Bu, böyük nailiyyət və suverenliyin ən yüksək göstəricisidir
Qırx dörd günlük Vətən müharibəsində şanlı Azərbaycan Ordusu təcavüzkar Ermənistanı məğlub edərək işğal siyasətinə son qoydu. Otuz ilə yaxın işğal altında qalan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgərlərimizin və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edildi. Azərbaycanın ərazi bütövlüyü və tarixi ədalət bərpa olundu. Bu müharibə Müzəffər Ali Baş Komandan İlham Əliyevin şərtləri əsasında düşmənin kapitulyasiyası ilə başa çatdı.
İkinci Qarabağ müharibəsi başa çatandan dərhal sonra Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı üçtərəfli Bəyanata əsasən, Rusiya sülhməramlı kontingenti Qarabağda yerləşdirildi. Bu sənədə görə, sülhməramlılar ən azı 2025-ci ilin noyabrına qədər bölgədə qalmalı idi.
Gerçəklik odur ki, İkinci Qarabağ müharibəsi başa çatandan sonra təcavüzkar Ermənistan üçtərəfli Bəyanatla öz qanunsuz silahlı birləşmələrini Azərbaycan ərazisindən çıxarmaqla bağlı öhdəlik götürsə də, ötən müddət ərzində buna əməl etmədi. Azərbaycan ərazisinə qanunsuz yollarla silahlar, canlı qüvvə daşımaqda davam etdi. Qeyri-qanuni erməni silahlı birləşmələrinin mülki əhaliyə qarşı davam edən təxribatlarının qarşısının alınması və Qarabağ iqtisadi rayonu üzərində Azərbaycan Respublikasının tam nəzarətinin bərqərar edilməsi məqsədilə ölkəmizin silahlı qüvvələri tərəfindən 2023-cü ilin sentyabr ayında 24 saatlıq lokal xarakterli antiterror tədbirləri keçirildi. Bu tədbirlər nəticəsində separatçı rejimin fəaliyyətinə son qoyuldu, Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı birləşmələri ölkə ərazisindən tam çıxarıldı. Yaranmış vəziyyət nəzərə alınaraq ölkələrimizin ali rəhbərliyi tərəfindən Rusiya Federasiyasının sülhməramlı kontingentinin missiyasının vaxtından əvvəl dayandırılması barədə qərar qəbul edildi.
2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edildi. 2024-cü ilin yazında, daha doğrusu aprelin 17-dən Rusiya sülhməramlı kontingentinin Azərbaycan ərazisindən çıxarılması başlanıldı. Mayın 15-də isə Xocalı hava limanında Rusiya Federasiyası sülhməramlı kontingentinin missiyasının başa çatmasına həsr olunmuş təntənəli mərasim keçirildi.
Qeyd etdiyimiz kimi, 2020-ci ilin 10 noyabr Üçtərəfli Birgə Bəyanatın bir müddəasına əsasən Rusiya sülhməramlı kontingenti 2025-ci ildə ölkəmizdən çıxmalı idi. Hamımız yaxşı bilirik ki, bu bənd dövlətimizin başçının tələbi ilə Bəyanata salınmışdı. Prezident İlham Əliyevin məqsədi o idi ki, Rusiya hərbçilərinin ərazilərimizdə qalma müddəti uzun olmasın. Azərbaycan milli maraqlarının təmin edilməsinə yönəlik siyasəti sayəsində bunu bacardı. Rusiya sülhməramlı kontingentinin müxtəlif bəhanələrlə Qarabağda qalmaq cəhdlərinə baxmayaraq ölkəmizdən dinc yolla çıxarılması Azərbaycanın diplomatik uğuru, qələbəsi idi. Çünki ekspertlərin də bildirdiyi kimi, Azərbaycanın zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiya rəsmi Moskvanı Rusiya hərbiçilərinin Qarabağda qalması üçün heç bir bəhanənin, səbəbin qalmaması faktı ilə üz-üzə qoydu.
Yeri gəlmişkən, antimilli ünsürlərin, xaricdəki ermənipərəst dairələrdən maliyyələşən qərəzli konfliktoloq-ekspretlərin ötən müddət ərzində sülhməramlıların Azərbaycan ərazisindən heç vaxt çıxmayacağına dair sosial şəbəkələrdə tirajladığı və heç bir əsası olmayan iddialar da fiaskoya uğradı. Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması bir daha sübut etdi ki, Qarabağ məsələsi birdəfəlik bitib. Bu səhifə birdəfəlik qapadılıb. Bununla da Qarabağın Azərbaycana məxsus olması bir daha təsdiq olundu.
Bir məsələni qeyd etmək lazımdır ki, bundan əvvəl, hələ 2012-ci ildə Prezident İlham Əliyevin qərarı ilə Rusiya hərbçiləri Qəbələ RLS-dən çıxarılmışdı. Azərbaycan Respublikası hökuməti və Rusiya Federasiyası hökuməti arasında Qəbələ RLS-in statusu, istifadə prinsipləri və şərtləri haqqında Saziş” 2002-ci ildə imzalanıb. Rusiya 2012-ci il dekabrın 10-dan stansiyanın istismarını dayandırıb. 1984-cü ildə SSRİ-nin raket əleyhinə müdafiə sistemi kimi inşa edilmiş Qəbələ RLS Hind okeanı regionunda - 6 min km radiusda ballistik raketlərin buraxılışını izləməyə imkan verir. 2002-ci ildə imzalanmış sazişə müvafiq olaraq Rusiya RLS-in icarəsinə görə Azərbaycana ildə 7 milyon dollar ödəyib.
Nəhayət, bu gün Azərbaycan ərazisində hər hansı xarici dövlətin hərbi kontingenti, heç bir xarici hərbi baza yoxdur. Bu, böyük nailiyyət və suverenliyin ən yüksək göstəricisidir.
Zahid Rza, “İki sahil”