05 dekabr 2024 13:15
303

Beynəlxalq ictimaiyyət zorla yurdlarından çıxarılmış azərbaycanlıların geri qayıtmaq hüququnun təmin olunması məsələsinə həssas yanaşmalıdır

Dekabrın 5-də Qərbi Azərbaycan İcmasının təşkil etdiyi “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” adlı II beynəlxalq konfrans çərçivəsində “Münaqişələrdən təsirlənən regionlarda barışıq və sülh quruculuğu səyləri” mövzusunda panel sessiyası təşkil edilib.

“İki sahil” xəbər verir ki, panel Qərbi Azərbaycan İcmasının üzvü, Milli Məclisin deputatı Qaya Məmmədovun moderatorluğu ilə keçirilib.

Paneldə çıxış edən Pakistan İslam Respublikası Milli Assambleyasının üzvü Ammar Əhməd Xan Leqari, Madrid Muxtar Universitetinin İqtisadi İdarəetmə Məktəbinin Elmi Məsləhət Komitəsinin üzvü Uriarte Sançes Karlos, ADA Universitetində İnkişaf və Diplomatiya İnstitutunun nümayəndəsi Damyan Krnjeviç-Mişkoviç, Böyük Britaniyada “Sülhpərvər planet” qeyri-hökumət təşkilatının təsisçisi Lord Arnold Dunkan MakNeir və Amerika Dini Azadlıq Mərkəzinin baş direktoru Cannah Skott mövzu ətrafında fikir mübadiləsi aparıb, barışıq və sülh quruculuğu proseslərinin əhəmiyyətini vurğulayıblar.

Bildirilib ki, azərbaycanlılar və ermənilər sülh şəraitində yaşamalıdırlar. Belə ki, regionda sülhü bərqərar etmək çox mühüm məsələdir. Beynəlxalq ictimaiyyət zorla öz yurdlarından çıxarılmış azərbaycanlıların geri qayıtmaq hüququnun təmin olunması məsələsinə daha həssas yanaşmalı, regionda davamlı sülhün qurulması üçün bu hüququn həyata keçirilməsinə dəstək verməlidir.

Müzakirələr zamanı sülh quruculuğunun yalnız ədalətin bərpası şəraitində mümkün olduğu, zorla didərgin salınmış insanların hüquqlarının tanınmasının isə bu prosesin əsas komponentlərindən biri olduğu bildirilib. Panel iştirakçıları münaqişələrdən təsirlənən regionlarda davamlı sülhün bərqərar olunması üçün beynəlxalq səylərin gücləndirilməsinin əhəmiyyətini xüsusilə vurğulayıblar.

Çıxışçılar Bakıda keçirilən COP29 konfransına toxunaraq iqlim dəyişikliyi, ətraf mühitin qorunması istiqamətində keçirilən tədbirlər sırasında dünyada insan hüquqları barədə konfransların da təşkilinin əhəmiyyətindən bəhs ediblər. Həmçinin qeyd edilib ki, azərbaycanlıların etnik təmizləməyə məruz qalması səbəbindən Ermənistanda yaşayan azərbaycanlıların əmlak hüquqları da müzakirə mövzusudur.

Paneldə çıxışlar zamanı Ermənistanın nüvə elektrik stansiyasından istifadə etdiyini və bununla da nüvə materiallarının sızması təhlükəsi yarandığı qeyd olunub. Bildirilib ki, bu, nəinki Ermənistana, həm də Azərbaycana və qonşu ölkərə təsir edir. Odur ki, heç kimin havanı çirkləndirmək hüquqi yoxdur.