31 yanvar 2025 01:57
103

Haylar sülh şəraitində yaşamağa adət etməyiblər

Bakını bombalamağa çağıran həyasız yenə sarsaqladı

“Düşünmürəm ki, Ermənistan Rusiya üçün əvvəlki əhəmiyyətini itirib”.

Bu fikri Ukrayna müharibəsinin birinci ilində Bakını bombalamağa çağıran rusiyalı politoloq Mixail Aleksandrov Ermənistan mətbuatına son açıqlamasında söyləyib.

O, sözünə davam edərək bildirib ki, Abxaziya və Cənubi Osetiyadakı Rusiya hərbi bazaları nə qədər əhəmiyyətli olsa da, Ermənistandakı baza daha vacibdir. Ona görə ki, Ermənistan sayəsində Rusiya Türkiyə ilə Azərbaycanı bir-birindən ayıra bilir.

Bu, təzə fikir olmayıb Rusiyanın müstəbid  çarı I Pyotrun üç yüz il əvvəl etdiyi sərsəm vəsiyyətlərin təkrarıdır. Özünü politoloq adlandıran təxribatçı  Mixail isə tutuquşu kimi “dəli Petro”nun sərsəmləməsini yada salır. Deməli, xalqların birgəyaşayışını, dostluq əlaqələrini bunların başı götürmür. Xüsusilə də Türkiyənin sıçrayışlı inkişafını, dünyanın hərbi güclərindən birinə çevrilməsini həzm edə bilmirlər.

O, “Türk qövsünün bağlanmasının və Türkiyənin Xəzər dənizinə çatmasının, vahid türk birliyinin yaradılmasının” qəbuledilməz olduğunu açıq şəkildə bəyan edib. Müharibə ritorikasından danışan politoloq xalqını belə qınamaqdan utanmır:  "Rusiyada bir çox insanlar bütün bunları başa düşmürlər". Görürsünüzmü, bu Mixail o qədər həyasızlaşıb ki, hətta öz xalqını belə alçaltmaqdan çəkinmir.

Sözlərindən belə anlaşılır ki, Rusiyanın başının qarışıq olması başqa niyyətlərin həyata keçirilməsinin qarşısını alır. Mişa isə tələsir, əsəbilik keçirir,  daha sonra bəyan edir ki, Ukraynada hərbi əməliyyatlar Rusiyanın əl-qolunu bağlayıb: “Ancaq Ukraynadakı münaqişə başa çatdıqdan sonra Moskvanın diqqəti Cənubi Qafqaza yönələcək”. Bütün bunlar onu göstərir ki, adı çəkilən ölkə avantüranın tüğyan etdiyi bir neofaşist dövlətinə çevrilib. Ona görə belə deyirik ki, Rusiyada bu cür yırtıcı xarakterdə olanlar saysız-hesabsızdır.

Qeyd edək ki, Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) aparıcı eksperti vəzifəsini tutan Mixail  Aleksandrovun əvvəllər Azərbaycanla bağlı təxribatçı açıqlamalarından sonra işdən qovulduğu barədə məlumatlar yayılmışdı. Biabırçılıqla işdən qovulmasına baxmayaraq  o, qafasında iylənmiş şovinist fikirlərdən əl çəkə bilmir. Mişa hələ də anlamır ki, Cənubi Qafqaz ölkələri azad və sərbəst yaşamaq istəyirlər. 1991-ci ildən sonra keçmiş SSRİ düşərgəsində zorla birləşdirilmiş xalqlar  yenidən əsarət altına düşmək istəməzlər. Onlar azadlığın şirinliyini dadıblar və bir daha əldən verməzlər. Bu, xalqların haqqıdır.

Təəssüf  ki, iyirmi birinci əsrdə yaşasaq da şovinistlər özlərini çar və Sovet imperiyalarının işğalçı varisləri kimi aparır, “köhnə məkanda”  jandarm rolunu oynamağa çalışırlar. Onlar seçki keçirən xalqlara “siz kimsiniz ki, dövlət başçısı  seçəsiniz, burada həlledici söz də, təyin etmək də bizim işimizdir” mesajını göndərirlər. Amma düşünmürlər ki, dünyanın yarısının xalqları “qırmızı şeytanlar”dan yaxa qurtardıqları günü bayram etdilər. Milli mənliyi olan heç bir xalq bir daha öz qollarını qandala keçirməz. Mixail Aleksandrov və onun kimiləri xam xəyallardan ayıla bilməyiblər. Ancaq  zaman dəyişib heç bir xalq qanı tökülə-tökülə qazandığı müstəqilliyi elə-belə, kiminsə gözağartması ilə əldən verməz. Sovet ordusunun Özbəkistanda, Qazaxıstanda, Gürcüstanda, Moldovada, Baltikyanı ölkələrdə və Azərbaycanda axıtdığı qanlardan sonra hansı üzlə yeni ittifaqdan danışırlar?

İmperiya niyyətlərinin nəticəsidir ki,  Kremlin nəzarətində olan KİV-lər uzun illərdir Ermənistanın yanında durub Azərbaycan əleyhinə qarayaxma kampaniyası aparır. Rusiya ərazisində “AZAL” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin vurulması ilə bağlı həqiqət ortada olduğu halda, gah “quş sürüsü”, gah pilotun Aktauya uçmaqla bağlı müstəqil qərar verdiyi kimi göydəndüşmə versiyaları irəli sürürlər. Lakin bu informasiyalara Azərbaycan narazılıq bildirməli ikən, yanvarın 27-də Moskvadakı səfirimiz Rəhman Mustafayev Rusiya Xarici İşlər Nazirliyinə dəvət olunub və onu nazir müavini Mixail Qaluzin qəbul edib. Görüş zamanı nazir müavini Azərbaycan mətbuatında Rusiyaya qarşı irəli sürülən ittihamların əsassız olduğunu bildirib. Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasına görə, son günlər Azərbaycan mətbuatında Rusiyaya qarşı yayımlanan yazılar, eləcə də Bakıda fəaliyyət göstərən “Rus Evi”nə qarşı aparılan kampaniyalar narahatlıq doğurub. Nazirlik bu yazıları dezinformasiya adlandıraraq, ittihamların heç bir əsasının olmadığını qeyd edib. Görün dünyada dezinformasiya yaymaqda tayı-bərabəri olmayanlar kimi günahlandırır? Buna el arasında “adımı sənə qoyum, səni də yana-yana qoyum”deyirlər.

Nazir müavini Mixail Qaluzin, faciənin bütün hallarının aydınlaşdırılması üçün rəsmi araşdırmanın başa çatdırılmasının və nəticələrin açıqlanmasının zəruri olduğunu vurğulayıb. Sərnişin təyyarəmizi raketlə vurub öz səhvini etiraf etməyən Rusiya Azərbaycan mətbuatında yayımlanan tənqidi  yazılardan narahatdır. Səfirimiz qeyd edib ki, Azərbaycan, həmçinin Rusiya rəhbərlərinin bu hadisəyə obyektiv münasibət göstərməməsindən və bu ölkənin mediasının Azərbaycana qarşı qərəzli kampaniyalar aparılmasından narazıdır. Rusiya Azərbaycanla münasibətlərə azacıq da olsa əhəmiyyət verirsə, öz səhvlərini etiraf etməli, qəzaya səbəb olan təyyarə insidenti ilə bağlı üzr istəməli və zərərçəkmiş insanların ailələrə kompensasiya ödəməlidir.

Araları qarışdırmaqda mahir olan siyasi avantürist Mixail Aleksandrov və onun kimiləri isə nəhayət, zorbalıqlarını yerə qoyub düşünməlidirlər ki, biz daha SSRİ-də yaşamırıq, müttəfiqlik isə belə olmur. Müttəfiqlər öz aralarında tam səmimi olmalıdırlar. Səmimilik olmayan yerdə isə heç nə olmaz. Bizdə belə bir deyim var: “Dost dosta tən gərək, tən olmasa gen gərək.”

Vəli İlyasov, “İki sahil”