18 yanvar 2025 17:05
185

İmişlidə iki məktəblinin ölümü ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB

İmişli şəhəri, Abbasqulu Şadlinski küçəsində yanvarın 18-də, saat 12:30 radələrində Dövlət Yol Polisi avtomobilinin iştirakı ilə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi açılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən “İki sahil”ə verilən məlumata görə, sözügedən hadisə barədə İmişli Rayon Prokurorluğuna məlumat daxil olub. Hadisə nəticəsində 2 nəfər ölüb, əlavə 2 nəfər, o cümlədən YPX avtomobilinin sürücüsü xəsarət alıb.

Faktla bağı İmişli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

***

İmişli rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, xidmətə gedən Dövlət Yol Polisi avtomobilinin qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində xidməti avtomobil yol kənarında olan uşaqlara dəyib. Onlardan iki nəfər həlak olub, digər azyaşlılar və sürücü xəstəxanaya çatdırılıb.

Faktla görə cinayət işi başlanılıb, polis və prokurorluq orqanlarında araşdırma aparılır.