Kremlin göstərişi ilə başlayan ucuz qarayaxma kampaniyası əsassız arqumentlər, yersiz müqayisələrlə münasibətlərə kölgə salır
Son günlər Rusiyanın hakim dairələri ilə əlbir olan, Kremldən sifariş alan bu ölkənin bir sıra media orqanları Azərbaycana qarşı qarayaxma kampaniyası aparırlar. Rusiyadakı bəlli dairələr bütün güclərini səfərbər edib təyyarə qəzası ilə bağlı məsələdə özlərini müdafiə etmək taktikasına əl atır, inhisarlarında olan mətbuat orqanları vasitəsilə əməllərinə bəraət qazandırmağa çalışırlar. Bütün bunlar isə iki dövlət arasında münasibətlərə kölgə salmaqdan başqa bir şey deyil. Şübhəsiz, baş verənlər, ölkəmizə qarşı təhqir kampaniyası Azərbaycanla Rusiya münasibətlərində qarşılıqlı etimada ciddi zərbə vurur. Rusiya Prezident Administrasiyasından bu ölkə mediasına verilən tapşırıqla başlayan qarayaxma kampaniyası primitiv metodlarla həyata keçirilir. Çünki haqlı deyillər, gətirdikləri arqumentlər əsassız, müqayisələri yersizdir. Axı, 2020-ci ilin noyabrında Rusiyaya məxsus helikopterin vurulması ilə AZAL-a məxsus sərnişin təyyarəsinin vurulması arasında necə paralelik aparmaq olar? Və yaxud 2023-cü ildə həyata keçirilən antiterror əməliyyatı zamanı Qarabağda rusiyalı sülhməramlıların ölümü ilə bağlı məsələni yenidən aktuallaşdırmaqda məqsəd nədir? Rusiya tərəfi niyə unudur ki, antiterror əməliyyatı başlanan zaman Azərbaycan tərəfi sülhməramlıları əvvəlcədən xəbərdar etmişdi. Niyə bunu yada salmırsınız? Əvvəlcədən xəbərdar olunduğunuz halda əsgərlərinizin əməliyyat gedən ərazidə nə işi vardı?
Kremldən verilən göstəriş əsasında qarayaxma kampaniyasına start verilib
Məsələni “İki sahil”ə dəyərləndirən Milli Məclisin deputatı Azər Badamov bildirdi ki, Rusiya Azərbaycanla münasibətdə heç vaxt səmimi olmayıb. Bu baxımdan Azərbaycan təyyarəsinin Qroznı səmasında vurulmasının məsuliyyəti məsələsində də səmimi deyil. Belə ki, qarşılıqlı hörmət etdiyi suveren dövlətlərin etdiyi kimi Rusiya da hərbi hava qüvvələri tərəfindən vurulmuş mülki təyyarəyə görə Azərbaycandan rəsmi şəkildə üzür istəməli, təyyarənin dəyəri ödənilməli və həlak olanların ailələrinə kompensasiyalar verməlidir. Amma Rusiya mətbuatı Kremldən aldığı tapşırığa əsasən Azərbaycana qarşı qarayaxma kampaniyasına başlayıb. Diqqət etsək görərik ki, Rusiyada 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanla şərti sərhəd ərazidə Ermənistanın hərbi kolonunu müşayiət edən helikopterin vurulması və 20 sentyabr 2023-cü ildə keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı məlumatlandırma olmasına baxmayaraq qəsdən hərəkətə keçmiş rus əsgərlərinin erməni əsgəri olduğu düşünülərək səhvən vurulması yenidən gündəmə gətirilir və ölkəmizə qarşı haqsız ittihamlar səsləndirilir. Əvvəla onu qeyd edək ki, helikopterin sərhədimizdə vurulmasının günahı Rusiya hərbiçilərin özlərində idi. Axı, müharibə gedən ərazidə erməni kolonunu rus helikopteri niyə müşayiət etməli idi? Amma rəsmi Bakı konfrontasiyaya getməyərək helikopterin dəyərini Rusiyaya ödədi və həlak olanların ailələrinə də kompensasiyalar verdi. Eyni addımı indi Rusiya tərəfi də atmalıdır. Biz demirik ki, Rusiya təyyarəmizi qəsdən vurub. Amma təyyarəmiz Rusiya səmasında, bu ölkənin hərbi hava qüvvələri tərəfindən vurulub və buna görə də Rusiya məsuliyyət daşıyır. Çox təəssüfləndirici haldır ki, Rusiyanın media resurslarında Kremldən verilən göstəriş əsasında Azərbaycana qarşı qarayaxma kampaniyasına start verilib. Bununla da təyyarəmizin vurulması ilə bağlı məsələdə diqqəti əsl məqsəddən yayındırmağa çalışırlar.
Bu, düşmənçilik siyasəti deyilmi?..
Amma biz tarixi unutmuruq. Unutmuruq ki, Rusiya həmişə ermənilərə dayaq duraraq torpaqlarımızda bizə qarşı soyqırımların törədilməsinə dəstək verib. 1805-ci ildə çar Rusiyası tərəfindən Qarabağ xanlığının işğal edilməsi və Qarabağ xanının ailəsi ilə bir yerdə qətlə yetirilməsi, 1920-ci ildə Rusiyanın Azərbaycanı işğal etməsi və bolşeviklərin ermənilərlə əlbir olaraq törətdikləri soyqırımlar, 1924-cü ildə Qarabağda ermənilər üçün muxtariyyəti yaratmaqla Azərbaycana uzun bir tarixi əhatə edən bəlanın yapışdırılmasını unutmamışıq. 1990-cı ilin 20 yanvarında ermənilərin də daxil edildiyi vəhşi ordunun dinc sakinlərimizin üzərinə yeridilməsi və qətliamın törədilməsi, 336-cı motoatıcı briqadanın iştirakı ilə Xocalı soyqırımın törədilməsi, 30 il torpaqlarımızın işğalda qalmasına dəstək verilməsi, 44 günlük müharibə zamanı erməniləri silah və canlı qüvvə ilə təmin etməsi, Qarabağı Azərbaycanın suveren ərazisi kimi tanınmasına görə Paşinyanı dəfələrlə ittiham etməsi və sairə hərəkətləri Rusiyanın uzun bir tarixi dövrdə ölkəmizə və xalqımıza qarşı apardığı düşmənçilik siyasəti deyilmi?..
Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş siyasət nəticəsində Azərbaycan Rusiyanın Ermənistana dəstəyinə baxmayaraq tarixi Zəfərə imza atdı və ərazi bütövlüyünü, bütün ərazilərində suverenliyini bərpa etdi. Əgər Rusiya Azərbaycana qarşı qarayaxma və ittiham kampaniyasını davam etdirərsə Azərbaycanın da Rusiyaya deyəcəyi və tələb edəcəyi çox şey olacaqdır. Yaxşı olardı ki, Rusiya rəhbərliyi baş vermiş hadisəni düzgün dəyərləndirərək iki ölkə arasında münasibətlərin qorunub saxlanılmasını dəstəkləsin. Bu gün onsuz da Rusiya dünyada tərəfdaşlarını itirərək demək olar ki, təklənib. Bu baxımdan yaxın qonşusu Azərbaycanla da münasibətlərin pisləşməsi Rusiyanın marağında deyil.
Rusiyanın əsl niyyəti üzə çıxar...
Politoloq Şəbnəm Həsənova “İki sahil”ə açıqlamasında bildirdi ki, Azərbaycan xalqı tarixini də, taleyini də yaxşı bilir. Qarabağda yaşanan faciələrin əsası haradan başladı? Qarabağ xanlığının əsasını qoyan Pənahəli bəyin oğlu İbrahimxəlil xanın və ailəsinin öldürülməsi, qətllər və istilanın İrəvan və Gəncəyə keçməsi, 1920-ci il hadisələri, Azərbaycan xalqının qatı düşməni Mikoyan başda olmaqla Bakı bolşeviklərinin Azərbaycan xalqı adından XI rus ordusunu Azərbaycana dəvət etmələri, aydınlarımıza, xalqımızın düşünən beyinlərinə qarşı amansızca həyata keçirilən təqiblər, cinayətlər, kütləvi repressiyalar, Sovet Rusiyasının ermənilərin azərbaycanlılara qarşı düşmənçiliyindən hər vəchdə məharətlə istifadə etməsi, 1988-ci il Azərbaycana qarşı başlanan iddiaların arxasında Kremlin dayanması heç vaxt unutmadığımız tarixdir. Xocalı soyqırımında 366-cı motoalayın iştirakını təmin etməklə, əslində, insanlıq əleyhinə vəhşəti törətməkdə birbaşa əli olan, 20 yanvarda tankları üstümüzə yürüdən kim və kimlər idi? Bu gün əgər Rusiya mediasında 20 Yanvarla bağlı hadisələrin təhrif olunması az deyilmiş kimi, hələ üstəlik Azərbaycana qarşı olduqca çirkin, qansız bir kampaniyaya start verilibsə, Azərbaycan da 20 Yanvar qırğınında iştirak etmiş, adları, rütbələri yaxşı bilinən keçmiş rusiyalı hərbçilərin cəzalandırılmasını və təhvil verilməsini tələb edə bilər. Tarixi torpağımız olan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasına görə müharibədən sonra Rusiya prezidentinin və xarici işlər nazirinin dəfələrlə Ermənistan rəhbərliyini tənqid etməsi nə deməkdir? Bu, Rusiyanın məsələyə yanaşmasını və əsl niyyətlərini açıq şəkildə üzə çıxarır. Rusiya indi hansı təfəkkürlə AZAL təyyarəsinin vurulması ilə 2020-ci ilin noyabrında Rusiyaya məxsus helikopterin vurulması arasında paralellik aparır? Axı paradiqmanızı, yanaşmanızı dəyişməyə sizi nə vadar etdi? Rusiya mediasında Kremldən təlimat alanlar Azərbaycan ictimaiyyətinin, cəmiyyətinin səbrini sınamasınlar. Şərtimiz bəllidir, etiraf, üzrxahlıq, kompensasiya və günahkarların cəzalandırılması.
Şəmsiyyə Əliqızı, “İki sahil”