində bir çox işlər görülür. Aparılan uğurlu dövlət siyasəti nəticəsində artıq Novruz bayramı haqqında dünyanın bir çox ölkələri və xalqları məlumatlıdırlar. Belə ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın mədəniyyət, elm və təhsil, idman və yaradıcılıq istiqamətləri üzrə beynəlxalq təşkilatlarla əməkdaşlıq sahəsində böyük xidmətləri alqışalayiqdir. Mehriban xanım Əliyevanın 2004-cü il avqustun 12-də başlayan UNESCO-nun xoşməramlı səfiri kimi fəaliyyəti müddətində görülən işlər Ümumdünya İrs, Qeyri-maddi mədəni irsin reprezentativ siyahısına daxil edilən, qorunma altına alınan mədəni irs nümunələrimiz onun bu işə həssas münasibətinin parlaq ifadəsidir. 28 sentyabr – 2 oktyabr 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Azərbaycan,Hindistan, İran, Pakistan, Türkiyə, Özbəkistan, Qırğızıstan və başqa ölkələrin xalqlarının xüsusi təntənə ilə qeyd etdikləri Novruz çoxmillətli nominasiya kimi UNESCO- nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınıb. Həmçinin 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasını 64-cü sessiyasının iclasında martın 21-i “Beynəlxalq Novruz Günü” elan olunub. Mehriban xanım Əliyevanın uğurlu fəaliyyəti sahəsində xalqımızın milli bayramı olan Novruzun beynəlxalq müstəvidə tanıdılması üçün həyata keçirilən bu işlər Azərbaycan mədəniyyəti tarixində mühüm hadisə hesab edilməlidir.

21 mart 2000-ci il tarixində Azərbaycan xalqının Novruz bayramı münasibəti ilə təbrik edən  Ulu Öndər Heydər Əliyev öz çıxışında demişdir : “Novruz bayramının bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki,qədim zamanlardan bu bayramda insanlar kim-küdurəti unudur, küsülülər barışır, ziddiyətlər aradan götürülür. Demək, bu dosluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır”.  

Artıq biz Novruz bayramını cənab Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində qalib xalq olaraq qeyd edirik. Bu, Azərbaycan xalqının, Azərbaycan dövlətinin ən böyük uğurudur.

Ruhiyə Yusifova,
Xətai rayonu, 64 saylı orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi