09 yanvar 2025 23:11
105

Əli Kərimlinin dəyirmanı yenə də yalan, böhtan, şər üyüdür

Qərbdəki anti-Azərbaycan dairələrin ayağına, necə deyərlər, yetmiş arşın uzunluğunda qırılmaz zəncirlə möhkəm bağlanmış radikal müxalifət düşərgəsinin təmsilçiləri ölkəmizə qarşı apardıqları “qara piar” kampaniyasını iyrənc şəkildə davam etdirirlər. AXCP sədri Əli Kərimlinin başçılıq etdiyi məlum antimilli ünsürlərin Azərbaycan əleyhinə həyasızcasına apardıqları şər-böhtan, qaralama kampaniyasının mənbəyinə, motivlərinə diqqət edərkən verilən tapşırıqların ünvanını dəqiqləşdirmək o qədər də çətin olmur.

Reallıq budur ki, müstəqil siyasəti sayəsində regionda  və dünyada öz mövqelərini getdikcə möhkəmləndirən, ildən-ilə maliyyə vəziyyətini daha da yaxşılaşdıran, regionun güclü ölkəsi kimi tarixi məsuliyyəti üzərinə götürərək Cənubi Qafqazın yeni inkişaf perspektivlərini müəyyənləşdirən siyasəti ilə tərəfdaşları arasında yüksək nüfuz qazanan Azərbaycanın uğurları bədxahlarımızı və onların ölkəmizdəki əlaltılarını çox ciddi narahat edir. Heç kimə sirr deyil ki, ermənipərəst dairələrlə işbirliyində olan bəzi beynəlxalq fondlar, qeyri-hökumət təşkilatları, eləcə də erməni lobbisinin iradəsindən asılı vəziyyətə düşən Fransa kimi ölkələr məhz Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Qənimət Zahid, Arif Yunus, Sevinc Osmanqızı, Əfqan Muxtarlı kimi antimilli ünsürlərin əli ilə müstəqi,l prinsipial mövqeyindən geri addım atmayan Azərbaycanın beynəlxalq aləmdə imicini ləkələmək üçün davamlı olaraq kirli texnologiyalardan istifadə edirlər.

Müstəqil dövlətçilik xəttindən bir addım belə geri atmayan ölkəmizi hədəfə alan Qərbdəki bəzi ölkələr, müəyyən güc mərkəzləri vassal boyunduruğu altına salmaq istədikləri Azərbaycanı təkləmək, onu beynəlxalq arenadan təcrid etmək üçün ölkəmizdəki üzdəniraq siyasi trollarına, eləcə də nəzarətlərində olan beynəlxalq təşkilatlara hər gün yeni təlimatlar və güclü maliyyə dəstəyi verirlər. Anti-Azərbaycan dairələrlə aşiq-məşuq oyunu oynayan, sosial dəstəyini tamamilə itirərək cəmiyyətdə siyasi partiya rəhbərindən daha çox “klaviatura pəhləvanı”, sosial media “moizəçisi” kimi tanınan Ə.Kərimli və onun ağalarının əlinə baxaraq quyruq bulayan başıpozuq dəstəsi çirkli qrantların müqabilində həmin dairələrin tapşırıqlarını yerinə yetirmək üçün sosial şəbəkələrdə, necə deyərlər, keçəl həmzəsayağı cövlan edirlər.

Davamlı olaraq erməni lobbisinin təsir dairəsində olan məluum mərkəzlərin tezisləri ilə “silahlanan” Ə.Kərimli son günlər ötən il dekabrın 25-də Bakı-Qroznı marşrutu ilə uçan, Rusiyanın HHM qüvvələri tərəfindən vurulan, Aktauda qəzaya uğrayan AZAL-a məxsus “Embraer 190” sərnişin təyyarəsi ətrafında durub dolaşır. Yalan saqqızını çeyniyə-çeyniyə çürüdən AXCP sədri sosial şəbəkələrdəki çıxışlarında, böhtan dolu yorum və “şərhlər”ində boş, mənasız ittihamlar irəli sürərək, gerçəkləri təhrif edərək ictimai rəyi çaşdırmaq üçün Qərbdəki ağalarının üsul, metod və tezislərindən məharətlə istifadə edir.

Şübhəsiz, AXCP sədrinin təyyarə qəzaları ilə manipulyasiya cəhdləri heç bir nəticə verməyəcək. Sosial şəbəkələri yalan dəyirmanına çevirərək şər-böhtan üyüdən Ə.Kərimlinin antimilli fəaliyyəti iflasa uğrayacaq.

Zahid Rza, “İki sahil”