18 fevral 2025 22:42
299

Beynəlxalq bazarlarda məsuliyyətli tədarükçü və etibarlı tərəfdaş

SOCAR-ın Türkiyədəki ən böyük aktivlərindən olan “Petkim” qardaş ölkənin ilk və yeganə inteqrasiya olunmuş neft-kimya kompleksi olmaqla yanaşı, həm də yerli sənaye sahələrinin ən mühüm xammal tədarükçülərindən biridir. 15 əsas zavod və 6 köməkçi emal müəssisəsindən ibarət kompleks ildə 3,6 milyon tonluq istehsal gücünə malikdir. “Petkim”in nəzdində aşağı sıxlıqlı polietilen, yüksək sıxlıqlı polietilen, polipropilen, polivinil xlorid, akrilonitril, etilen qlikol, saflaşdırılmış turşu, aromatik karbohidrogenlər, etilen-propilen, xlor qələvi, vinil xlorid monomer, plastik işlər və ftal anhidridi zavodları mövcuddur. "Petkim Liman" Modernizasiya layihəsinə 70 milyon ABŞ dolları, "Petkim Tullantı Su Qurğusunun İnkişafı" layihəsinə isə 20 milyon dollar sərmayə qoyulub.

İstehsal portfelində 60-dək neft-kimya məhsulu olan şirkət

İstehsal portfelində 60-dək neft-kimya məhsulu olan “Petkim” plastik, kimya, qablaşdırma, boru, boya, tikinti, kənd təsərrüfatı, avtomobil, elektrik, elektronika, toxuculuq, dərman və tibb ləvazimatları, yuyucu vasitələr, kosmetika kimi sahələri xammal ilə təmin edir. Şirkətin hədəfi yüksək keyfiyyətli neft-kimya məhsulları ilə ölkə iqtisadiyyatını daha da gücləndirmək, təkcə daxildə deyil, beynəlxalq bazarlarda da etibarlı, məsuliyyətli tədarükçü və tərəfdaş kimi lider bir markaya sahib olmaqdır.

50 ölkəyə neft-kimya məhsulunun ixracı

Türkiyənin ən böyük inteqrasiya olunmuş sənaye qrupu “SOCAR Türkiyə”, eyni zamanda İzmir, Əliağadaki bütün törəmə müəssisələrini əhatə edən ərazisi üçün Türkiyədə "Xüsusi Sənaye Zonası" adını alan ilk şirkət olub. Bu gün “Petkim” 50 ölkəyə neft-kimya məhsulunun ixracatını həyata keçirir. “Petkim” Türkiyənin neft-kimya məhsullarına olan ehtiyacının təxminən 11%-ni qarşılayır. Burada çalışan işçilərin sayı 2435 nəfərdir. Podratçılar da daxil olmaqla burada ümumilikdə 5000 nəfərdən çox insan çalışır.

58 illik tarixin xalis mənfəət rekordu

2018-ci ilin sonunda istismara verilən "Star" Neft Emalı Zavodu (NEZ) ilə yaratdığı sinerji “Petkim”ə logistika xərclərindən əldə etdiyi qənaətə əlavə olaraq, daha keyfiyyətli istehsal, əməliyyat proseslərində səmərəlilik, xammal tədarükünün təhlükəsizliyi və idarəetmə proseslərində birgə dəyər yaratmaq kimi anlayışlar gətirib. “Petkim”in dəyəryaradıcı proqramları və səmərəlilik layihələri satış və gəlirlərin sabit artımını təmin edib.

Qeyd etmək yerinə düşər ki, “Petkim” 2020-ci ildə Dünya İqtisadi Forumunun (WEF) “Global Lighthouse Network” platformasına seçilib. 2022-ci ilin sonunda şirkət 6,5 milyard TL ilə 58 illik tarixinin xalis mənfəət rekordunu qırıb. 2023-cü ildə “Petkim” TİM-in (Türkiyə İxracatçılar Məclisi) “Ən Yaxşı 1000 İxracatçı” siyahısında 40-ci yerə layiq görülüb.

“Petkim” 2023-cü ildə Egey Zonası Sənaye Palatasının (EBSO) “100 Ən Böyük Şirkət” siyahısında üçüncü yeri tutub. Egey İxracatçıları Birliklərinin (EIB) "2023 İxracatın Ulduzları" siyahısına görə “Petkim” həm ümumi, həm də kimya kateqoriyasında birinci olub. “Petkim”, həmçinin İstanbul Sənaye Palatasının (İSO) hazırladığı "Türkiyənin 500 Ən Böyük Sənaye Müəssisəsi 2023" siyahısında istehsaldan satışa görə 35,9 milyardlıq satışla 30-cu sırada yer alıb. “Petkim” Türkiyənin ən böyük 500 şirkətinin sıralandığı “FORTUNE 500 Türkiyə 2023” araşdırmasında 36-cı yeri tutub.

Bir faktı da bildirək ki, “Capital” jurnalının hər il dərc etdiyi və Türkiyənin ən böyük şirkətlərini siyahıya alan “Capital 500” siyahısında “Petkim” 2023-cü ildə 48-ci yerdə qərarlaşıb.

Bərpaolunan enerjiyə böyük töhfə

Bərpaolunan enerji potensialından səmərəli istifadə məqsədilə 2017-ci ildə istifadəyə verilən 51 meqavat gücündə “Petkim” Külək Elektrik Stansiyası (KES) bərpaolunan enerjiyə töhfə verir. “Petkim” KES hər biri 3 meqavat gücündə 17 külək turbini ilə ildə 200 giqavat elektrik enerjisi istehsal etməyi hədəfləyir. “Petkim” KES sənayedə təmiz enerji resurslarının sənayedə istifadəsi və karbon emissiyalarının azaldılması üçün uğurlu model nümayiş etdirir.

SOCAR-ın Baş Ofisinin qarşıya qoyduğu 2035-ci ilə qədər emissiyaları 20%, korporativ emissiya sıxlığını isə 30% azaltmaq, 2050-ci ildə isə xalis sıfır emissiyaya nail olmaq hədəfi “SOCAR Türkiyə”nin qrup şirkətlərindən olan “Petkim” və Star NEZ-dəkı dayanıqlılıq tətbiqlərini formalaşdırır. “SOCAR Türkiyə” tərəfindən Star NEZ və “Petkim”də 2023-cü ildə həyata keçirilən "Dəyər Mənim" Proqramı layihələri sayəsində ümumilikdə 197 min ton CO2 emissiyasının qarşısı alınıb.

 “SOCAR Türkiyə” 2050-ci ildə xalis sıfır emissiyaya nail olmağı hədəfləyir. Şirkət bu istiqamətdə karbonun azaldılması, bərpaolunan enerji istifadəsinin artırılması və dairəvi iqtisadiyyat tətbiqlərinin dərinləşdirilməsi üzrə işlərini davam etdirəcək. “SOCAR Türkiyə”nin qrup şirkətlərindən olan Star NEZ və “Petkim” Türkiyənin aşağı karbonlu iqtisadiyyata keçidinə əhəmiyyətli töhfələr verir və dayanıqlı gələcək üçün innovativ həllər təqdim etməyə davam edirlər.

Hədəf Avropanın ən əhəmiyyətli neft və kimya kompleksinə çevrməkdir

Qeyd edək ki, "SOCAR Türkiyə” qardaş ölkədə yeni neft-kimya müəssisələrinin yaradılmasına investisiya qoyuluşunu 7 milyard ABŞ dolları məbləğində qiymətləndirir. Qeyd olunan layihə çərçivəsində 2025-2026-cı illər ərzində ilkin layihələndirmə prosesləri (Pre-FEED və FEED) həyata keçiriləcəkdir. Bu proseslər başa çatdıqdan sonra yekun investisiya qərarı veriləcək və qeyd olunan layihə yeni müəssisələrin yaradılması və "Petkim"in bazasında hazırda istifadədə olan zavodların güclərinin inkişafını və artırılmasını nəzərdə tutur.

Bir sözlə, təkcə Türkiyənin deyil, Avropanın da ən əhəmiyyətli neft və kimya komplekslərindən birinə çevrilməyi hədəfləyən “Petkim” SOCAR-ın Azərbaycan və Türkiyə iqtisadiyyatına dəyər qazandıran uğurlu investisiya layihələrindən və mühüm istehsal güclərindən biridir. Bu layihə qardaş ölkələrin iqtisadiyyatına əhəmiyyətli gəlir gətirməklə yanaşı, Azərbaycanın beynəlxalq bazarlara çıxış imkanlarını genişləndirir, habelə Türkiyə iqtisadiyyatının idxaldan asılılığını azaldır, ölkənin büdcə kəsirinin azaldılmasına, iş həcminin artırılmasına mühüm töhfə verir.

Orxan Vahidoğlu, “İki sahil”