Dövlətimizin başçısı İlham Əliyev 2022-ci ildə Polşanın Katovitse şəhərində kecirilən Ümumdünya Şəhər Forumunun 11-ci sessiyasında videoformatda çıxışı zamanı belə bir çağırışı etmişdir ki, Azərbaycan Ümumdünya Şəhər Forumunun növbəti sessiyalarının birinə ev sahibliyi etmək arzusundadır və buna hazırdır
Azərbaycan dünyaya şəhərsalmanın müasir təcrübəsini təqdim etməklə diqqətdədir. Qeyd edək ki, hazırda işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri ölkəmizin bu sahədə zəngin təcrübəsini dünyaya təqdim edir. Bunun bariz nümunəsi kimi 2022-ci ildə Ağdam, 2023-cü ildə Zəngilan şəhərlərində keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunu qeyd edə bilərik. Onu da qeyd edək ki, dövlətimizin başçısı İlham Əliyev 2022-ci ilin iyun ayında, həmçinin Polşanın Katovitse şəhərində Ümumdünya Şəhər Forumunun «Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək» mövzusunda 11-ci sessiyasında videoformatda çıxışı zamanı həm paytaxt Bakımızın, həm də hazırda bərpa-quruculuq dövrünü yaşayan işğaldan azad edilmiş ərazilərimizin timsalında müasirliklə qədimliyin sintezinin yaradılmasını əsaslı şəkildə tədbir iştirakçılarının diqqətinə çatdırmışdı. Həmin çıxışında cənab İlham Əliyev belə bir hədəfi də diqqətə çatdırmışdı ki, Azərbaycan Ümumdünya Şəhər Forumunun növbəti sessiyalarının birinə ev sahibliyi etmək arzusundadır və buna hazırdır: «Əminəm ki, yüksək səviyyəli beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə böyük təcrübəyə malik ölkə olan Azərbaycanda Ümumdünya Şəhər Forumunun keçirilməsi uğurlu olacaqdır.»
Bu əminliyin təsdiqi olaraq qeyd edə bilərik ki, 2026-cı ildə Bakıda keçiriləcək 13-cü Dünya Şəhərsalma Forumuna hazırlıq işlərinə artıq başlanılıb. Dünya Şəhərsalma Forumu şəhərsalma sahəsində dünyanın ən böyük beynəlxalq tədbiridir və hər iki ildən bir təşkil olunur. Forumun əsas koordinatoru BMT-nin məskunlaşma üzrə ixtisaslaşmış təşkilatı olan UN Habitat-dır. Hazırda UN Habitat ilə sıx əməkdaşlıq çərçivəsində Forumun təşkilati məsələləri, proqramı, məzmunu və iştirakçılarla bağlı hazırlıq işləri görülür. Dünya Şəhərsalma Forumu BMT tərəfindən təşkil edilən ikinci ən böyük tədbir hesab olunur. Bu il Bakıda keçirilən COP29 iqlim konfransında da şəhərsalma mövzusu əsas müzakirə mövzularından biri oldu. Gələcək COP tədbirlərində də bu istiqamətdə işlər davam etdiriləcək. 2026-cı ilin may ayında Bakının ev sahibliyi edəcəyi Forum çərçivəsində bir sıra nazirlərin iclasları, dəyirmi masalar və digər tədbirlərin keçirilməsi planlaşdırılır. Hazırlıq işləri artıq koordinasiyalı şəkildə həyata keçirilir və tədbirin yüksək səviyyədə təşkilinə xüsusi diqqət yetirilir. 13-cü Dünya Şəhərsalma Forumu 2026-cı il mayın 18-22 tarixlərində keçiriləcək.
Paytaxt Bakımız hər zaman gözəlliyi, müasirliklə qədimliyin vəhdətini yaratması ilə göz oxşayıb. Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən, 1993-cü ildə Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra ölkəmizdə sabitliyin bərpası ilə iqtisadi durumun yaxşılaşdırılması istiqamətində atılan addımlar ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin sayının artmasına, Azərbaycanın böyük investisiyalar məkanına çevrilməsinə səbəb oldu. Yaradılan möhkəm təməl 2003-cü ildən bu günəgək islahatlar prosesinin dərinləşməsinə geniş imkanlar yaratdı. Dövlət başçısı İlham Əliyevin yeniliyə, təkmilləşməyə marağı atılan hər addımda öz təsdiqini tapır. Azərbaycan beynəlxalq maliyyə qurumlarının hesabatlarında ən islahatçı ölkə kimi qərarlaşdı. Bu islahatlar ölkənin siyasi, iqtisadi qüdrətinin yüksəlməsini təmin etdiyi kimi, paytaxtımızın, şəhər və kəndlərimizin simasının dəyişilməsinə də töhfəsini verir. Dünyanın aparıcı dövlətlərinin, eyni zamanda, nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında paytaxt Bakımız füsünkar gözəlliyi ilə liderliyini qoruyur. Belə ki, dünyanın «Ən yaşamalı şəhərlər»in reytinq cədvəl və hesabatında yer alan şəhərlər arasında Bakının adının çəkilməsi Azərbaycanda aparılan sosial, iqtisadi inkişafın məntiqi nəticəsidir. Prezident İlham Əliyevin «Mən demişəm, bir daha demək istəyirəm ki, vaxt gələcək deyəcəyik ki, Bakı dünyanın ən gözəl şəhəridir» sözləri bu gün real həyatda əksini tapır. Hesabatlarda bu fikirlər də xüsusi qeyd edilir ki, Azərbaycan təkcə enerji resurslarının zənginliyi ilə deyil, həm də yüksək səviyyədə ev sahibliyi etdiyi mötəbər tədbirlərlə də dünyanın diqqətini cəlb edir. Ən mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkan kimi uğur qazanan Azərbaycan haqqında söylənilən «Baxın indi Azərbaycana. Belə möcüzəli iqtisadi inkişaf kimin ağlına gələrdi» fikirləri artıq heç kimi təəccübləndirmir. Dünyada tanınan elm, mədəniyyət ictimaiyyətinin iştirak etdiyi forumlarda, dialoqlarda, simpoziumlarda iştirak edən qonaqların qitələri birləşdirən Azərbaycanı sivilizasiyalararası dialoq mərkəzi adlandırmaları Avropa mədəniyyətini Şərq dəyərləri ilə sintez edən ölkəmiz haqqında belə təsəvvür yaradır ki, Avropadan Azərbaycana baxdıqda bəzi hallarda Azərbaycan Asiya ölkəsi kimi təqdim olunur. Asiya tərəfindən Azərbaycana baxdıqda Avropa ölkəsi kimi təqdim edilir. Neft kapitalının insan amilinə çevrilməsi çağırışına uyğun inkişafda olan Azərbaycan daim yeniləşən, müasirləşən respublikadır. Təbii ki, bu inkişaf paytaxtdan başlayaraq bölgələri də əhatə edir. «Bakının özünəməxsus, spesifik aurası, tarixi, tarixi siması vardır» söyləyən cənab İlham Əliyevin imzaladığı Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrası nəticəsində paytaxtımızın memarlıq abidələri Şərq üslubu saxlanılmaqla bərpa edilir, müasirliklə qədimliyi tamamlayan yeni binalar tikilir.
Dövlətimizin başçısı İlham Əliyev Polşanın Katovitse şəhərində Ümumdünya Şəhər Forumunun «Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək» mövzusunda 11-ci sessiyasında videoformatda çıxışı zamanı bu mühüm məqamları da tədbir iştirakçılarının diqqətinə çatdırdı ki, Bakının və Azərbaycanın digər şəhərlərinin müasirləşdirilməsi və yenidən qurulması zamanı biz şəhərlərin inkişafı baxımından yeni imkanlar və təcrübə əldə etmişik. Ən gözəl şəhərlərdən biri hesab olunan Bakı misilsiz memarlığı, park və bulvarları ilə tarixi irs və müasirliyin ahəngliyini özündə birləşdirir.
Beynəlxalq əhəmiyyətli möhtəşəm tədbirlərə ev sahibliyi baxımından Azərbaycan xoşbəxt ölkə adlandırılır. «Şərqin Parisi», «Qoca Şərqin estetik təcəssümü» adlandırılan Bakının yeni simvolları və rəmzləri olan, adı dünya memarlıq inciləri ilə bir sırada çəkilən Heydər Əliyev Mərkəzi, «Alov qüllələri», «Ağ şəhər», «Bakı Kristal Sarayı», salınan yeni istirahət mərkəzləri, beşulduzlu otellər, prospektlər Azərbaycanın inkişaf dinamikasını göstərən abidələr sırasındadır. İnkişaf strategiyamızın təzahürü kimi dünya şəhərlər xəritəsində Bakının adı ilk sıralarda çəkilir. Birinci Avropa Oyunlarına hazırlıq mərhələsində Bakı Olimpiya Stadionu, Heydər Əliyev adına İdman-Konsert Kompleksi, Bakı Su İdman Sarayı, Bakı Atıcılıq Mərkəzi kimi obyektlərin açılması paytaxtımıza əlavə gözəllik bəxş etməklə ölkə gənclərinin idmana maraq və həvəsinin artırılmasında da əvəzsiz rol oynamışdır.
Bakı və Bakıətrafı ərazilərin inkişafına dair Dövlət proqramlarının icrası nəticəsində siması dəyişən, modernləşən, qədim, tarixi memarlıq nümunələri müasir siması ilə uzlaşan paytaxtımız turizmin inkişafı baxımından da cəlbedicidir. Bu inamı şərtləndirən amillər saysızdır. Prezident İlham Əliyevin daxili və xarici siyasətinin başlıca məqsədi Azərbaycanı müasirləşdirmək, dünyanın inkişaf etmiş ölkələri ilə bir səviyyəyə yüksəltmək, beynəlxalq aləmdə nüfuz və söz sahibinə çevirməkdir. Son illərdə cənab İlham Əliyevin rəhbərliyi ilə paytaxtımızda həyata keçirilən abadlıq-quruculuq işləri, şəhər sakinlərinin, qonaqların, turistlərin istirahəti üçün salınan parklar, qədim memarlıq abidələrinin bərpası və təmiri Bakını dünyanın ən gözəl şəhərlərindən birinə çevirib. Dənizkənarı Milli Parkımızda yaradılan şəraitə heyran qalan qonaqlar dünyanın heç bir ölkəsində belə möhtəşəm bulvara rəst gəlmədiklərini etiraf edirlər. Son illərdə paytaxt sakinlərinə töhfə olan «Qış parkı»nın davamı, şəhərin Baş Planın icrasına əsasən tənzimlənən yol-nəqliyyat infrastrukturu həm də hərəkətin təhlükəsizliyinin təminatında, şəhərdə tıxacların azaldılmasında mühüm rol oynamaqla Bakının müasirləşdirilməsini təmin edir. Dövlət başçısı İlham Əliyev Ümumdünya Şəhər Forumunun 11-ci sessiyasında «Paytaxt Bakının tarixi simasını qorumaqla bərabər, biz onun infrastrukturunun yenidən qurulmasına və müasirləşdirilməsinə nail olmuşuq. Qeyd etmək lazımdır ki, Bakının və Azərbaycanın digər şəhərlərinin müasirləşdirilməsi və yenidən qurulması zamanı biz şəhərlərin inkişafı baxımından yeni imkanlar və təcrübə əldə etmişik. Ən gözəl şəhərlərdən biri hesab olunan Bakı misilsiz memarlığı, park və bulvarları ilə tarixi irs və müasirliyin ahəngliyini özündə birləşdirir» fikirləri ilə paytaxt Bakının keçdiyi inkişaf yolunun aydın mənzərəsini təqdim etmişdir.
Bu gün paytaxt Bakı ilə yanaşı, hazırkı dövrdə əsas prioritet məsələ olan işğaldan azad edilmiş ərazilərimizin müasir tələblər səviyyəsində qurulmasından da bəhs edirik. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdən sonra qarşıda dayanan əsas vəzifələrdən biri 30 ilə yaxın torpaq həsrəti ilə yaşayan soydaşlarımızın öz doğma yurd-yuvalarına qayıdışlarının təmin edilməsidir. Dövlət başçısı İlham Əliyevin Sərəncamı əsasında təsdiqlənən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də qarşıdakı dövr üçün prioritetlər və onların icra mexanizmləri öz əksini tapıb. Böyük Qayıdışın qısa zamanda reallığa çevrilməsi, işğaldan azad edilmiş ərazilərdə müasir və abad yaşayış mühitinin formalaşdırılması üçün atılan addımlar sistemli xarakter daşıyır. Yeni yanaşmaların, müasir innovasiyaların tətbiq edildiyi bu ərazilərdə iqtisadi fəaliyyətin bərpası ölkəmizin dayanıqlı inkişafına dəstək olacaq. Dövlət başçısı İlham Əliyev Ümumdünya Şəhər Forumunun 11-ci sessiyasında «Azərbaycanın öz ərazilərini Ermənistanın 30 illik işğalından azad etməsi ilə nəticələnən 2020-ci il Vətən müharibəsindən sonra bizim üçün dayanıqlı şəhər inkişafı daha böyük dəyər kəsb edir. Ermənistan Azərbaycan torpaqlarının 30 illik işğalı zamanı şəhər və kəndləri qəsdən dağıdaraq, hər bir mədəni və dini abidəni talan edərək həmin əraziləri urbisid və kultursidin bariz nümunəsinə çevirib. Bəlkə də İkinci Dünya müharibəsindən sonra şəhərlərin bu miqyasda dağıdılması dünyanın heç bir yerində baş verməyib. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinib. Ağdam şəhəri o dərəcədə dağıdılıb ki, əcnəbi mütəxəssislər onu Qafqazın Xirosiması adlandırıblar. Füzuli şəhəri işğaldan azad edildikdən sonra Azərbaycan Ordusu orada bayrağımızı dalğalandırmağa bir dənə də olsun tikili tapa bilməyib» kimi reallıqları diqqətə çatdıraraq yaşananların fonunda Azərbaycan xalqının heç zaman ruhdan düşmədiyini, daim quruculuqla məşğul olduğunu diqqətə çatdırıb. Bu gün də dünya xalqımızın necə qurucu, yenilikçi xalq olduğunun şahididir. Bütün işğaldan azad edilmiş şəhər və kəndəlrimiz Baş plan, «ağıllı şəhər» və «ağıllı kənd» layihələri əsasında bərpa edilir. Ölkə Prezidentinin qeyd etdiyi kimi, Azərbaycan tərəfindən belə iri miqyasda aparılan yenidənqurma işləri azad edilmiş ərazilərimizi şəhər inkişafı sahəsində mükəmməllik laboratoriyasına çevirir. Azərbaycan bu sahədə nəhəng təcrübəsini beynəlxalq ictimaiyyətlə bölüşür.
Qısa təhlil əsasında bu ümumiləşdirməni apara bilərik ki, Azərbaycan hər sahədə təkmil təcrübəsi ilə dünyaya nümunədir. Hazırda böyük fəxr və inamla qeyd etdiyimiz reallıqlardan biri budur ki, nəinki paytaxt Bakımız, həmçinin bütün bölgələrimiz, o cümlədən 28 ildən sonra azadlığına qovuşmuş torpaqlarımız dünyanın diqqətindədir. Azad Qarabağımız, azad Şuşamız beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan kimi qəbul olunursa, bu, ölkəmizin iqtisadi qüdrətinin, həmçinin sabitləşdirici faktor kimi mövqeyini möhkəmləndirməsinin nəticəsidir. Qarabağın tacı Şuşa diplomatik mərkəz olmaqla yanaşı, iqtisadi mahiyyət daşıyan tədbirlərin keçirilməsi üçün də əlverişli məkan kimi dəyərləndirilir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan azad edilmiş ərazilərdə müasir şəhər planlaşdırılması həyata keçirir, «yaşıl enerji» və «sıfır tullantı» konsepsiyalarını tətbiq edir.
Bu günlərdə dünyanın diqqətini növbəti dəfə Azərbaycana yönəldən COP29 ölkəmizin malik olduğu imkanların təqdimatında əhəmiyyətli rol oynadı. Azərbaycanın yaşıl enerjiyə keçidi təqdir edildi. Dövlətimizin başçısı İlham Əliyev COP29-un Liderlər Sammitindəki çıxışında bir daha bu çağırışı etdi ki, biz yaşıl keçidin güclü carçısı olacağıq və bunu edirik.
Tarixi Zəfərimiz Azərbaycanın hər sahədə qazındığı uğurlara yeni əlavələrin edilməsinə böyük stimul oldu. Azad edilmiş ərazilərimiz, eyni zamanda, idarəetmənin müasir formasını təqdim edir. Bu ərazilər erməni vəhşiliklərinin təqdimatında öz sözünü deyir. Belə ki, tarixi Zəfərimizdən ötən dörd ildə iki dəfə- Ağdam və Zəngilan şəhərlərində keçirilən Azərbaycan Milli Şəhərsalma Forumu özündə bütün məqamları ehtiva edir. Belə ki, cənab İlham Əliyev Ağdamda keçirilən “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumunda bildirmişdir ki, hazırda biz keçmiş məcburi köçkün və qaçqınları öz doğma yurdlarına mümkün qədər tez bir zamanda geri qaytarmaq üçün nəhəng bir çağırışla üz-üzəyik. Cənab İlham Əliyev onu da qeyd etmişdir ki, bu tədbir Ağdamın beynəlxalq əlaqələrinin başlanğıcıdır. Ağdam və dünyanın bir çox şəhərləri qardaş şəhərlər olacaq. Sovet İttifaqının vaxtında Ağdam Qarabağda ən böyük, həyatla coşub-daşan şəhər idi və Azərbaycanda hər kəs bunu bilir. Əraziləri işğaldan azad etdikdən sonra xarici ekspertlər, jurnalistlər buraya gəldilər və Ağdama bir neçə ad verdilər. Bu adlardan biri «urbisid qurbanı» idi. Bu da tamamilə doğru idi. Digər ad «ruhlar şəhəri» idi. Bu da tamamilə doğrudur: «Biri də “Qafqazın Xirosiması” idi. Lakin Xirosimadan fərqli olaraq, dağıntılar atom bombasının partlaması nəticəsində baş verməmişdir, bu, qonşularımızın vandalizmi və barbarlığı nəticəsində olmuşdur. Lakin indi biz qayıtmışıq, biz güc yolu ilə geri qayıtdıq, biz beynəlxalq hüquq normalarından istifadə edərək geri qayıtdıq və biz burada yaşamağa, əbədi yaşamağa geri qayıtdıq.”
Ötən il Zəngilanda «Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi» mövzusunda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimində cənab İlham Əliyev artıq geniş miqyas alan bərpa və yenidənqurma işlərinin fonunda soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışından bəhs etdi. Zəngilan rayonunun Ağalı kəndi «ağıllı kənd» layihəsinin ilk iştirakçısı oldu. Ağalı kəndi ilk olaraq sakinlərinə qovuşdu.
Tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirlərin əhatə etdiyi mövzuların yeni sahələrə həsr olunmasında və coğrafiyasının genişlənməsində də özünün aydın ifadəsini tapır. Azərbaycanın hər sahədə zəngin təcrübəsi bu tədbirlərdə təqdir edilir.
Yeganə Əliyeva, “İki sahil”