Azərbaycanın Xarkov şəhərindəki Fəxri Konsulluğunun təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirdə yerli ictimaiyyətin nümayəndələri, diplomatik korpus üzvləri, elm və mədəniyyət xadimləri iştirak ediblər.
Fəxri Konsul Əfqan Salmanov 1990-cı ilin 20 yanvarında baş verən faciəli hadisələrdən danışıb. O, bu günün Azərbaycanın müstəqillik tarixindəki mühüm rolunu vurğulayaraq, şəhidlərin xatirəsinin daim əziz tutulduğunu bildirib. Çıxışda Qanlı Yanvar hadisələrinin Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda apardığı mübarizədə dönüş nöqtəsi olduğu qeyd edilib.
Tədbir çərçivəsində 20 Yanvar faciəsinə həsr edilmiş fotosərgi təşkil olunub. Sərgidə AZƏRTAC tərəfindən təqdim edilən və faciə anlarını əks etdirən 150-dən çox foto nümayiş etdirilib. Sərgidə ziyarətçilərə faciənin tarixi, həmin dövrdə baş verən hadisələr və qəhrəmanlıqlar haqqında ətraflı məlumat verilib. İştirakçılar şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra 20 Yanvar hadisələri ilə bağlı sənədli film nümayiş etdirilib.
Azərbaycanın Xarkov şəhərindəki Fəxri Konsulluğu xalqımızın tarixi yaddaşının qorunub saxlanması və gənc nəsillərə ötürülməsi istiqamətində fəaliyyətini davam etdirəcəyini bəyan edib.