Ölkəmizin qarşısında duran strateji hədəf Dünya Bankının müəyyən etdiyi ən yüksək indikator - “yüksək gəlirli ölkə”lər qrupunda yer almaqdır
Müstəqil Azərbaycan iqtisadi, sosial, siyasi və mədəni inkişafının tarixi yüksəliş mərhələsini yaşayır. Son 21 ildə ölkədə həyata keçirilən məqsədyönlü sosial-iqtisadi islahatlar milli iqtisadiyyatın güclənməsini və müasirləşməsini təmin etmişdir. Dinamik inkişaf nəticəsində ölkə iqtisadiyyatının həcmi 3 dəfədən çox böyümüş, güclü sosial-iqtisadi infrastruktur yaradılmış, pozitiv demoqrafik artım şəraitində yoxsulluq səviyyəsi əhəmiyyətli dərəcədə azalmışdır. Mövcud maliyyə imkanları tarixi maksimuma çatdırılmış və ölkə yuxarı orta gəlirli dövlətlər qrupunda möhkəmlənmişdir. Prezident İlham Əliyev bununla bağlı demişdir: “İl ərzində valyuta ehtiyatlarımız təqribən 5 milyard dollardan çox artıb və bu gün bu rəqəm 72 milyard dollara bərabərdir. Əhalisi 10 milyon olan ölkə üçün bu, çox böyük göstəricidir. Çünki hər şey müqayisədə ölçülür. Dünya ölkələrinin valyuta ehtiyatlarının hesablanması, əlbəttə ki, adambaşına düşən ehtiyatlara söykənməlidir və bu göstəriciyə görə Azərbaycan dünyada aparıcı ölkələrin sırasındadır. İkinci vacib göstərici ümumi daxili məhsulun xarici borca olan nisbətidir. Hesab edirəm ki, biz burada da dünyada liderlər sırasındayıq. Çünki bizim xarici borcumuz ümumi daxili məhsulumuzun cəmi 7.2 faizini təşkil edir. Müqayisə üçün deyə bilərəm ki, əksər inkişaf etmiş ölkələrdə bu, 100 faizdən də çoxdur və 7.2 faiz səviyyə doğrudan da çox böyük nəticədir. Məhz buna görə, mən hesab edirəm ki, beynəlxalq reytinq agentlikləri Azərbaycana daha ədalətli mövqe nümayiş etdirməlidirlər. Əlbəttə ki, valyuta ehtiyatlarının xarici borcla müqayisəsi də önəmli amillərdən biridir. Burada da bizim valyuta ehtiyatlarımız xarici borcumuzu 14 dəfə üstələyir.”
Bu günlərdə Bakıda Dünya Bankının (DB) “Dünyanın İnkişafı haqqında” (World Development Report - WDR) hesabatının təqdimat mərasimindəki çıxışında Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays bildirib ki, Azərbaycanda 30 ildə adambaşına düşən gəlir 60 dəfə artıb. 1993-cü ildə Azərbaycanda adambaşına düşən gəlir 110 dollar idisə, hazırda bu rəqəm 6 min dolları ötüb. 2023-cü ildə Azərbaycan “orta gəlirli” iqtisadiyyata çevrilib və bu rəqəmi 60 dəfə artıraraq 6700 dollara çatdırıb. Azərbaycanda hazırda ÜDM adambaşına 8000 dollara yaxındır.
Mərasimdə çıxış edən Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib ki, 30 il ərzində Azərbaycan müasir inkişaf etməkdə olan ölkəyə çevrilməyə müvəffəq olub. “Azərbaycan hazırda 54 orta gəlirli ölkələr sırasındadır. “Bu, qısa müddətdə çox əla nailiyyətdir. Bildiyiniz kimi, 90-cı illərdə ÜDM-in yarısından çoxu itirilmişdi. 1992-ci ildə Dünya Bankı ilə əməkdaşlığa başladıqdan sonra Azərbaycan çox ciddi transformasiyadan keçib. Dünya Bankı Azərbaycanın çox ciddi tərəfdaşı olub, o cümlədən səhiyyə, kənd təsərrüfatı sahələrində layihələrində həyata keçirilməsində çox yaxından iştirak edib. Dünya Bankı gələcəkdə innovasiyaların dəstəklənməsində bizim əsas tərəfdaşlarımızdan biri olaraq qalacaq”.
Dünya Bankı ilə sıx əməkdaşlığın maliyyə-bank sektorunda mühüm nəticələr verdiyini diqqətə çatdıran Mərkəzi Bankın (MB) sədri Taleh Kazımov qeyd edib ki, Azərbaycan ötən illərdə sürətli iqtisadi inkişafa nail olub, son 20 ildə iqtisadiyyat təxminən 3,8 dəfə, o cümlədən qeyri-neft sektoru 3,7 dəfə böyüyüb, ümumi ixracımız və qeyri-neft ixracımız müvafiq olaraq 7,8 və 6,3 dəfə, iqtisadiyyatımıza investisiya qoyuluşu 4,4 dəfə artıb. Bu dövrdə maliyyə sektorunda yığım imkanları güclənib, ölkəmizin strateji valyuta ehtiyatları ümumi daxili məhsulun 95 faizinə bərabərdir. Azərbaycanın qarşısında duran strateji hədəf çağırışı DB-nin müəyyən etidyi ən yüksək indikatora - “yüksək gəlirli ölkə”lər qrupunda yer almaqdır. Hədəf adambaşına düşən ÜDM-i 10 min dollara çatdırmaqdır.
Bunların fonunda qeyd edək ki, Azərbaycan hazırda postpandemiya və postkonflikt dövründə keyfiyyətcə yeni olan və 2022‒2030-cu illəri əhatə edən strateji inkişaf mərhələsindədir. Bu strateji dövrdə yeni nəsil struktur və institusional islahatlar vasitəsilə iqtisadi artımın müasir və dayanıqlı mənbələrinin hərəkətə gətirilməsi, milli iqtisadiyyatın innovasiya yönümünün və maliyyə dayanıqlığının daha da gücləndirilməsi, ölkə iqtisadiyyatının qlobal dəyər zəncirinə səmərəli inteqrasiya yolu ilə Azərbaycan dövləti öz qüdrətini daha da artırmaqla yüksək rifah cəmiyyətinin qurulması istiqamətində yeni hədəfləri gerçəkləşdirmək əzmindədir. Məhz bu məqsədlə "Azərbaycan‒2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"ə əsaslanan "2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın reallaşması ilə 2026-cı ilin sonuna ölkə iqtisadiyyatında əhəmiyyətli dəyişikliklərin baş verəcəyi, iqtisadi artımın tamamilə yeni keyfiyyət amilləri bazasında formalaşacağı, xüsusilə prioritet sahələrdə artım templərinin sürətlənəcəyi, iqtisadiyyatın və məşğulluğun dayanıqlığının daha da güclənəcəyi gözlənilir. Belə vəziyyətdə Azərbaycanın yüksək gəlirli ölkə statusu əldə etməsi daha da asanlaşır. O da faktdır ki, uzunmüddətli artımın əsas amilləri qeyri-enerji sektorunda məhsuldarlığın yaxşılaşdırılması və insan kapitalının yaradılmasıdır. Struktur transformasiyanı sürətləndirən və səmərəsizliyi azaldan daha iddialı islahatlar kompleksi məhsuldarlığı və orta gəlirləri daha da artıra bilər.
Sevinc Azadi, “İki sahil”