Artıq keçmişdə qalmış Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasında vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupu 28 il ərzində öz funksiyasını yerinə yetirə bilmədi. Hayların əlində alətə çevrilən Minsk qrupununhəmsədr dövlətləri Ermənistan silahlı qüvvələri hər dəfə cəbhəboyu ərazilərdə təxribatlar törədərkən, dinc əhalini qətlə yetirərkən faydasız səfərlərlə, mənasız söz yığınından ibarət bəyanatlar verməklə öz işini bitmiş sayırdı. Bu fəaliyyətsizlikdən yararlanan Ermənistan işğalçılıq siyasətini davam etdirirdi. Odur ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanaraq öz gücü hesabına ildən-ilə uzanan bu problemi hərbi-siyasi yolla təkbaşına həll etmək məcburiyyətində qaldı. 44 günlük Vətən müharibəsində erməni vəhşilərini zəbt etdikləri ərazilərimizdən təmizlədi, işğalçı Ermənistanın kapitulyasiyasını özündə əks etdirən Bəyanatı imzalamağa məcbur etdi. 2023-cü ilin sentyabrında birgünlük lokal antiterror əməliyyatı ilə suverenliyinin tam bərpasına nail oldu. Bununla da Cənubi Qafqazda reallıqlar tamamilə dəyişdi. Bütün bunlar da ATƏT-in Minsk qrupunun mandatının aktuallığını itirməsi ilə nəticələndi.
Prezident İlham Əliyev Ermənistanın Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanıdığını, həmçinin ölkəmizin ərazi bütövlüyünü dəstəkləyən bəyanat səsləndirdiyini əsas gətirərək ATƏT-in artıq canını tapşırmış Minsk qrupunun ləğv olunması təklifinı irəli sürdü. Hətta dövlətimizin başçısı bu məsələni bir neçə də səsləndirdi. Məsələn, Prezident İlham Əliyev ötən il avqustun 30-da Azərbaycan–Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi Türkiyə Böyük Millət Məclisinin üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşündə, dekabrın 18-də “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova verdiyi müsahibədə ATƏT-in Minsk qrupunun buraxılması zərurətini bir daha qabartdı. Həmin görüşlərdə bir daha vurğuladı ki, əgər Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanıyıbsa, Minsk qrupu isə Qarabağ məsələsinin həlli üçün yaradılıbsa, onda o nəyə lazımdır?
Lakin məsələ konsensusla həll edildiyinə görə, formal olaraq bunu Ermənistanın razılığı olmadan etmək mümkün deyildi. Təcavüzkar ölkə isə müxtəlif bəhanələrlə xeyli vaxt idi ki, bu məsələyə barmaqarası baxırdı. Şübhəsiz, Ermənistanın ATƏT-in Minsk qrupunun ləğv edilməsi üçün Azərbaycanla birlikdə ATƏT-ə müraciət etmək istəməməsi bu ölkənin revanşist planlarından, həmçinin Qarabağ avantürasını saxlamaq niyyətindən xəbər verirdi.
Bir neçə gün öncə Nikol Paşinyan sosial şəbəkə paylaşımında Minsk qrupunun ləğvini müxtəlif şərtlər əsasında dilə gətirib. Hətta Ermənistanın baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan sosial şəbəkələrdə yazıb ki, Ermənistan ATƏT-ə Minsk qrupunun ləğvi məsələsi ilə bağlı müraciət etmək imkanını nəzərdən keçirir. O qeyd edib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır və bunu “sülh sazişi bağlamaqla təsdiq etməyə hazırdır”. Şübhəsiz, yenə də burada sözə yox, konkret əmələ ehtiyac var. Havadarlarının, xüsusilə Fransanın sifarişi ilə oturub-duran Ermənistanın bu məsələni nə zaman gerçəkləşdirəcəyi isə sual altındadır. Təcavüzkar ölkənin sürətli silahlanma yolu tutması belə deməyə əsas verir.
Yeri gəlmişkən qeyd edək ki, bu, Ermənistanda heç də birmənalı qarşılanmayıb. Məsələn, “Parlaq Ermənistan” partiyasının sədri Edmon Marukyan ATƏT-in Minsk qrupunun buraxılması məsələsindən danışarkən belə deyib: “İndiyədək hakimiyyət iddia edirdi ki, ATƏT-in Minsk qrupunun buraxılması yalnız sülh müqaviləsi imzalandıqdan sonra mümkündür və bu yanaşma Ermənistanın aydın və qəti mövqeyi kimi qəbul edilirdi. Lakin baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan bəyan edib ki, Ermənistan sülh müqaviləsi imzalamadan, heç bir beynəlxalq zəmanət və razılaşma olmadan strukturun ləğvini müzakirə etməyə hazırdır. Hakimiyyət ictimaiyyəti münaqişənin artıq mövcud olmadığına inandırmağa çalışır ki, bununla da Minsk qrupunun faydasızlığına haqq qazandırır. Lakin bu arqument illüziyadır və reallıqla qəti şəkildə ziddiyyət təşkil edir”. Hətta o, utanıb-qızarmadan bildirib ki, Ermənistan illərdir maraqlarının qorunmasına xidmət edən mühüm diplomatik vasitədən imtina etməklə mövqeyini zəiflədir və Azərbaycana təzyiq göstərmək üçün yeni rıçaqlar verir. Amma bu bədbəxt hələ də anlamır ki, bütün bunlar Azərbaycandan daha çox onun ölkəsinə lazımdır. Şübhəsiz, Ermənistanın sabiq xarici işləri naziri Vardan Oskanyan ağlında olan E.Marukyanın bu fikirləri növbəti hay-küy qaldırmaqdan başqa bir şey deyil.
Qvami Məhəbbətoğlu, “İki sahil”