17 noyabr 2024 02:29
94

Yeniyetmələr daha az ailə dəstəyi alır və daha çox məktəb stresi ilə mübarizə aparırlar - ÜST xəbərdarlıq edib

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) çərşənbə günü ölkələrin yeniyetmələrin sosial mühitlərini yaxşılaşdırmalı olduqları barədə xəbərdarlıq edib. Avropa, Kanada və Mərkəzi Asiyada gənclər əvvəlkindən daha az ailə dəstəyi və daha çox məktəb təzyiqi hiss edirlər.

“ÜST Avropa”nın bildirdiyinə görə, ailə dəstəyinin yüksək səviyyədə olduğunu deyən yeniyetmələrin payı  73%-dən 67%-ə, qızlar arasında isə bu azalma daha da nəzərə çarparaq 72%-dən 64%-ə düşüb.

Gənclər həm də getdikcə daha çox məktəb təzyiqini bildirirlər.

2022-ci ildə 15 yaşlı qızların demək olar ki, üçdə ikisi və ya 63%-i məktəb işləri ilə bağlı təzyiq hiss etdiklərini bildiriblər.

"Bu gün yeniyetmələr sosial mühitlərində evdəki dəstəyin azalmasından məktəbdə artan təzyiqə qədər görünməmiş problemlərlə üzləşirlər. Bu, onların sağlamlıqları və gələcək həyat perspektivləri üçün potensial uzunmüddətli nəticələrə gətirib çıxara bilər",- ÜST-nin Avropa üzrə regional direktoru Hans Kluqe bildirib.

ÜST bildirib ki, yüksək səviyyədə ailə dəstəyi barədə məlumat verən yeniyetmələr daha varlı ailələrdə rast gəlinir və onların çox vaxt məhdud və ya mövcud olmayan dəstəyi bildirənlərdən daha yaxşı psixi sağlamlığı olur.

Hesabatda həmçinin qeyd olunub ki, gənclərin həmyaşıdlarına dəstəyi azalıb, 61%-dən 58%-ə düşüb. Bu da ən çox qızlar arasında müşahidə olunub.

"Qızlar tez-tez akademik mükəmməlliyə dair rəqabət gözləntiləri ilə ənənəvi sosial rollar arasında qalırlar, oğlanlar isə güclü və özünə güvənən görünmək üçün təzyiqlə üzləşə bilər ki, bu da onları lazımi dəstək axtarmaqdan çəkindirir", - hesabatın müəlliflərindən biri İrene Qarsiya-Moya bəyanatda deyir.

ÜST, "əhəmiyyətli gender bərabərsizliyini" nəzərə alaraq, yeniyetmələri dəstəkləmək üçün hərəkətə ehtiyac olduğunu söyləyib.

“Məktəb mühitləri siniflərdə uşaqların sayının azaldılması, mentorluq proqramlarının həyata keçirilməsi və sosial-emosional öyrənmənin kurrikuluma inteqrasiyası yolu ilə daha inklüzivləşdirilməlidir”,-deyə Kluqe bildirib. O, əlavə edib ki, məktəblər balanslaşdırılmış ev tapşırığı siyasətləri, təhsil bacarıqlarına dəstək və müntəzəm şagird-müəllim yoxlamaları ilə artan stress səviyyələrini həll etməlidirlər.

Hökumətlər həmçinin aztəminatlı ailələr üçün ünvanlı maliyyə dəstəyi həyata keçirməli və valideynlərə uşaqlarına, xüsusən də yeniyetmə qızlara dəstək olmaq üçün valideynlik proqramlarına sərmayə qoymalıdırlar.

ÜST-nin təqdim etdiyi tədqiqatda Avropa, Kanada və Mərkəzi Asiyanın 44 ölkəsində 11, 13 və 15 yaşlı təxminən 280 min gənc arasında keçirilən sorğunun nəticələrinə istinad edilib.

Nubar Süleymanova, “İki sahil”