24 fevral 2025 19:05
106

Sərhədyanı ərazilərdə telekommunikasiya qurğularının tikintisi qaydası dəyişib

Nazirlər Kabineti “Azərbaycan Respublikasının sərhədyanı ərazilərində, o cümlədən sərhəd çaylarında, Xəzər dənizinin (gölünün) Azərbaycan hissəsində telekommunikasiya vasitələrinin və qurğularının tikintisi, istismarı və qəza-bərpa işlərinin aparılması Qaydaları”nda dəyişiklik edib.

“İki sahil” xəbər verir ki, indiyə qədər qüvvədə olan Qaydaya əsasən, dövlət hakimiyyəti orqanlarının xüsusi təyinatlı telekommunikasiya şəbəkələri istisna olmaqla, Azərbaycan Respublikasının sərhədyanı ərazilərində, o cümlədən sərhəd çaylarında, Xəzər dənizinin (gölünün) Azərbaycan hissəsində telekommunikasiya vasitələrinin və qurğularının tikintisi, istismarı və qəza-bərpa işlərinin aparılması aidiyyəti dövlət orqanlarının (Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi, Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi rəyinə əsasən bu sahədə səlahiyyətli orqan olan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin icazəsi ilə həyata keçirilir.

Dəyişikliyə əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu sahədə icazə verən əsas səlahiyyətli orqan statusunu itirib, qeyd edilən digər dövlət orqanları ilə birlikdə sadəcə, razılıq verəcək. Başqa sözlə, dövlət hakimiyyəti orqanlarının xüsusi təyinatlı telekommunikasiya şəbəkələri istisna olmaqla, Azərbaycan Respublikasının sərhədyanı ərazilərində, o cümlədən sərhəd çaylarında, Xəzər dənizinin (gölünün) Azərbaycan hissəsində telekommunikasiya vasitələrinin və qurğularının tikintisi, istismarı və qəza-bərpa işlərinin aparılması aidiyyəti dövlət orqanlarının Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi, Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin razılığı ilə həyata keçiriləcək.

Əgər indiyə qədər Azərbaycan Respublikasının sərhədboyu zolağında telekommunikasiya vasitələrinin və qurğularının tikintisi, istismarı və qəza-bərpa işlərinin aparılması Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi, Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyinə və bu sahədə səlahiyyətli orqan olan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin müraciətinə əsasən Dövlət Sərhəd Xidmətinin icazəsi ilə həyata keçirilirdisə, artıq Azərbaycan Respublikasının sərhədboyu zolağında telekommunikasiya vasitələrinin və qurğularının tikintisi, istismarı və qəza-bərpa işlərinin aparılması Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi, Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin razılığı ilə həyata keçiriləcək.

İndiyə qədər qüvvədə olan qərara əsasən, nəzərdə tutulan işlərin aparılması üçün icazə almış ərizəçi icazə aldığı aidiyyəti dövlət orqanlarının, o cümlədən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin orqanlarının və vəzifəli şəxslərin aparılacaq işlərlə əlaqədar bütün sorğularını ətraflı məlumatlandırmalı və işlərin yoxlanılması üçün onlara şərait yaratmalı idi. Fəaliyyət zamanı Azərbaycan Respublikasının qanunvericiliyi və bu Qaydaların müddəaları pozularsa, bu halda buraxılmış nöqsanların aradan qaldırılması üçün müəyyən edilmiş vaxt ərzində icazəni verən səlahiyyətli orqan həmin icazəni dayandıra bilərdi. Nöqsanlar aradan qaldırılandan sonra həmin icazə qüvvəyə minirdi. Müəyyən edilmiş vaxt ərzində nöqsanlar aradan qaldırılmazsa, bu halda verilmiş icazə ləğv edilirdi. İcazənin verildiyi şəxsin fəaliyyəti zamanı yol verilən pozuntular dövlət sərhədinin mühafizəsinə maneçilik yaratdıqda, həmin şəxsin fəaliyyəti Dövlət Sərhəd Xidməti tərəfindən dayandırılırdı və bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məlumat verilirdi.

Dəyişikliyə əsasən, nəzərdə tutulan işlərin aparılması üçün icazə almış şəxs Azərbaycan Respublikasının dövlət sərhədində sərhədboyu zolaqda dövlət sərhədinin mühafizəsinin təmin olunmasına münasibətdə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətini aparılacaq işlər barədə məlumatlandırmalı və işlərin yoxlanılması üçün onlara şərait yaratmalıdır. Azərbaycan Respublikasının dövlət sərhədində sərhədboyu zolaqda fəaliyyət zamanı yol verilən pozuntular dövlət sərhədinin mühafizəsinin təmin olunmasına maneə yaratdıqda həmin fəaliyyət Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dayandırılacaq və bu barədə aidiyyəti dövlət orqanları məlumatlandırılacaq.