19 yanvar 2025 14:36
103

Pistorius alman hərbçilərinin Ukraynada sülhməramlı missiyada iştirakının mümkünlüyünə toxunub

Almaniyanın müdafiə naziri Boris Pistorius alman hərbçilərinin Ukrayna ərazisində sülhməramlı missiyada iştirakının mümkünlüyünə toxunub.

“İki sahil” xəbər verir ki, o, bu barədə Süddeutsche Zeitung nəşrinə müsahibəsində bildirib.

“Biz NATO-nun Avropadakı ən böyük tərəfdaşıyıq. Ona görə də aydındır ki, rol oynayacağıq və məsuliyyəti öz üzərimizə götürməliyik. Əsas məsələ Ukrayna üçün belə bir təhlükəsizlik səviyyəsini necə yarada bilməklə bağlıdır. Bu, Rusiyanın bir neçə ildən sonra yenidən hücuma keçməsinə mane olacaq”, - o bildirib.

Nazir, həmçinin hər şeyi ictimaiyyətə açıqlamağın doğru olmadığını bildirib. Pistorius qeyd edib ki, Almaniya ABŞ-nin yeni prezidenti Donald Tramp administrasiyasının nümayəndələri ilə görüşməkdə maraqlıdır:

“ABŞ müdafiə nazirinin namizədliyi hələ təsdiqlənməyib. Lakin biz fevralın əvvəlində Vaşinqtonda görüşməkdə maraqlıyıq. Xüsusən də müdafiə sahəsində çoxlu yeniliklər gözlənilə bilər”.

Bundan əlavə, siyasətçi bu yaxınlarda Ukraynaya səfərindən sonra təəssüratlarından danışıb. Onun sözlərinə görə, ölkədə təsirli müdafiə kampaniyası aparılır:

“Ukrayna bəzi sahələrdə müəyyən Avropa ölkələrindən daha müasir olmağı bacarır”.

Qeyd edək ki, bundan əvvəl Böyük Britaniyanın Baş naziri Kir Starmer ölkəsinin lazım gələrsə, Ukraynada sülhməramlılarını yerləşdirməyə hazır olduğunu bildirib. Onun sözlərinə görə, London Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibəyə son qoymaq üçün sülh danışıqlarında öz rolunu oynamağa hazırdır.