02 yanvar 2025 16:56
216

Bu sahədə tənzimləmə qoşulma ilə bağlı xərcləri azaldacaq - ADSEA

Azərbaycanda su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulma xidmətinə görə tariflər tənzimlənib. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin təklifi nəzərə alınaraq iclasda su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qoşulma xidmətinə görə ilk dəfə olaraq tariflər təsdiq edilib.

“İki sahil” xəbər verir ki, lakin sosial mediada yanlış rəy formalaşdırırlar ki, suyun və kanalizasiya xidmətinin qiyməti artıb. Məlumat verək ki, qoşulmaların qiyməti təyin edilib. İndiyə kimi vahid tarif yox idi, bu da sui iatifadəyə yol açırdı. İndi vahid tarif var, kim yeni qoşulsa, bu tariflər üzrə ödəniş edəcəklər.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti"nin Mətbuat xidmətinin rəhbəri Ceyhun Musaoğlu “İki sahil”ə bildirib ki, indiyədək bu sahədə işlər dövlət tənzimlənməsi olmadan pərakəndə şəkildə fərqli məbləğlərlə həyata keçirilirdi: “Bu sahədə tənzimləmə qoşulma ilə bağlı xərcləri azaldacaq, dayanıqlı və keyfiyyətli xidmət göstərilməsinə öz töhfəsini verəcək, maliyyə şəffaflığına və uçot sisteminin təkmilləşdirilməsinə eyni zamanda, pərakəndəliyin aradan qaldırılması ilə sahibkarlar tərəfindən investisiya qoyuluşu zamanı xərclərin əvvəlcədən hesablanmasına şərait yaradacaq.”

Qeyd edək ki, əhali abonentləri üçün Bakı, Sumqayıt, Xırdalan şəhərləri, Abşeron rayonu üzrə su təchizatı şəbəkəsinə qoşulmanın birdəfəlik tarifi 200 manat, digər inzibati ərazi vahidləri üzrə isə 170 manat müəyyən edilib. Tullantı sularının axıdılması şəbəkəsinə qoşulma üzrə tariflər Bakı, Sumqayıt, Xırdalan şəhərləri, Abşeron rayonu üzrə 345 manat, digər inzibati ərazi vahidləri üzrə isə 290 manat səviyyəsində təsdiq edilib.

Sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrə qədər olan tikinti obyektləri üçün su təchizatı şəbəkəsinə qoşulmanın birdəfəlik tarifi borunun diametrinden asılı olaraq 995 manat və ya 1015 manat, tullantı sularının axıdılması şəbəkəsinə qoşulmaya görə 1635 manat məbləğində müəyyən edilib.

Qoşulma ilə əlaqədar tikinti obyektinin vəsaiti hesabına görüləcək işlər 30 metrədək məsafəni əhatə edir. Bu məsafə 30 metrdən artıq olduqda isə mövcud şəbəkə təchizatçı tərəfindən genişləndirilir və bunun üçün əlavə ödəniş tələb edilmir.