Ermənistan daha bir tarixi müttəfiqini itirdi
Suriyada Bəşər Əsəd rejiminin sona çatması yalnız bölgənin deyil, dünya siyasətinin də diqqət mərkəzində olan bir hadisədir. Bu hadisə uzun illər Əsədin yanında olan və onunla sıx əlaqələr qurmuş bir çox ölkələr, xüsusən də Ermənistan üçün ciddi siyasi və strateji nəticələr doğurub. Suriyada baş verənlər Ermənistanın həm daxili, həm də xarici siyasətində yeni bir dönəmin başlanğıcı olmaqdadır. Əsəd rejiminin devrilməsi Ermənistana bölgədəki strateji dəstəklərini itirməsi ilə nəticələnib, bu da onun Yaxın Şərqdəki mövqeyini zəiflədir.
Ermənistan-Suriya əlaqələri uzun illər ərzində sıx olmuşdur. Bəşər Əsədin hakimiyyəti dövründə bu əlaqələr daha da möhkəmlənib, iki ölkə bir çox sahədə əməkdaşlıq edib. Ermənistanın baş naziri Nikol Paşinyan 2018-ci ildən sonra Suriya ilə əlaqələrini yüksək səviyyədə saxlamağa çalışıb. 2021-ci ilin may ayında Paşinyan Əsədin prezident seçkilərindəki qələbəsi münasibətilə onu təbrik edərək iki ölkə arasında dostluq və əməkdaşlığın daha da möhkəmlənməsini arzulamışdı. Əsəd də öz növbəsində Paşinyana bənzər təbriklər göndərmiş, Ermənistanla əlaqələrini dəstəkləyəcəyini bəyan etmişdi.
Bu əlaqələrdə diqqəti cəlb edən cəhətlərdən biri iqtisadi sahədəki əməkdaşlıqdır. Suriya xüsusən də Ermənistanın ərzaq və enerji ehtiyaclarını ödəmək məqsədilə müxtəlif məhsullar göndərmişdir. Ermənistanın kənd təsərrüfatı və ərzaq məhsullarına olan tələbatını qarşılamaq üçün Suriya bu məhsulları Ermənistan bazarlarına çatdırmış, həmçinin Ermənistana enerji təminatı məqsədilə neft məhsullarını güzəştli şərtlərlə göndərmişdir. Bu əlaqələr iki ölkə arasında bir çox iqtisadi müqavilələrin imzalanmasına, o cümlədən tikinti və ərzaq sənayesi sahələrində daha sıx əməkdaşlığa səbəb olmuşdur. Bundan əlavə, Ermənistan və Suriya arasında ticarət dövriyyəsinin artırılması üçün ortaq iqtisadi forumlar təşkil edilmiş, bir neçə konkret layihə həyata keçirilmişdir. Bu iqtisadi əməkdaşlıq fonunda iki ölkə arasında siyasi əlaqələrin də daha sıx xarakter aldığı müşahidə olunurdu.
Ötən dövrdə Ermənistan-Suriya münasibətləri yalnız iqtisadi layihələrlə məhdudlaşmır, həm də strateji maraqlara xidmət edən addımlarla gücləndirilib. Bu kontekstdə Bəşər Əsədin rejimi Ermənistanın Qarabağdakı separatçı qüvvələrinə hərtərəfli dəstək göstərmişdir. Əsəd rejimi işğal altında olan Azərbaycan torpaqlarına Suriyadan erməni ailələrinin köçürülməsi məsələsində də aktiv olmuşdur. Bu proses 2008-ci ildən başlayaraq həyata keçirilmiş, erməni ailələri Suriyadan işğal altındakı Azərbaycan ərazilərinə köçürülmüşdür. Bu qeyri-qanuni məskunlaşdırma beynəlxalq hüququn kobud şəkildə pozulmasına səbəb olmuş, Suriya hökuməti və Ermənistan arasında gizli razılaşmalarla həyata keçirilmişdir. Ermənistan, Suriyadakı erməni ailələrini yalnız yaşayış təmin etməklə qalmamış, həm də onlara mülkiyyət hüquqları vermişdir. Bu ailələr Ermənistan pasportu alaraq artıq Ermənistana vətəndaş kimi daxil olmuşlar. Bu əməliyyat Azərbaycanın ərazi bütövlüyünü pozan, beynəlxalq hüquqa zidd olan bir təşəbbüs idi.
Suriyada fəaliyyət göstərən erməni terror təşkilatları da Əsəd rejimi ilə sıx əlaqə qurmuşdur. Bu təşkilatlar regionda qeyri-qanuni hərbi əməliyyatlar həyata keçirərək Əsəd rejiminə dəstək vermişlər. "Nubar Ozanyan" adına erməni batalyonu bu terror təşkilatlarının ən tanınmışı olmuşdur. Batalyon PKK-nın Suriya qolu olan YPG ilə birgə fəaliyyət göstərmiş və bölgədəki qeyri-qanuni hərbi əməliyyatlarda iştirak etmişdir. Ermənistanın bu terror təşkilatlarını dəstəkləməsi yalnız hərbi deyil, həm də maliyyə baxımından diqqəti cəlb edir. Xüsusilə Fransadakı erməni icması "Nubar Ozanyan" batalyonunun ən əsas maliyyə dəstəkçilərindən biri olmuşdur. Bu qrupun fəaliyyəti bölgədəki qeyri-sabitliyi artırmış və beynəlxalq təhlükəsizliyə ciddi təhdidlər yaratmışdır.
Ermənistanın Suriyadakı hərbi iştirakı rəsmi olaraq "mina təmizləmə və humanitar yardım" olaraq təqdim edilsə də əslində bu hərbi əməliyyatlar Əsəd rejiminə dəstək məqsədini güdməkdə idi. Ermənistan, Suriyada öz hərbi iştirakını gücləndirməklə, həmçinin Əsəd rejiminə beynəlxalq dəstəyini artırmağa çalışmışdır. Ermənistanın hərbçilərinin Suriya ordusunun nəzarətində olan strateji ərazilərdə fəaliyyət göstərdikləri barədə məlumatlar mövcuddur. Bu hərəkətlər Əsəd rejiminin hərbi üstünlüyünü təmin etməyə xidmət etmişdir.
Bundan əlavə, Ermənistan Suriyada erməni icmasının təhlükəsizliyini təmin etmək bəhanəsi ilə öz hərbi qüvvələrini yerləşdirmiş və bu addıma həm Azərbaycan, həm də Türkiyə tərəfindən ciddi şəkildə etiraz edilmişdir. Bu addımlar Ermənistanın bölgədəki hərbi varlığını artırmaq məqsədini güdürdü və nəticədə Ermənistanın Suriyadakı hərbi iştirakının genişlənməsi regionda təhlükəsizlik təhdidlərini artırmışdır.
Bəşər Əsəd rejiminin devrilməsi Ermənistan üçün yalnız Suriyada deyil, həm də bütün regionda ciddi siyasi nəticələr doğurmuşdur. Əsəd rejimi artıq tarixə qarışıb, Ermənistan isə yeni bir dövrə daxil olub. Ermənistanın Suriyadakı mühüm müttəfiqi olan Əsədin devrilməsi ona bölgədəki strateji dəstəyini itirməsi ilə nəticələnib. Bu, şübhəsiz Ermənistanın həm daxili, həm də xarici siyasətində dərin çatlar əmələ gətirəcək.
Nigar Orucova, “İki sahil”