26 dekabr 2024 15:24
190

Azərbaycan dünyada olimpiya hərəkatı və idmanın inkişaf etdiyi ölkə kimi tanınır

İrqindən, dinindən asılı olmayaraq, müxtəlif millətlərin nümayəndələrini bir araya toplayaraq onların ədalətli oyun prinsipləri əsasında idman mübarizəsinə qoşulmasını təmin edən olimpiya oyunları beynəlxalq həyatın ən möhtəşəm və mötəbər bir tədbiridir. Bu tədbirdən heç bir dövlət kənarda qalmamağa, olimpiya oyunlarında layiqincə təmsil olunmağa çalışır. Çünki olimpiya oyunlarında göstərilən nəticə yalnız dövlətin idman həyatının deyil, həm də onun iqtisadi potensialının, ictimai, sosial-mədəni həyatının göstəricisidir. Olimpiya oyunlarında qazanılan yüksək nəticələr beynəlxalq miqyasda ölkənin imicini qaldırmaqla yanaşı, imkanlarını da nümayiş etdirir.

Azərbaycan idmançılarının olimpiya oyunlarında iştirakı 3 dövrə bölünür:

1952-1998 SSSR tərkibində

1992 MDB dövlətləri tərkibində

1996-cı ildən etibarən müstəqil olaraq

Dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın beynəlxalq olimpiya hərəkatında müstəqil və daha yaxından iştirakı üçün geniş imkanlar yarandı. Həmin dövrdə Milli Olimpiya Komitəsi qarşısında dayanan ümdə vəzifələrin həyata keçirilməsi üçün özünü kənarda qoymamalı, aparıcı rol oynamalı idi. Lakin 1997-ci ilədək bu istiqamətdə qeyd olunmalı işlər olduqca az idi və demək olar ki, nəzərə çarpmırdı. Həmin dövr üçün qeyd olunmalı ən mühüm hadisə yalnız 1996-cı ildə Azərbaycanın müstəqil dövlət kimi ilk dəfə olimpiya oyunlarına qatılması idi. Atlanta Olimpiya Oyunlarına hazırlıq işlərinin həyata keçirilməsinə də yalnız dövlət strukturları cəlb olunmuşdu.

1996-cı ildə Atlantada qazanılmış bir gümüş medal o dövrdə ölkəmiz üçün uğurlu nəticə olsa da, yetərli deyildi. Azərbaycan idmansevərləri və idmançıları olimpiya oyunlarında təkcə iştirak etməklə qane olmaq istəmirdilər. Hamı başa düşürdü ki, Azərbaycanın beynəlxalq miqyasda tanınmasında MOK daha çox işlər görə bilər və görməlidir. Ona görə də Azərbaycanda idman və olimpiya hərəkatı sahəsində MOK-un fəaliyyətində əsaslı dönüş yaratmaq tələb olunurdu.

17 il əvvəl Azərbaycanda olimpiya hərəkatı yeni mərhələyə qədəm qoydu

MOK-un 1997-ci ilin 31 iyulunda keçirilmiş növbəti Baş Məclisində bütün bu məsələlər ciddi müzakirə olundu. Məlum oldu ki, istedadlı idmançılarımız, məşqçi və mütəxəssislərimizin bir qismi ölkədən getmişdir, idmançıların məşq və yarışlarda iştirakı, onların sosial vəziyyəti acınacaqlı haldadır. Belə bir vəziyyətlə barışmayan Baş Məclis MOK-un İcraiyyə Komtəsinin yeni tərkibini seçdi. Yekdil səsvermə nəticəsində İlham Əliyev MOK-un prezidenti seçildi.

Elə ilk günlər göstərdi ki, bu seçimdə MOK səhv etməyib. MOK-un və idmanımızın bu məsələdə daha çox qazandığı tezliklə aydın oldu. Gözlənildiyi kimi, yeni prezident fəaliyyətə coşqun enerji və işə bələdliklə, mövcud durumu maksimum düzgün qiymətləndirməklə idmanımızı dirçəltməyin yol və vasitələrini dəqiq müəyyənləşdirib dərhal hərəkətə keçməyə başladı. İdmançılarla, idman mütəxəssisləri ilə ardıcıl, kollektiv və fərdi görüşüb, söhbətləşib, fikir mübadiləsi apardı. Həm də ilk görüşdəki çıxışındaca ortaya əməli plan və proqram qoydu.

Beləliklə, 1997-ci ildə cənab İlham Əliyevin MOK-un prezidenti seçilməsi ilə respublikamızda olimpiya hərəkatının və bütövlükdə idmanın inkişafında yeni mərhələnin əsası qoyuldu. İlk növbədə Azərbaycan olimpiya hərəkatının real vəziyyəti öyrənildi, mövcud problemlər aşkara çıxarıldı. İşə əngəl törədən amillər müəyyənləşdirildi və onları aradan qaldırmaq üçün təxirəsalınmaz tədbirlərin görülməsinə başlanıldı. Azərbaycanın olimpiya oyunlarında layiqincə təmsil olunmasını təmin etmək, beynəlxalq əlaqələrin qurulması və MOK-u beynəlxalq olimpiya ailəsində nüfuzlu bir təşkilata çevirmək, idmanın bütün növlərini inkişaf etdirmək, idmançılar üçün təlim-məşq toplanışlarını təşkil etmək, onların sosial vəziyyətini yaxşılaşdırmaq, idmançı uğurunu və əməyini qiymətləndirmək, ölkədə idmanın maddi-texniki bazasını inkişaf etdirmək, beynəlxalq yarışların keçirilməsinin Azərbaycana salınmasına nail olmaq, beynəlxalq və qitə olimpiya komitələrinin, digər beynəlxalq idman qurumlarının tədbirlərinə fəal qoşulmaq, idmanın kütləviliyini artırmaq, uşaq və yeniyetmələri idmana cəlb etmək kimi məsələlər MOK-un fəaliyyətinin əsas istiqamətləri oldu.

Olimpiya oyunları dünya xalqlarının və ölkələrinin bir-birinə tanıdılması, təbliğ olunması baxımından əvəzsiz rol oynayır. Bu ali yarışlar ümumbəşəri dəyərlərə bağlılıq, milli maraqların, eyni zamanda xalqlar arasında bərabərliyin və dostluğun qorunması, fiziki və mənəvi cəhətdən sağlam nəsil yetişdirilməsi, əmin-amanlıq, sülh deməkdir. Bu oyunlar bütün dünyada ən populyar yarışlardır. Həmin yarışlar çərçivəsində milyonlarla insan bir yerə toplaşır. Bu mənada onlar getdikcə daha böyük ictimai-siyasi anlam kəsb edir. Beləliklə, cənab İlham Əliyevin MOK-un prezidenti seçilməsindən sonra ölkədə bədən tərbiyəsi və idman geniş vüsət aldı, respublikamız beynəlxalq olimpiya hərəkatına qoşuldu, bu sahədə sistemli şəkildə qlobal işlər görüldü. Azərbaycan Respublikasının Milli Məclisi 1997-ci ildə "Bədən tərbiyəsi və idman haqqında" qanun qəbul etdi. Bu qanun idmanın inkişaf etdirilməsinin hüquqi əsaslarını müəyyənləşdirdi, dövlətin idman siyasətinin göstəricilərindən birinə çevrildi. Azərbaycan idmançıları müstəqil olaraq 8 olimpiya oyunlarında iştirak edərək Atalantada 1 , Sİdneydə 3, Afinada 5 , Pekində 6, Londonda 9, Rioda 18, Tokoida 7, Parisdə isə 7 medal qazanaraq Olimpiya xəzinəmizə 54 medal qazandırıblar. Olimpiya komplekslərinin mövcudluğu olimpiya hərəkatının inkişafına töhfə verən amillərdən biridir. Göründüyü kimi, MOK Azərbaycanda idmanın, olimpiya hərəkatının, sözün əsl mənasında, möhtəşəm inzibati-idman mərkəzini yaradıb, idmanın maddi-texniki bazasının genişləndirilməsi və müasirləşdirilməsi istiqamətində böyük uğurlar əldə edib. Ona görə də bu gün Azərbaycanda təkcə beynəlxalq idman yarışları deyil, həmçinin idmanla bağlı böyük tədbirlər də ölkəmizə həvalə edilir. İdman sahəsində gerçəkləşdirilən dövlət siyasəti, olimpiya ideallarının təbliği, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, tikilmiş müasir olimpiya kompleksləri və digər tədbirlər nəticəsində ölkəmiz mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkana, dünyanın idman mərkəzlərindən birinə çevrilib. Hazırda Azərbaycan təkcə müəyyən kateqoriyalı beynəlxalq yarışların deyil, eyni zamanda qitə və dünya çempionatlarının keçirildiyi dövlətdir. Beynəlxalq yarışların regionlarda təşkili sahəsində də böyük nailiyyətlər qazanılıb.

Bəyazid İsazadə,
Elm və Təhsil Nazirliyinin Fiziki tərbiyə fənni üzrə eksperti,
Xətai rayonu İlqar Cəfərov adına 260№ tam orta məktəbin Fiziki tərbiyə müəllimi