24 fevral 2025 23:43
81

ÖMRÜNÜN 60-CI İLİNDƏ GƏNCLƏŞƏN ALİM

Alim ömrü həyatı və yaşantısı cəmiyyətin bütün dövrlər üzrə bəzəyi, işığı və gələcəyinin parlaq olmasına təkan olmaqdadır. Alimlər elmimizin təbliğatçısı, gündəlik fəaliyyətimizin isə etibarlı dayaq nöqtələridir. Çünki onlar biliklərinə, elmlərinə və təcrübələrinə görə cəmiyyət üzvlərinin bütün dövrlər üzrə istinad mənbəyi, güclü təsəllisi və ümid yeridir. Belə alimlərimizdən biri də, mənalı ömrünün bütün anlarını ölkəsi, Vətəni və elmi mühiti üçün yaşayan Cavanşir Zeynalovdur.

26 fevral 1965-ci ildə Ordubad rayonunun Biləv kəndində anadan olan Cavanşir Zeynalov 1972-ci ildə orta məktəbi bitirmişdir. Hələ şagird olduğu illərdən elmə və təhsilə olan marağı onu daha geniş elmi və pedaqoji mühitə səsləmiş, fəaliyyətini məhz bu sahədə qurmağa sövq etmişdir. Buna görə də 1982-ci ildə Azərbaycan Neft-Kimya İnstitutunda ali təhsil alaraq, daha geniş bir əhatədə mütəxəssis olaraq daha təkmil bir mövqe nümayiş etdirməyə başlamışdır.

1983-1985-ci illər ərzində Belarusiyada həqiqi hərbi xidmətdə olan Cavanşir Zeynalov, Vətənə döndükdən sonra 1989-1990-cı illər də Araz Elmi-Texniki Kompleksində əmək fəaliyyətinə başlamışdır. Burada fəaliyyət göstərərkən, həm ardıcıl və sistemli elmi tədqiqatların aparılması ilə məşğul olmuş, həm mühüm elmi nəticələrə gəlmiş, həm də sonrakı dövrlər üzrə daha geniş elmi fəaliyyət üçün baza formalaşdırmışdır. Məhz elm sahəsi üzrə göstərmiş olduğu xidmətlərin dövlətimiz tərəfindən qiymətləndirilməsinin nəticədir ki, 2017-ci ildə Cavanşir Zeynalova “Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi” fəxri adı verilmişdir.

Geridə qalan illərin təcrübəsi bir daha göstərir ki, Cavanşir müəllim müəyyən etdiyi hədəfləri son dərəcə məqsədyönlülüklə təsbit etmiş və bunda qətiyyən yanılmamışdır. Bunu tanınmış alimin elmi fəaliyyəti ilə yanaşı, həm də onun bu günlərə qədər müvəffəqiyyətlə həyata keçirmiş olduğu pedaqoji fəaliyyəti də bir daha sübut edir. Səmərəli elmi və pedaqoji fəaliyyətin vəhdətini təmin etməyi bacaran alim bir daha sübut edir ki, yaxşı mütəxəssis olmağın yolu zəhmətdən, mütaliədən, öyrənməkdən ibarət olmaqla, onu gənc nəslin yetişdirilməsində yüksək peşəkarlıqla istifadə etməkdən keçir.

Cavanşir müəllim sonrakı illərdə, yəni 1990-cı ildən etibarən öz mənalı həyatını Naxçıvan Dövlət Universitetinə bağlamış, bu ali təhsil ocağına öz doğma evi kimi can yandırmışdır. Buna görə də müxtəlif illərdə ali məktəbin formalaşmasında, inkişafında və uzunmüddətli perspektivlərinin müəyyən olunmasında laborant, baş laborant, müəllim, baş müəllim, kafedra müdiri və dekan olaraq fəaliyyət göstərmişdir. Sadalanan fəaliyyət sferaları üzrə olduqca mühüm nəticələr əldə edən alim həm də tələbələrin sevimlisi olaraq da böyük hörmət və rəğbət qazanmışdır. Öz ömrünü elmimizin və təhsilimizin inkişafı naminə şam kimi əridən Cavanşir Zeynalov çoxsaylı tələbələrin, elm və ziyalı mühitinin, həmçinin pedaqoji sahənin qüruruna çevrilmişdir. Bu illər ərzində, eyni zamanda, Cavanşir Zeynalov elmi və pedaqoji fəaliyyətinə görə də seçilmiş, xüsusilə də tələbələrin bilik və bacarıqlarının daha da təkmilləşməsində, onların daha etibarlı ixtisaslaşma ilə əhatə olunmasında mühüm fəaliyyəti olmuşdur. Bütün bunlarla da təbii olaraq, Cavanşir müəllim elə özü də ömrünün 60-cı ilində gənclərlə birlikdə gəncləşmişdir.

Cavanşir müəllim həm də cəmiyyətimiz tərəfindən hörmətlə qarşılanan və qəbul olunan elm adamıdır. Belə ki, 1996-cı ildə dissertasiyasını uğurla müdafiə edərək texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsini almış, 2000-ci ildə dosent elmi adına layiq görülmüşdür. Elm yollarında durmadan qətiyyətlə addımlayan Cavanşir Zeynalov 2013-cü ildə elmlər doktoru proqramı üzrə dissertasiya işini də uğurla müdafiə etmiş və hazırda isə müəllifi olduğu 5 kitab, 2 monoqrafiya və 120-dən çox elmi məqaləsi ilə Azərbaycan elminin daha da zirvələrə qaldırılmasına öz töhfələrini vermişdir. 2020-ci ildə Cavanşir müəllim elmi və pedaqoji fəaliyyətinin olduqca mühüm nəticəsi olaraq, professor elmi adına layiq görülməklə gənclərin bu sferalar üzrə səmərəli fəaliyyətlərinə mühüm nümunə olmaqdadır. Müasir Azərbaycan elminin və tədrisinin müvafiq sferalarında aktual hesab olunan sahələrin araşdırılmasında və səmərəli nəticələrin ortaya qoyulmasında Cavanşir müəllimin müəllifi olduğu məqalələr, əsərlər və gəlmiş olduğu qənaətlər malik olduğu səmərəliliyinı görə seçilməkdədir.

Cavanşir müəllimin müəllifi olduğu əsərlərin aid olduğu tədqiqat sahəsinə, mövzuların adlarına, predmet olaraq götürülən problemlərin məzmununa və mahiyyətinə, eyni zamanda, daha konkret olaraq gəlmiş olduğu nəticələr bütün dövrlər üçün aktualdır. Bütün bunları alimin müəllifi olduğu çoxsaylı kitablar, dərs vəsaitləri və monoqrafiyaların əhatə etmiş olduqları mövzulardan da görmək olar. Xüsusilə, onun “Kompüterlərin arxitekturası”, “Robototexnikanın əsasları” kimi dərs vəsaitləri müasir dövrün elm sahəsindəki tələblərinə olduqca mühüm cavab olaraq qiymətləndirilə bilər.

Cavanşir müəllim öz ixtisasını sevən və gənclərin, tələbələrin daha da savadlanmasına həsr edən bir alim olmaqla, yanaşı, gözəl ailə başçısı, nümunəvi valideyndir. Üç bacısı və üç qardaşı olan Cavanşir müəllim ailənin beşinci övladı olmuşdur. İki oğlan övladına ən başlıcası Vətən sevgisi olmaqla, ölkəmizin milli təhsilinin və elminin çoxsahəli sirlərini öyrətməklə, onaların da ziyalı mühitinin fəal nümayəndələri olaraq formalaşmasında zəhməti olmuşdur. Hörmətli Cavanşir müəllimi 60 illik yubileyi münasibətilə təbrik edir, uzun və bərəkətli ömür, möhkəm cansağlığı arzulayırıq.

Məftun Əliyev,
Naxçıvan Dövlət Universitetinin dosenti