Fransa və Əlcəzair arasında müşahidə olunan son gərginlik bir daha göstərir ki, rəsmi Paris hələ də müstəmləkə siyasətindən əl çəkmək niyyətində deyil və Əlcəzairdə bir əsrdən artıq müddətdə törətdiyi soyqırım və digər çoxsaylı insanlıq əleyhinə cinayətlər Makron rejimi tərəfindən yarımçıq qalmış fəaliyyət kimi qiymətləndirilir. Dünyaya insan haqları, demokratiya, xüsusən söz azadlığı məfhumları üzrə dərs keçmək iddiası ortaya qoyan Fransanın, xüsusən Makron rejiminin özünə yönəli tənqidlərə bu cür "həssaslıqla" yanaşması, dözümsüzlük nümayiş etdirməsi isə bir daha göstərir ki, əslində söz azadlığı, demokratiya, insan haqları və s. ümumbəşəri dəyərlər Fransanın öz niyyətlərini həyata keçirmək üçün vasitə olub və rəsmi Paris heç vaxt bu meyarlara münasibətdə sağlam təfəkkürlə çıxış etməyib.
Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov söylədi.
Deputat qeyd etdi ki, çox təəssüflər olsun ki, uzun illər ərzində Fransanın müstəmləkə siyasətinə, habelə ümumbəşəri niyyətlər adı altında pərdələnərək təcavüzkar və təxribatçı fəaliyyətinə qlobal birlik göz yummuş, Fransa törətdiyi cinayətlər fonunda belə dünya idarəçiliyində, BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü qismində rolunu təsdiqləyə bilmişdir. Eyni zamanda, dünyanın müxtəlif bölgələrində nüvə silahının yayılması əleyhinə "həmrəylik" nümayiş etdirən Qərb imperializmi çoxsaylı müstəmləkələrdə, ağlasığmaz cinayətlər törədən Fransanın nüvə silahına malik olmasına göz yummuş, hətta müstəmləkələrdə bu silahların sınaqlarının keçirilməsini, ümumiyyətlə, görməzdən gəlmişdir.
Bilirsiniz ki, ilk dəfə olaraq məhz Azərbaycan Prezidenti Əlcəzairdə Qoşulmama Hərəkatının sədri qismində Ərəb Dövlətlər Liqasının Sammitində Fransanın iç simasını ifşa etmiş, Fransa başda olmaqla, bütövlükdə müstəmləkəçilik əleyhinə beynəlxalq ictimaiyyətin səylərini birləşdirə bilmiş, Bakı Təşəbbüs Qrupu qismində müstəsna nəticələr vəd edən hərəkat başlatmışdır. Bu gün yaşananlar, Fransanın Cənubi Qafqazdan təcrid edilməsi, tədricən Afrikadan Fransa ordusunun çıxarılması, o cümlədən müstəmləkələrdə müşahidə olunan ayaqlanmalar isə göstərməkdədir ki, artıq Fransa müstəmləkəçiliyi özünün sonlarına yaxınlaşmaqdadır və Fransanın, Makron hakimiyyətinin aqressiv davranışlarının da təməlində məhz bu amil dayanır. İndiki məqamda dünya ictimaiyyəti bu prosesdə qətiyyət göstərməli, Bakı Təşəbbüs Qrupu başda olmaqla, başlanılan və Fransa müstəmləkəçiliyinin, bütövlükdə dünyada müstəmləkəçiliyin qarşısının alınmasına hesablanmış bütün addımlar dəstəklənməlidir.