22 fevral 2025 22:58
130

“Global Media Group”a qarşı növbəti kiberhücum

“Global Media Group”a daxil olan onlayn resurslara qarşı növbəti genişmiqyaslı və hərtərəfli kiberhücum həyata keçirilib.

İki sahil” xəbər verir ki, bu barədə “Global Media Group” məlumat yayıb.

Qeyd edilib ki, bunun nəticəsində “Report.az”, “Oxu.az”, “Media.az”, “Baku TV”, "Caliber.az" və “Baku.ws” saytlarının fəaliyyətində müvəqqəti problemlər yaranıb: “Artıq ikinci dəfə baş verən bu kütləvi hücumu dəf etmək üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir. Hazırda saytların işinin tam bərpa olunması istiqamətində intensiv iş aparılır. Holdinqin IT komandası təhlükəsizlik tədbirlərini gücləndirərək, sistemin sabitliyini təmin etmək üçün çalışır”.

Bildirilir ki, qeyd olunan xəbər resurslarında yeni məlumatların yerləşdirilməsi 24 fevral tarixindən etibarən nəzərdə tutulur.

“Xüsusilə vurğulamaq istərdik ki, bu adi DDoS hücumu deyil, peşəkar şəkildə təşkil olunmuş, yüksək səviyyədə planlaşdırılmış kiberhücumdur. Hadisə ilə bağlı aidiyyəti dövlət qurumlarına rəsmi məlumat verilib və məsələ onların da ciddi nəzarətində saxlanılır.

Redaksiya heyətimiz tam gücü ilə fəaliyyətini davam etdirir və tezliklə saytlarımızın işini tam bərpa edəcəyik!”, - “Global Media Group”un açıqlamasında qeyd edilib.