19 yanvar 2025 12:10
171

Rəşadət və qürur tariximiz

Xalqımızın öz hüquqları uğrunda ayağa qalxmasından və ermənilərin Qarabağda başlatdıqları işğalçı planlara qarşı etiraz səsini ucaltmasından təşvişə düşən SSRİ rəhbərliyi 1990-cı il yanvarın 20-nə keçən gecə Azərbaycanda müdhiş cinayətə əl atdı. Həmin  gün Bakıda və respublikamızın regionlarında həyata keçirilmiş hərbi təcavüz nəticəsində dinc əhaliyə divan tutuldu, xalqımıza qarşı qətliam həyata keçirildi. Sovet ordusunun bölmələri tərəfindən 147 nəfər öldürüldü, 744 nəfər yaralandı.

Azərbaycanın müasir tarixinə həm kədərli səhifə, həm də qəhrəmanlıq salnaməsi kimi daxil olan 20 Yanvar hadisələrindən 35 il ötür. SSRİ rəhbərliyi bu hadisəni törətməklə öz məqsədinə çatacağını düşünürdü. Lakin 20 Yanvar faciəsi öz milli haqqı uğrunda ayağa qalxan xalqımızı öz yolundan döndərə bilmədi, əksinə onu yumruq kimi birləşdirdi, daha sıx həmrəy etdi. Bu mənada tariximizə həm də milli qürur günü kimi həkk olunan 20 yanvar hadisələri azadlığı uğrunda mübarizə aparan Azərbaycan xalqının məğrurluğunu, vətənpərvərliyini dünyaya, o cümlədən o vaxtkı SSRİ rəhbərliyinə aydın şəkildə çatdıra bildi. Həmin gün baş verənlər Azərbaycan adlı bir dövlətin varlığını, xalqımızın öz azadlığı uğrunda mübarizəsini bir daha dünyaya bəyan etməklə yanaşı, həm də sovet imperiyasının çöküşündə əsas amillərdən biri oldu.

Xalqımıza və insanlığa qarşı törədilən cinayət nəinki keçmiş sovet ittifaqında, o cümlədən bir çox ölkələrdə geniş əks-səda doğurdu. Lakin o zaman Kremlin köləsinə çevrilmiş yerli hakimiyyət orqanları baş verənlərin üzərindən sükutla keçdilər. Həmin ağır və faciəli günlərdə Azərbaycan xalqına qarşı soyqırımı aktının həyata keçirildiyini, dəhşətli cinayətin törədildiyini ilk olaraq cəsarətlə bütün dünyaya bəyan edən xalqımızın Ulu Öndəri Heydər Əliyev oldu. Faciənin ertəsi günü – yanvar ayının 21-də Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, 20 Yanvar hadisələrinin hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu bəyan etdi. Ulu Öndər Bakıdakı terror aktına rəvac verənləri  cinayətkar, onların əməllərini xalqımıza qarşı edilən tarixi cinayət adlandırdı, hadisəyə siyasi qiymət verilməsini tələb etdi. Bu tarixi çıxışın mətni Kremlin kəskin informasiya blokadası siyasətinə baxmayaraq, bütün dünyada, o cümlədən Azərbaycanda yayıldı və geniş əks-səda doğurdu. Heydər Əliyev vətəndaş təəssübkeşliyi və vətənpərvərlikdən doğan cəsarətli bəyanatı ilə dünya azərbaycanlılarını ayağa qaldırdı, xalqın siyasi iradəsini ifadə etdi.

Sovet hakimiyyəti dövründə 20 yanvar faciəsinə əsil siyasi qiymətini vermək mümkün deyildi. Lakin Ulu Öndər Heydər Əliyev hələ sovet hakimiyyəti dövründə böyük cəsarətlə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində faciəyə siyasi qiymətin verilməsinə nail oldu. Ümummilli Liderin cəsarətli təşəbbüsü ilə 1990-cı il noyabrın 21-də Naxçıvan Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən qərar qəbul edildi. Xalqımızın ümumi rəyini özündə təcəssüm etdirən bu qərar Ulu Öndər Heydər Əliyevin qətiyyətinin təzahürü kimi tarixə düşdü. Sənəddə həm də respublika səviyyəsində 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi ölkə rəhbərliyindən tələb edilirdi. Lakin Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da 1993-cü ilə qədər iqtidarda olanların heç biri faciə ilə bağlı əsl həqiqəti aşkar etməyə özündə cəsarət tapmadı.

Yalnız 1993-cü ildə xalqın istəyi ilə hakimiyyət sükanının arxasına keçən Ulu Öndərin sayəsində 20 Yanvar faciəsinə respublika səviyyəsində siyasi-hüquqi qiymət verildi. Azərbaycan Milli Məclisinin 1994-cü il martın 29-da qəbul etdiyi Qərarda 20 Yanvar faciəsinin günahkarları konkret qeyd olundu və bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirildi. Bununla da 20 Yanvar hadisələri dövlət səviyyəsində siyasi-hüquqi qiymətini aldı, bu cinayəti törədənlərin adları ictimaiyyətə çatdırıldı.

Azərbaycan xalqı 20 Yanvar şəhidlərini xatirəsini hər zaman yüksək ehtiamla anır. Ulu Öndər Heydər Əliyev tərəfindən 1998-ci ildə “20 Yanvar Şəhidi” fəxri adı təsis edilib. Heydər Əliyev yolunu layiqincə davam etdirən Prezident İlham Əliyev şəhidlərin xatirəsinin uca tutulmasına xüsusi diqqətlə yanaşır. Şəhidlər xiyabanında təmir və yenidənqurma işlərinin aparılması, Bakıda “20 Yanvar” dairəsində şəhidlərin xatirəsinə memorial abidə kompleksinin ucaldılması bunu təsdiq edir. Həmçinin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi də formalaşıb.

Xalqımız öz qəhrəman övladlarının fədakarlığını yüksək qiymətləndirərək, hər il yanvarın 20-də onların xatirəsini dərin ehtiramla yad edir. Hər il dövlət səviyyəsində geniş tədbirlər planı hazırlanaraq həyata keçirilir, faciənin ildönümü respublikanın bütün şəhər və rayonlarında qeyd olunur. 

Qürurla qeyd etməliyik ki, Prezident İlham Əliyevin qətiyyətli siyasəti ilə Vətən müharibəsində və antiterror tədbirlərində qazandığımız zəfərlərlə həm də 20 Yanvar şəhidlərinin qisası alındı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşanın azad edilməsi xəbərini də Şəhidlər xiyabanından xalqımıza çatdırdı.

Azadlığımız, suverenliyimiz, milli haqqımız uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi daim xalqımızın qəlbində yaşayacaq. 

Müşfiq Məmmədli,

Milli Məclisin deputatı