19 yanvar 2025 23:51
99

Aİ-nin hazırlıq, böhranın idarəedilməsi və bərabərlik komissarı Türkiyəyə səfər edəcək

Avropa İttifaqının (Aİ) hazırlıq, böhranın idarəedilməsi və bərabərlik komissarı Hadja Lahbib yanvarın 20-də Türkiyəyə səfər edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Səfər çərçivəsində Hadja Lahbib ilə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında keçiriləcək görüşdə bölgədəki humanitar yardım və mülki müdafiə məsələləri üzrə atılacaq ortaq addımlar, eləcə də Türkiyə-Aİ əlaqələrinin müzakirə olunacağı nəzərdə tutulur.

Hakan Fidanın görüşdə Suriyanın yenidən qurulması və suriyalıların təhlükəsiz, könüllü və nizamlı şəkildə geri dönüşünün təmini, bu ölkədən Türkiyəyə qarşı terror təhdidinin aradan qaldırılması ilə bağlı Aİ-dən gözləntilər, Suriyaya qarşı sanksiyaların ləğvi kimi məsələlərə toxunması gözlənilir.

Görüşdə, həmçinin Türkiyə ilə Aİ Əməkdaşlıq Şurası və Yüksək Səviyyəli Dialoq görüşlərinin təşkili ilə əlaqələrin gücləndirilməsinin həm Türkiyə-Avropa İttifaqı münasibətləri, həm də keçdiyimiz mövcud dövrdə zəruri əməkdaşlıq baxımından əhəmiyyətinin vurğulanacağı ehtimal edilir.