Dekabrın 11-də Alpinizm Federasiyasının idman zalında Gənclər və İdman Nazirliyi və Azərbaycan Alpinizm Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında idman dırmanması üzrə yarışlara yekun vurulub.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən "İki sahil"ə verilən məlumata görə, yarışda iştirak edən FHN-in 4 nəfərdən ibarət idman dırmanma üzrə komandasının üzvləri yüksək nailiyyətlər əldə etməyi bacarıblar. Belə ki, qadınlar arasında Bakı Regional Mərkəzinin əməkdaşı daxili xidmət leytenant Leyla Əliyeva ən yüksək hündürlüyə hamıdan cəld dırmanaraq bütün rəqiblərinə qalib gəlib və çempion adını qazanıb. Qadınlar arasında komandanın digər üzvü – Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı gizir Sima Səfərova gümüş, kişilər arasında isə Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı gizir Anar Novruzov bürünc medalın sahibi olub.
Qaliblər Gənclər və İdman Nazirliyinin diplom və medalı ilə mükafatlandırılıblar.