İki ölkənin siyasi qurumları arasındakı əlaqələrin genişləndirilməsi, qarşılıqlı səfərlərin artması, parlamentlərarası əməkdaşlığın inkişafı bu dialoqun dərinləşməsinə xidmət edir. Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Şimali Makedoniya işçi qrupunun fəaliyyət göstərməsi və Şimali Makedoniya parlamentində müvafiq dostluq qrupunun mövcudluğu bu əməkdaşlığın qanunvericilik səviyyəsində dəstəkləndiyini göstərir. Energetika sahəsində əməkdaşlıq iki ölkə arasında əhəmiyyətli bir mövzu kimi qeyd olunur. Azərbaycanın təbii qazı artıq Şimali Makedoniyanın bazarına çatdırılıb və bu il müntəzəm olaraq qaz təchizatı davam edəcək. Azərbaycan yeni qaz yataqlarının istismara verilməsi istiqamətində fəal iş aparır və bu səbəbdən gələcəkdə qaz təchizatı artırıla biləcək.
Məlum olduğu kimi, Rusiya ilə Ukrayna arasında davam edən müharibə Avropanın enerji təhlükəsizliyinə təhdid yaradıb. Ukraynada hərbi əməliyyatlar başlayandan bəri Avropanın enerji bazarında təbii qazın qiyməti artıb. Belə ki, ötən ilin dekabrında Avropa birjalarında təbii qazın qiyməti 30 faiz artaraq 1000 kubmetr üçün 560 dollardan 700 dollara yüksəlib. Bu vəziyyət Balkan dövlətlərini də düşündürür və onları enerji təhlükəsizliyinin təmin olunması üçün yollar axtarmağa vadar edir. Azərbaycan 2021-ci ilin iyulunda Avropa İttifaqı (Aİ) ilə imzaladığı müqaviləyə əsasən, 2027-ci ilədək Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya təbii qaz ixracının həcmini 30 milyard kubmetrə çatdıracaq. Ölkəmizin bir çox qlobal neft və qaz layihələri Şimali Makedoniyanın da maraq dairəsindədir. Azərbaycan həmçinin özünün uğurlu nəqliyyat-logistika layihələri vasitəsilə Şimali Makedoniyanın Avropa və Asiya arasında mühüm nəqliyyat dəhlizinə çevrilməsinə dəstək verə bilər. Bakı-Tbilisi-Qars dəmir yolu, Orta Dəhliz layihəsi bu baxımdan yeni əməkdaşlıq formatları üçün geniş imkanlar açır. Prezident İlham Əliyevin mətbuata bəyanat zamanı dediyi kimi, energetika sahəsində ikitərəfli formatda əməkdaşlıq bizim üçün çox önəmlidir və bu praktiki əməkdaşlıq digər sahələrdə də əməkdaşlığa gətirib çıxaracaq. Məlumdur ki, Cənub Qaz Dəhlizi, Trans Anadolu Qaz kəməri (TANAP), Trans Adriatik Qaz kəməri (TAP) layihələrində Azərbaycanın əməkdaşlıq etdiyi ölkələrin bir çoxunun da Şimali Makedoniya ilə yaxın əlaqələri mövcuddur
Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi xarici siyasət beynəlxalq müstəvidə ölkəmizin nüfuzunu artırmaqla yanaşı, iqtisadi və siyasi əlaqələrin inkişafına böyük töhfə verir. Azərbaycan və Şimali Makedoniya arasındakı münasibətlərin yalnız siyasi və iqtisadi deyil, humanitar aspekti də mühüm əhəmiyyət kəsb edir.
Ayaz Cəbrayılov,
Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri