Bu, həm fermerlər üçün həyati məsələdir, həm də bazarlarda bolluq yaratmaq deməkdir
Sərt iqlim şəraiti həmişə kənd təsərrüfatı istehsalı üçün ən böyük risk və təhlükə hesab olunub. Bundan başqa, plansız istehsal, dəyişən birja, məhsulun aşağı qiymətləri bu sahədə digər ciddi risklər yaradır. Yalnız riskləri diqqətdə saxlayaraq bütün bunlardan sığortalanmağı bacaran fermerlər uğur qazana bilərlər.
Xatırladaq ki, 2024-cü ilin yaz və yay aylarında ölkəmizdə havaların qeyri-sabit keçməsi kənd təsərrüfatına ciddi ziyan vurub. Xüsusilə həmin dövrlərdə davamlı yağan yağışlar, dolu düşmələri, ən dəhşətlisi isə sel sularının bütövlükdə əkin sahələrini basması meyvə ağaclarının çiçəklərini, tərəvəz və bostan bitkilərinin şitillərini yararsız hala saldı. Nəticədə ölkə fermerlərinin yetişdirdikləri kənd təsərrüfatı məhsullarının bir hissəsi məhv oldu. Təbii ki, bunun ən böyük zərəri fermerlərə dəysə də həm də bazarlarda qıtlıq və bahalıq yarandı.
Məlumdur ki, məhz hava şəraitinin qeyri-sabit keçməsi nəticəsində kənd təsərrüfatına dəyən ziyandan sonra sığorta məsələsi aktuallaşmağa başlayrb. Xüsüsilə fermerlərin əksəriyyətinin sığortası olmadığından belə vəziyyətlə qarşılaşdıqda ziyanı özləri qarşılamalı olurlar. Ona görə də son zamanlar ölkə fermerləri aqrar sığortaya maraq göstərməyə başlayıblar. Aqrar sığorta məsələsi «Aqrar sığorta haqqında» Qanunla tənzimlənir. 2019-cu ilin iyun ayında qəbul edilən sözügedən Qanun 2020-ci ilin yanvarın 1-dən qüvvədədi. İlk il üçün Aqrar Sığorta Fondunun (ASF) nizamnamə kapitalının formalaşması üçün dövlət büdcəsindən 1 milyon manat ayrılıb. ASF-nin mətbuata açıqlamasında bildirilir ki, Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi üzrə sığorta ödənişləri artır, sığortadan faydalanan fermerlərin sayı çoxalır.
2024-cü il ərzində müxtəlif hadisələr nəticəsində zərərlə üzləşmiş fermer və təsərrüfatlara Aqrar Sığorta Fondu tərəfindən 6 milyon 423 min manat məbləğində aqrar sığorta ödənişi edilib. Bu, Aqrar Sığorta Fondunun fəaliyyətə başlamasından sonra qeydə alınan ən böyük illik sığorta ödənişi məbləğidir. Əvvəlki illə müqayisədə aqrar sığorta ödənişləri 2 milyon manat və ya 46% artıb. Xatırladaq ki, 2023-cü ildə fermer və təsərrüfatlara ümumilikdə 4 milyon 407 min manat sığorta ödənişi edilib.
Ötən il fermerlərə sığorta ödənişlərindən 5 milyon 246 min manatı bitkiçilik sığortası, 1 milyon 177 min manat isə heyvandarlıq sığortası üzrə edilib. Hesabat ilində bitkiçilik sığortası üzrə ödənişlər 1,7 milyon manat və ya təqribən 50% artıb. 2023-cü ildə bitkiçilik sığortası üzrə ödənişlər 3,5 milyon manat təşkil edib. Hesabat dövründə heyvandarlıq sığortası üzrə ödənişlər isə 267 min manat və ya 29% artıb. Belə ki, 2023-cü ildə sığortalı heyvandarlıq təsərrüfatlarına dəyən zərər üzrə 910 min manat ödənilib.
2024-cü ildə bitkiçilik sahəsində ən çox hadisə və sığorta ödənişləri fırtına-qasırğa, sel-subasma və dolu hadisələri üzrə edilib. Ötən il fermer və təsərrüfatlara ən çox sığorta ödənişləri taxıl, pambıq və qarğıdalı əkinləri ilə yanaşı, üzüm, gilas, alma, badam və ərik bağları, eləcə də çəltik və qarpız sahələri üzrə edilib. Heyvandarlıq sığortası üzrə ən çox sığorta ödənişləri isə yoluxucu xəstəliklər, ot və yemdən zəhərlənmə, ilan və həşərat sancmalarına görə həyata keçirilib.
Xatırladaq ki, fermerlərə dəstək üçün aqrar sığorta haqqının 50 faizi dövlət tərəfindən qarşılanır. Nəticədə təsərrüfat sahibləri cüzi ödəniş etməklə öz təsərrüfatlarını sərfəli şərtlərlə sığorta edə bilirlər. Hazırda meyvə bağlarının şaxtavurma və sair risklərdən sığortası davam edir və Aqrar Sığorta Fondu fermerləri sərfəli şərtlərdən istifadə etməklə öz təsərrüfatlarını sığortalamağa dəvət edir. Meyvə bağlarını, əkin sahələrini, iri və xırdabuynuzlu heyvanları sığortalamaq üçün Aqrar Sığorta Fondunun 1651 Çağrı Mərkəzinə və Fondun bölgələrdəki filiallarına müraciət etmək kifayətdir. Həmçinin fermerlər təklif olunan sığorta zərfləri, təminat verilən risklər barədə ətraflı məlumatı və ödəyəcəkləri sığorta haqqının hesablanmasını fondun rəsmi vebsaytından öyrənə bilərlər.
Faktlardan və rəqəmlərdən də göründüyü kimi, kənd təsərrüfatında sığorta olduqca vacibdir. Çünki kənd təsərrüfatı digər sahələrlə müqayisədə daha riskli sahə olduğundan burada sığortasız gəlir əldə etmək çətindir. Təbii ki, belə bir şəraitdə aqrar sektor istehsalçıları normal sığorta təminatı əldə etsələr, onların investisiya cəlbedicilyi artacaq və sektora böyük həcmdə kredit qoyuluşu baş verəcək. Aqrar sahədə risk dərəcəsi yüksək olduğuna görə sahibkarların müvafiq risklərdən arzuedilən səviyyədə qorunması çox önəmlidir. Risklər sığortalanarsa kreditləşmə, investisiya qoyuluşu da stimullaşacaq. Heç bir ölkədə sığorta sistemi olmadan aqrar sahəyə kütləvi və davamlı kredit qoyuluşu olmur. Ona görə də bütün məsələlər ilk növbədə sığorta sisteminin normal işləməsindən asılıdır.
Xüsusi vurğulamaq lazımdır ki, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında kənd təsərrüfatının inkişafı üçün münbit şərait yaradılıb. Burada yaradılan bir neçə aqrropark və digər fermer təsərrüfatları da aqrar sığortanın üstünlüklərindən yararlanmağa başlayıblar. O cümlədən həmin ərazilərdə xarici investisiyalı aqrar müəssisələr də fəaliyyət göstərir. Həmin müəssisələrin nizamnamələrində aqrar sığortadan yararlanmaq da əsas prinsip kimi irəli sürülüb.
Ümumiyyətlə, aqrar sığortanın beynəlxalq təcrübəsinə diqqət etsək görərik ki, sığorta büdcəsi baxımından nümunə göstərə biləcəyimiz ölkələrdən olan ABŞ -da kənd təsərrüfatı məhsullarının sığorta haqqı 9,3 milyard, Çində 5,4 milyard, Hindistanda 2,8 milyard və Kanadada 1,3 milyard avrodur. Qardaş Türkiyədə isə bu göstərici 478 milyon avrodur.
Aydın görünür ki, indi qlobal səviyyədə belə, aqrar sığorta fermerlər üçün həyati məsələ kəsb edir. Bu prinsipə önəm verən fermerlər üçün kənd təsərrüfatında məhsuldarlığı və bazar problemini həll etmək daha asan olur.
Elçin Zaman, «İki sahil»