Martın 7-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq əmrinə əsasən Silahlı Qüvvələrin İntizam, Qarnizon və Qarovul Xidmətləri, habelə Daxili Xidmət nizamnamələrinin yeni layihələrinin hazırlanması məqsədilə yaradılan işçi qrupunun növbəti görüşü keçirilib.
“İki sahil” xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərliyi ilə keçirilən görüşdə Silahlı Qüvvələrin aidiyyəti qurumlarının məsul vəzifəli şəxsləri iştirak ediblər.
Görüşdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrdə aparılan uğurlu islahatlar, qazanılan uğurlar və tətbiq edilən yeniliklər nəzərə alınmaqla yeni hərbi nizamnamələrin hazırlanmasına dair geniş fikir mübadiləsi aparılıb.
Hərbi nizamnamələrin hazırlanmasında müasir dövrün tələbləri və inkişaf etmiş ölkələrin bu sahədə təcrübəsi nəzərə alınaraq perspektiv planlar müzakirə olunub.