Azərbaycanın müstəqil və balanslaşdırılmış xarici siyasət yürütməsi dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. Siyasətçilər və politoloqlar mətbuata bildirirlər ki, Cənubi Qafqazda yeganə söz sahibi və sərbəst siyasət aparan ölkə Azərbaycandır. Digər iki dövlətdən fərqli olaraq Azərbaycan hansısa qüvvənin diktəsi ilə oturub-durmur, tərəf tutan beynəlxalq təşkilatlara üzv olmur, xarici münaqişələrə qoşulmur, etibarsız tərəfdaşlarla isti münasibət qurmur, müstəmləkə əsarətində əziyyət çəkən xalqlara və millətlərə kömək əlini uzadır və s. Bir ay əvvəl Bakıda keçirilən COP29 konfransında iştirak edən dövlətlərin nümayəndələri də öz çıxışlarıda bunu vurğuladılar. Konfransın təşkil edilməsi və yüksək səviyyədə keçirilməsi bu faktı bir daha sübut etdi. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında dəfələrlə bəyan edib ki, təmsil etdiyi ölkə başqalarına yalnız xoş məram, dostluq və əməkdaşlıq təklif edir. Ölkəmiz bu mövqeyini həyata keçirdiyi bir neçə irimiqyaslı qlobal iqtisadi layihələrli ilə təsdiq edib. Həmin layihələr ətrafında dünyanın onlarla böyük dövlətləri birləşib. Bütün bunlara nümunə kimi təkcə ”Əsrin müqaviləsi” adlandırılan neft kontraktlarını və Cənub Qaz Dəhlizini xatırlamaq kifayət edər. "Əsrin müqaviləsi"dnə ABŞ-ın, İngiltərənin, Yaponiyanın, İtaliyanın, Türkiyənin və digər ölkələrin böyük şirkətləri pay sahibi olublar. Cənub Qaz Dəhlizi Avropanın on ölkəsinə qədər uzanır və bu dəhliz "qoca qitə"ni Rusiyanın yanacaq asılılığından xilas edib. Başqa böyük beynəlxalq layihlər də icra edilib. Həm də nəzərə alaq ki, bu iri layihələr ərazilərimizin Ermənistanın işğalı altında qaldığı illərdə reallaşdırılıb. Buna baxmayaraq Azərbaycan daim özünü iqtisadi əməkdaşlıq, barış və sülh dövləti kimi tanıdır. Ona görə də görülən işlər, həyata keçirilən siyasət diqqəti müsbət mənada cəlb edib.
"Azərbaycan hər şeyi düzgün edir. Bu, Ermənistan və Gürcüstanda baş verənlərlə müqayisədə çox yaxşı mənada faydalı görünür."
Bu fikri rusiyalı politoloq Pavel Klaçkov “Moskva-Bakı”ya müsahibəsində Bakının Amerika dövlət katibinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü keçirmək təklifindən imtinasını şərh edərkən deyib. O, daha sonra söyləyib: "Azərbaycan sübut etdi ki, o, Rusiyanın şəffaf, konstruktiv tərəfdaşıdır, ona arxalana biləcək müttəfiqdir. Hər iki ölkə üçün strateji əhəmiyyət kəsb edən çoxlu sayda layihələrmiz var. Azərbaycanın siyasəti tarazlı, məqsədi düşünülmüş olması ilə seçilir, bütün risklər mərhələ-mərhələ hesablanır, siyasətdə tərəddüd yoxdur, məntiqlə qurulub. Artıq bir ildən çoxdur ki, rəsmi Bakı ABŞ-ı açıq-aşkar tənqid edir, hansısa “ağaya” boyun əymir, çünki Azərbaycanda Ermənistandan fərqli olaraq, ağa yoxdur. Azərbaycan müstəqil, suveren siyasət aparır”.
Klaçkov qeyd edib ki, rəsmi Bakı artıq Amerikanın yeni administrasiyası ilə əlaqələr qurur: “Azərbaycana heç kimlə münasibətlərdə mürəkkəb vəziyyət lazım deyil, lakin Bayden administrasiyası Vaşinqtonla Bakı arasında münasibətləri çətin vəziyyətə salıb. Bakı isə bütün qlobal oyunçularla konstruktiv münasibətlərə can atır, lakin milli maraqları bahasına deyil. Bakının ABŞ-ın indiki siyasətinə səbri tükənib.”
Göründüyü kimi, Azərbaycan heç kimlə münasibətlərdə münaqişə istəmir, özü otuz ildən artıq münaqişədən əziyyət çəkib. Həmin müddətdə külli miqdarda maliyyə vəsaitləri hərbi sahəyə, ordunun gücləndirilməsinə xərclənib. Həmin illərdə biz hamı ilə qarşılıqlı normal iqtisadi-siyasi münasibətlər zəminində davranmağa çalışırdıq. İndi də bu xətti davam etdiririk. Lakin karyerasını artıq başa vurmuş Cozef Bayden administrasiyası Vaşinqtonla Bakı arasında münasibətləri mürəkkəb vəziyyətə salıb. Dediyimiz kimi, Azərbaycan dövləti bütün qlobal oyunçularla konstruktiv münasibətlərə can atır. Çox güman ki, ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın administrasiyası iki ölkə arasında vəziyyətin normal məcraya yönəlməsinə töhfə verəcək. Çünki Cənubi Qafqazda ABŞ-a tərəfdaş olacaq dövlət Azərbaycandır. Hazırkı dolaşıq beynəlxaq şəraitdə sözü ilə əməli eyni olan, mövqeyində sabit qalan ölkə çox azdır və Azərbaycan ardıcıl məqsədyönlü siyasət yeridən həminaz dövlətlərdən biridir. Bizimlə əməkdaşlıq tərəfdaşlarımıza yalnız iqtisadi səmərə gətirə bilər.
Vəli İlyasov, "İki sahil"