18 yanvar 2025 23:07
104

Netanyahu: İsrail lazım gələrsə, Qəzzada döyüşləri yeni güclə bərpa edəcək

İsrail, lazım gələrsə, Qəzza zolağında hərbi əməliyyatları yeni üsullarla və bütün gücü ilə bərpa etməyə hazır olacaq.

“İki sahil” xəbər verir ki, bunu yəhudi dövlətinin baş naziri Benyamin Netanyahu həmvətənlərinə televiziya ilə müraciətində deyib.

O, atəşkəs razılaşması üzrə danışıqlar zamanı bu tələbdə israrlı olduğunu və bu məsələdə ABŞ-ın dəstəyindən istifadə etdiyini vurğulayıb: “Əgər biz hərbi əməliyyata qayıtmalı olsaq, bunu yeni üsullardan istifadə edib bunu böyük güclə edəcəyik”.

Netanyahunun sözlərinə görə, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp şəxsi telefon danışığında onu əmin edib ki, indiki mərhələdə bu, Fələstin anklavında yalnız müvəqqəti atəşkəsdir. Bu baxımdan, onun sözlərinə görə, Trampın mövqeyi ABŞ prezidenti postunu tərk edən Co Baydenin fikri ilə üst-üstə düşür: "Həm prezident Tramp, həm də prezident Bayden, İsrailin “Faza 2” (Qəzza razılaşması) danışıqlarının nəticəsiz olduğu qənaətinə gələrsə, İsrailin hərbi əməliyyatlara qayıtmaq hüququnu tam dəstəkləyir. Mən Prezident Trampın İsrailə lazımi silahların tədarükü ilə bağlı bütün məhdudiyyətləri aradan qaldırmaq qərarını çox yüksək qiymətləndirirəm”.

İsrailin baş naziri onu da vurğulayıb ki, ölkəsi indiki mərhələdə Filadelfiya dəhlizi adlanan əraziyə - Qəzza zolağı ilə Misir arasındakı sərhəddəki zolağa nəzarəti saxlamaq niyyətindədir: "Biz yalnız Filadelfiya dəhlizi ərazisində qüvvələrimizin mövcudluğunu azaltmayacağıq, onu artıracağıq. Biz İsrailin bu əraziyə nəzarət etmək qabiliyyətini qorumaq öhdəliyi götürmüşük. Bizim qüvvələrimiz Qəzza zolağının daxilində olacaq və baş verən hər şeyə nəzarət edəcək. Orada silah qaçaqmalçılığına və qaçırılan adamlarımızın xaricə aparılmasına icazə verməyəcəyik”.

Məhərrəm Ağalaroğlu, “İki sahil”