01 iyul 2025 01:58
119

İki rezident həbsdə: Biri Bakıda, digəri İrəvanda...

Rusiya vətəndaşı olan erməni oliqarx və milyarder, 44 günlük müharibə zamanı işğalçı ölkəyə qanunsuz silahlar göndərdiyi üçün Azərbaycanda haqqında cinayət işi açılmış Samvel Karapetyan Ermənistanda həbsdə saxlanır. O, erməni Apostol kilsəsini dəstəkləməkdə və Paşinyan hakimiyyətini devirməyə cəhddə günahlandırılır. Errməni toplumu Karapetyanı dəstəkləməsə də xaricdən, konkret olaraq Rusiyadan  onu müdafiə edənlər tapılıb. Ona görə ki, bu adam onların  öz “kadrlarından” biridir. ”Xoruzun quyruğu” da elə burada görünüb. Kremlin ən həyasız təbliğatçılarından olan Konstantin Zatulin ”işə” özü qarışıb:  “Nikol Paşinyan 2026-cı ilin iyununda yenidən necə qalib gələcəyi ilə bağlı baş sındırır. Bu məqsədlə də yeni kampaniyalara, o sırada erməni kilsəsinə qarşı mübarizəyə  başlayıb”. Rusiya Dövlət Dumasının MDB ölkələri ilə iş üzrə komitəsi sədrinin birinci müavini, Azərbaycanın qatı düşməni Konstantin Zatulin belə deyib. “Bir budaqda oturub min budağı silkələyən”  ermənilərin yaltaq təbliğatçısı  hesab edir ki, Samvel Karapetyan erməni xalqının lideri ola biləcək bir şəxsdir və Paşinyanın “qanunsuz” addımları ona özünü təkcə biznesmen və xeyriyyəçi kimi yox, həm də siyasətçi kimi təsdiqləmək şansı verir.

Səmimilikdən dəm vuran Zatulinin heç vaxt səmimi olmadığını hər kəsə məlumdur. O, Ermənistanın, Azərbaycanın və digər ölkələrin daxili işlərinə həyasızcasına burun soxmaqdan, ədalətsiz danışmaqdan  yorulmur. Həm də ağzından çıxanları “İncil”in kəlamı sayır. Bəlkə Paşinyan gedib iddialı Zatulindən seçkiyə qatılmaq üçün icazə almalıdır? Sonra o, şər yuvası olan ağzından qızışdırıcı laflar tökür: “Mən Samvel Karapetyanı yaxşı tanıyıram və əminəm ki, o, öz xristian kökündən, erməni kilsəsinə hörmətdən danışanda səmimidir.”

Qeyd edək ki, K. Zatulin sıradan bir deputat deyil, Prezident  Vladimir Putinin sədri olduğu hakim “Vahid Rusiya” Partiyasının üzvü, ən əsası dövlət adından göstəriş verən, xüsusi tapşırıqla Ermənistanda aranı qarışdıranlardan biridir. Ancaq iddiasında o, tək deyil. Bundan bir qədər əvvəl isə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova da Karapetyanı müdafiə edəcəklərini bildirmişdi. Aydın görünür ki, Samvel Karapetyan gələn ilki seçkilərdə hakimiyyəti ələ keçirməyə hazırlaşdırılır.

Ancaq iki ölkədə cinayətdə suçlandırılan,  Azərbaycanın isə beynəlxalq axtarışa verdiyi şəxsin hakimiyyət olimpinə qalxması mümkündürmü? Sivil ölkələrdə xeyr. Ancaq tarixən Ermənistanda yüksək vəzifələrə cinayət işlətmiş şəxslərin gətirilməsi adi haldır, yəni buna elə də əhəmiyyət verilmir, çünki bu ölkə terror dövlətidir. Haylar başkəsən qatilləri, terrorçuları həmişə milli qəhrəman kimi qələmə veriblər.

Xatırladaq ki,  Kreml oxşar çevriliş ssenarisini o zaman Qarabağ üzərindən öz vətəndaşı, milyarder Ruben Vardanyanla oynayıb onu İrəvanda hakimiyyətə gətirmək istəyirdi. Ancaq alınmadı və ifşa edildi.  İndi Bakıda digər hərbi cinayətkarlarla birlikdə mühakimə olunur.

Hazırda Moskvanın İrəvanda hakimiyyətə iddialı olan bu iki adamından biri Bakıda, digəri İrəvanda həbsdədir. Nəzərə alaq ki, Karapetyan böyük pullara və Ermənistanda biznesə sahib iş adamıdır. Deyilənlərə görə 4 milyard dolları var. Ən başlıcası isə Rusiya vətəndaşıdır. Yəni, Paşinyanın onu həbs etməsi Kremllə sövdələşmə predmeti ola bilər. Çünki Karapetyan Rusiya vətəndaşı olduğu üçün çox güman ki, onu uzun müddət həbsdə saxlaya bilməzlər. Bir yandan Putinin təzyiqləri artacaq, bir tərəfdən isə  hüquqi cəhətdən onun Rusiyaya ekstradisiyası məsələsi qaldırıla bilər. İptutanları Karapetyanı  həbsdən yalnız  belə azad edə bilərlər.

Bütün hallarda görünür, Rusiyanın bu planı da tam  iflasa uğrayıb. Konstantin Zatulin və onun kimiləri qarınlarını cırsalar da onların siyasi fırıldaqları keçmir . Üstəlik, Ermənistanda ictimaiyyətin əhval-ruhiyyəsi anti-Rusiyadır, o səbəbdən Moskva kimi namizəd sifətində ortalığa atmağa başlasa, dərhal ona qarşı  etirazlar başlayır. Agent-rezidentlər ölkə daxilindən dəstək ala bilmirlər. Samvel Karapetyan haqda bunu söyləmək bir qədər çətindir, çünki oliqarxdır, sadə ermənilərə pul xərcləyərək səsləri  satın ala bilər. Baş nazir Nikol Paşinyan da bunu bildiyi üçün bəri başdan ehtiyat tədirlərini görür.

Vəli İlyasov, “İki sahil”