28 dekabr 2024 10:37
141

Həmrəylik azərbaycançılığın tərkib hissəsidir

Azərbaycan “Gülüstan” müqaviləsi ilə ikiyə bölünmüşdü. 90-cı illərdə Azərbaycanda milli-azadlıq hərəkatı genişlənmişdi. 1989-cu il dekabrın axırlarında Naxçıvanda İranla sərhəd dağıdıldı. 1989-cu il dekabrın 31-i Dünya azərbaycanlılarının həmrəyliyi bayramı oldu. 1990-cı ildə Naxçı­van­da bu günün ildönümü böyük coşqu ilə qeyd edildi. Bu hadisələr dünya azərbaycanlılarının həmrəylik niyyətinin rəsmi başlanğıcı kimi tarixləşdi.

Böyük tarixi şəxsiyyət Heydər Əliyev imperiyanın Bakıda törətdiyi faciəyə görə 1990-cı il yanvarın 21-də Moskvada Azərbaycanın daimi nümayəndəliyi qarşısında çıxışı azərbaycanlıların bu qətliama etirazının həmrəyliyi oldu, minlərlə azərbaycanlı “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” qürurunu həyat amalı bilən Ulu Öndərin ətrafında bir­ləş­di, bu birləşmə həmrəylik kimi tarixləşdi, xalqın adından səslənən fikirlər həmrəyliyin dön­məzliyinin təsdiqi oldu...

Böyük tarixi şəxsiyyət Heydər Əliyev hökumətin Azərbaycana qarşı bu qəddar siyasətinə etiraz olaraq vəzifəsindən də istefa verdi, partiya sıralarından da çıxdı, çətinliklə də olsa Naxçıvana qayıtdı. Xalqı ilə həmrəy olmağa...

Ümummilli Lider Heydər Əliyev deyirdi:  “Dünya azərbaycanlılarının həmrəyliyi gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliy­yətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir”.

1991-ci ilin 16 dekabrında Naxçıvan Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Naxçıvan Respublikası Ali Məclisii 6 bənddən ibarət qərar qəbul etdi. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə – Ali Sovetə müraciət edib. Dekabrın 25-də Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası müraciəti nəzərə alaraq dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə qanun qəbul etdi. 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi rəsmi dövlət bayramı oldu...

Ulu Öndər Naxçıvan Respublikası Ali Məclisinin sədri olanda Azərbaycanın daha nurlu sabahları naminə, Azərbaycanın iqtisadi qüdrətinin yüksəldilməsi naminə, Azərbaycan elminin, mədəniyyətinin, incəsənətinin inkişafı naminə vətənpərvərlik duyğularının Vətən naminə səfər­bərliyin – həmrəyliyin həyat, ömür fəlsəfəsi olduğunu bildirmişdi, dünya azərbaycanlılarının təş­kilatlanması üçün həmrəylik gününün təsis edilməsini təklif etmişdi.

Ulu Öndər deyirdi: “Biz gərək milli mənliyimizi həmişə yüksəkdə saxlayaq. Mənim üçün hər şeydən üstün mənim milli mənliyimdir. Milli mənliyim həmişə məni bütün çətin vəziyyətlərdən çıxarıb. Milli mənliyimə görə, istədiyim yolla gedə bilmişəm, istədiyimə nail ola bilmişəm və xalqıma xidmət edə bilmişəm. Ona görə milli mənliyimizi gərək itirməyək...”.

Dünya Azərbaycanlılarının Həmrəyliyinin təşkilati təsdiqi kimi 2001-ci ildə Dünya Azər­bay­canlılarının Bakı şəhərində I qurultayının keçirilməsi haqqında Sərəncam imzaladı. 400-dən çox nümayəndənin iştirak etdiyi bu qurultay mahiyyət baxımından həmrəylik oldu.

Dünya Azərbaycanlılarının Həmrəylik Günü amalın günüdür, əqidənin günüdür. İlin bir günü olsa da 365 gün düşüncələrdədi, niyyətlərdədi. Belə bir günün yaşanılan ilin son günü növbəti ilin başlanğıc günüdür, həm də həmrəyliyə yeni ehtiram gətirən gündür.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə 2006-cı ildə  Dünya Azərbaycanlılarının II qurultayı keçirildi. Bu, böyük tarixi şəxsiyyət Heydər Əliyevin siyasi kursuna, bu kursun müəyyənləşdirdiyi qərarlara sədaqətin ifadəsidir. Azərbaycan xalqı və ordusu Ali Baş Komandanın sərkərdəliyi ilə İkinci Qarabağ müharibəsində tarixi Zəfər qazandı. Bu, həm də ordu ilə xalqın birliyinin – həmrəyliyinin Zəfəri kimi tarixləşdi...

2022-ci il aprelin 22-də Şuşada Dünya azərbaycanlılarının V qurultayında Azərbaycan Respublikasının Prezidenti demişdi: “...biz hamımız – Azərbaycanda yaşayan azərbaycanlılar istəyirik ki, xaricdə yaşayan azərbaycanlılar öz tarixi Vətəni ilə sız bağlı olsunlar...”. Bu kəlamlar da həmrəyliyi şərtləndirən amillərdəndir və bu şərt milli ruhun yaşadılma andıdır. Həmin qurultayda çıxışında dövlət başçımız həm də dedi ki, “...biz Zəfər yolunu çəkmişik. Zəfər yolunu bizim əsgər və zabitlər ayaqla açdılar, o dağın, dərənin, meşənin içi ilə...”. Bu xatırlatmanın mahiyyəti Vətən müharibəsinin tarixi ilə bağlıdır, bu günümüzlə də səsləşir: Dünya azərbaycan­lı­larının həmrəyliyi Azərbaycan naminə siyasi maneələri də uğurla dəf edəcək...

 “Harada olursa-olsun azərbaycanlıların birlikdə, bərabər olması əsas şərtlərdən biridir. Biz çalışırıq ki, Azərbaycanın daxilində bütün qüvvələri toplayaq. Eyni zamanda, Azərbaycandan kənarda yaşayan azərbaycanlılar da öz qüvvələrini toplamalıdırlar. Ayrı-ayrı qüvvələrin, qrupların arasında fikir müxtəlifliyi ola bilər. Bu, təbii haldır. Ancaq Azərbaycanın müstəqilliyini qorumaq, ərazi bütövlüyünü saxlamaq üçün hamı bütün başqa fikirləri kənara qoyub birləşməli, bir hədəfə vurmalı, bir məqsədə xidmət etməlidir” , – Ulu Öndər Heydər Əliyevin bu kəlamları dünya azərbaycanlılarının həmrəylik manifestidir.

Həmrəylik azərbaycançılığın tərkib hissəsidir...

Səbinə Xasayeva,

Milli Məclisin deputatı