20 yanvar 2025 11:06
96

Pakistanda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad olunub

Pakistan Milli Müasir Dillər Universitetində (NUML) “20 Yanvar - Azərbaycanın qəhrəmanlıq və iftixar tarixi” adlı seminar keçirilib.

“İki sahil” xəbər verir ki, Azərbaycanın Pakistandakı səfirliyindən verilən məlumata görə, tədbirdə NUML-in müəllim-tələbə heyəti, bu ölkənin beyin mərkəzlərinin nümayəndələri, eləcə də səfirlik əməkdaşları iştirak ediblər.

Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himnləri səsləndirilib və 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə bağlı geniş məlumatları özündə əks etdirən videoçarx nümayiş olunub.

Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən Sovet ordusu Azərbaycana qarşı hərbi əməliyyatlara başlayıb, faciə zamanı yüzlərlə günahsız insan qətlə yetirilib.

Diplomat vurğulayıb ki, hadisə zamanı Ümummilli Lider Heydər Əliyev Moskvada Azərbaycanın daimi nümayəndəliyində keçirdiyi mətbuat konfransında bu vəhşiliyə qarşı kəskin etirazını bildirib, təqsirkarların adlarını cəsarətlə dünyaya bəyan edib.

X.Fərhadov deyib ki, Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışından sonra Ulu Öndər Heydər Əliyev təşəbbüsü ilə 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət verilib və bu qanlı cinayətin əsl həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində real addımlar atılıb.

Seminarda daha sonra NUML-in xarici dillər fakültəsinin dekanı professor Cəmil Əsgər Caminin və türk dili kafedrasının müdiri Nur Yasemin Raconun çıxışları dinlənilib. Çıxışlar zamanı natiqlər tərəfindən faciənin tarixi, həmin dövrdə baş verən hadisələr və qəhrəmanlıqlar haqqında iştirakçılara müfəssəl məlumatlar verilib.

Tədbirin bədii hissəsində tələbələr 20 Yanvar faciəsinə həsr edilmiş şeirlər səsləndiriblər.