11 noyabr 2026 18:37
236

Ləyaqət, iradə və Zəfər

Zəfər Günündə Xankəndidə səslənən bəyanatlar həm keçmişə verilən qətiyyətli qiymət, həm də gələcəyə hesablanmış strateji baxışdır

Tarixi ədalətin bərpa olunduğu, Azərbaycanın öz gücü və iradəsi ilə yeni reallıqlar yaratdığı müasir şəraitdə, ölkəmizə qarşı yönəlmiş hər hansı qərəzli yanaşma və xarici siyasi manipulyasiyalar artıq köhnəlmiş stereotiplərdən başqa bir şey deyil. Ermənistandakı revanşist əhval-ruhiyyənin və ya Qərbdəki bəzi dairələrin ikili standartlar üzərində qurulmuş bəyanatları fonunda Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidən dünyaya verdiyi mesajlar tamamilə fərqli bir geosiyasi informasiya mühiti formalaşdırır. Zəfər Günündə məhz Xankəndidə səslənən bəyanatlar həm keçmişə verilən qətiyyətli qiymət, həm də gələcəyə hesablanmış strateji baxışdır. Müzaffər Ali Baş Komandan İlham Əliyev vurğuladı ki, bu Zəfər tağı Bakıdakı analoji abidədən sonra şanlı qələbəmizin şərəfinə ucaldılmış ikinci möhtəşəm simvoldur. Lakin Xankəndidəki bu məkanın daşıdığı mənəvi və tarixi yük özünəməxsusluğu ilə seçilir. Ən diqqətçekən məqamlardan biri Xankəndidə yaradılması başa çatmaqda olan Zəfər Muzeyinin məkanıdır. Vaxtilə Azərbaycana qarşı təcavüzün, işğalçılıq siyasətinin və düşmənçiliyin "beşiyi" sayılan, xalqımızın yaddaşında "şeytan yuvası" kimi qalan keçmiş icra hakimiyyətinin binası artıq tamamilə fərqli bir missiyaya xidmət edir. 2023-cü ilin oktyabrında həmin binaya daxil olarkən pəncərələrin açılması və o çirkin ruhun oradan təmizlənməsi təkcə fiziki deyil, həm də mənəvi bir təmizlənmə aktı idi. İndi isə həmin divarlar arasında qəhrəmanlıq salnaməmiz - Zəfər Muzeyi yer alacaq. Bir zamanlar bəzi xarici havadarlarına sığınaraq təkəbbürlü bəyanatlar verən, "Bakıya tank üstündə gəlib çay içəcəyik" deyən hərbi cinayətkarların bu gün Azərbaycan həbsxanalarında öz layiqli cəzalarını çəkmələri tarixin ən böyük ədalət dərslərindən biridir. Onlar həqiqətən də Bakıdadırlar, lakin xalqımızın ləyaqəti, mətanəti və dəmir yumruğu sayəsində məhz dəmir barmaqlıqlar arxasında çay içirlər.

Xankəndi Zəfər abidəsinə aparan pilləkənlər sadə bir mimarlıq elementi deyil. Hər bir pilləsində Vətən müharibəsinin 44 gününün hər bir anı, hər bir tarixi addımı həkk olunub. O pilləkənlərlə yuxarı qalxan hər bir vətəndaş haqlı olaraq böyük qürur hissi keçirir. Lakin bu zəfər yolu həm də şəhidlərimizin müqəddəs qanı ilə suvarılmış yoldur. Hər gün tökülən qanlara, verilən itkilərə baxmayaraq, xalqın göstərdiyi misilsiz vətənpərvərlik, sarsılmaz həmrəylik və dövlət rəhbərinə olan inamı bir an da olsun geri addım atmadan irəli getməyimizi təmin etdi. Xankəndidən ucalan bu səs bir daha sübut edir ki, haqq-ədalət gec-tez zəfər çalır və milli iradə qarşısında heç bir qanunsuzluq, işğalçılıq siyasəti davam gətirə bilməz.

Dövlət başçısı qeyd edib ki, illər boyu Ermənistanın işğal altında saxladığı ərazilərdə qurduğu möhkəmləndirilmiş müdafiə xətləri, sıldırımlı dağlar, tikanlı məftillər və minlərlə minalanmış sahələr düşmən tərəfindən «keçilməz sədd» kimi təqdim olunurdu. İşğalçı tərəf və onun havadarları əmin idilər ki, Azərbaycan heç vaxt öz torpaqlarını hərbi yolla geri ala bilməyəcək, ya da buna imkan verilməyəcək. Lakin onlar böyük bir tarixi həqiqəti unutmuşdular: Azərbaycan xalqı heç vaxt işğalla barışmaq niyyətində deyildi. Müharibə dövründə xarici dairələrin «münaqişənin hərbi həlli yoxdur» təzyiqləri, ədalətsiz mövqeləri və ölkəmizə qarşı aparılan genişmiqyaslı qarayaxma kampaniyaları dövlətimizi və xalqımızı haqq yolundan döndərə bilmədi. Ali Baş Komandanın qətiyyətli mövqeyi – «Əgər Ermənistan öz xoşu ilə çıxmasa, biz hərbi yolla ərazi bütövlüyümüzü bərpa edəcəyik» bəyanatı tezliklə reallığa çevrildi.

Zəfərə aparan yol hərb elminin nailiyyətləri ilə yanaşı, həm də xalqımızın, o cümlədən əsgərlərimizin ürəyindən – milli ruhundan keçirdi. Döyüş meydanında bir nəfər də olsun fərarinin olmaması, əsgər və zabitlərimizin düşmən qarşısında sinələrini sipər etməsi Azərbaycan əsgərinin mənəvi ucalığını bütün dünyaya göstərdi. Ermənistan rəhbərliyinin öz etiraflarında belə ordularında 12 minə yaxın fərarinin olduğunu dilə gətirməsi isə tərəflər arasındakı mənəvi-psixoloji uçurumu açıq şəkildə nümayiş etdirirdi.

Bizi irəliyə aparan bizim milli-mənəvi dəyərlərimizdir deyən Prezident İlham Əliyev əlavə edib ki, Azərbaycan dövləti bu təməl üzərində qurulub: “Azərbaycançılıq bizi irəliyə aparan məfkurədir. Azərbaycanda bütün etnik qruplar, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır və bizi birləşdirən vətəndaşlıq, həmrəylik və azərbaycançılıq məfkurəsidir. Bu, bizim milli ideyamızdır. Bir daha demək istəyirəm ki, bu, gələcəyə aparan yoldur. Bu gün Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik, xoş ovqat, quruculuq meyilləri və cəmiyyətimizin vahid amal uğrunda birləşməsi, hesab edirəm ki, bugünkü dünyada az-az rast gəlinən mənzərədir”.

Bu gün Qarabağ və Şərqi Zəngəzur dünya quruculuq tarixinə misli görünməmiş yenidənqurma nümunəsi kimi daxil olub. Otuz ilə yaxın davam edən işğal dövründə yerlə-yeksan edilmiş, infrastrukturu dağıdılmış və təbii sərvətləri talan olunmuş torpaqlarımızda indi sürətlə modern şəhərlər, "ağıllı" kəndlər və nəhəng nəqliyyat dəhlizləri salınır. Bu tarixi prosesin ən mühüm və qürurverici göstəricisi isə doğma yurduna qayıdan soydaşlarımızın sayıdır. Artıq azad edilmiş ərazilərdə 97 min vətəndaşımız yaşayır, təhsil alır və çalışır. Hər ay yüzlərlə keçmiş məcburi köçkün ailəsinin öz babalarının, atalarının torpağına qayıdışı bu torpaqların əsl sahiblərinə qovuşduğunu bütün dünyaya nümayiş etdirir. Qarabağ artıq dağıntı və müharibə zonası deyil, sülhün, innovasiyanın, quruculuğun və xoşbəxt gələcəyin ünvanıdır!

Sevinc Azadi, “İki sahil”