28 yanvar 2025 23:27
244

Ohanyan yenə də sayıqladı

Ermənistan ordusunun yaradılmasının 33-cü ildönümü münasibətilə keçirilən tədbirlərdə məğlub ordunun şəninə o ki var təriflər yağdırılıb. Keçmiş müdafiə naziri, ölkə parlamentindəki müxalifətçi “Hayastan” fraksiyasına rəhbərlik edən Seyran Ohanyan isə “Facebook” səhifəsində Ermənistan ordusunu utanıb-qızarmadan məğlubedilməz ordu kimi xarakterizə edib. Üstəlik, “məğlub olan ordu deyil, bu hakimiyyətin rəhbərlik etdiyi dövlətdir” deyən Ohanyan Azərbaycanı hədələyən bəyanatla da çıxış edib. Ermənistan silahlı qüvvələrinin keçmiş şöhrətini bərpa edəcəyini, yeni və şanlı qələbələr tarixini yaza biləcəyini vurğulayan Ohanyan bildirib: “…düşmən bizim zərbəmizin gücünü yenə görəcək”.

Deyəsən, Ohanyanın könlünə yenə dəmir yumruq düşüb. Əks halda, o, belə sərsəmləməzdi. Halbuki, Ohanyan da Azərbaycan ordusunun gücünə yaxşı bələddir. O ordunun ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində Ermənistanın işğalı altında olan torpaqlarımızdan işğalçıları, o cümlədən Ohanyanı iti qovan kimi qovub çıxarıb. Yeri gəlmişkən Prezident İlham Əliyev çıxışlarının birində demişdi: “Ermənilər bir neçə mif uydurmuşdular ki, onların ordusu “yenilməz ordu”dur və onların ordusu bu torpaqları əbədi işğal altında saxlaya bilər. Biz bu mifi dağıtdıq. Erməni ordusu yoxdur bu gün. Erməni ordusu tamamilə məhv edildi. Erməni ordusunun silah-sursatlarının mütləq əksəriyyəti məhv edildi, ya da ki, qənimət kimi götürüldü və indi Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Biz erməni ordusunu “yenilməz ordu” kimi təqdim edən mifologiyaya son qoyduq”. Dövlətimizin başçısı, həmçinin vurğulamışdı ki, Xocalı soyqırımında ən fəal rollardan birini oynayan keçmiş müdafiə naziri Şuşadan güclə canını qurtardı, son anda canını qurtardı. Şübhəsiz, Prezident İlham Əliyev “Şuşadan güclə canını qurtaran keçmiş müdafiə naziri” deyərkən fərari S.Ohanyanı nəzərdə tuturdu.

O ordunun ki, Qarabağda Ermənistan ordusunun tör-töküntülərinə və separatçılara qarşı həyata keçirilən 23 saat 43 dəqiqəlik lokal xarakterli antiterror tədbirləri zamanı düşmənə qan uddurub və bölgədə yeni reallıqlar yaradıb. Nə yazıq ki, Ohanyan və onun kimi düşünənlər bu reallıqları hələ də dərk etmək istəmirlər. Yəni, xaricdəki havadarlarının, xüsusilə Fransanın dəstəyi ilə Cənubi Qafqazda yeni müharibə ocağı qalamağa cəhdlər edirlər.  Bu mənada Ohanyan unutmasın ki, onun cəhdləri əbəsdir. Çünki bu gün Azərbaycan Ordusu dünənkindən daha güclüdür.

Yeri gəlmişkən onu da qeyd edək ki, bu Xocalı qatili, normal düşüncə sahibi olmayan Ohanyan vaxtaşırı jurnalistlərə müsahibələr verir və sadə erməni xalqını Azərbaycan əleyhinə qaldırmağa çalışır. Bütün bunlar bir daha göstərir ki, Ermənistanda Ohanyan kimi revanşist qüvvələr hələ də iş başındadırlar. Bu da Ermənistanın hələ də müharibə ab-havasında olmasından bir daha xəbər verir.

Qeyd edək ki, S. Ohanyan Azərbaycan xalqına qarşı törətdiyi əməllər səbəbindən ölkəmizə yaxşı tanışdır. Təkcə bir faktı xatırladaq ki, o, keçmiş sovet ordusunun Xankəndidə dislokasiya olunmuş 366-cı motoatıcı alayının ikinci motoatıcı taborunun komandiri kimi mayor rütbəsində 1992-ci ilin fevralında Xocalı soyqırımının törədilməsində iştirak edib. O, 2008-2016-cı illərdə Ermənistanın müdafiə naziri olub. İkinci Qarabağ müharibəsinin sonlarında Şuşanın “müdafiəsi” S. Ohanyana tapşırılıb. Lakin o, Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyatlardan təşvişə düşərək öz qrupu ilə maşınına minərək şəhərdən qaçıb. Bir məsələni də vurğulayaq ki, işğal dövründə S. Ohanyanın birbaşa rəhbərliyi altında “Ohanyan səddi” də qurulmuşdu. Haylar həmin müdafiə xətti ilə çox öyünürdülər. Amma Azərbaycan Ordusu hələ 2016-cı ilin Aprel döyüşləri zamanı qısa zaman kəsiyində həmi səddi aşmaqla və Lələtəpə yüksəkliyinin ələ keçirməklə qarşısında heç bir səddin davam gətirməyəcəyini sübut etmişdi.

Bu məqamda Prezident İlham Əliyevin aşağıdakı sözlərini də xatırlamaq yerində düşər: “Ancaq Ermənistanda revanşist qüvvələr yenə baş qaldırır, biz istənilən vəziyyətə hazır olmalıyıq və elə bir ordu yaratmalıyıq ki, dünya miqyasında nümunəvi olsun və ən güclü ordulardan biri olsun”.

Qvami Məhəbbətoğlu, “İki sahil”