16 noyabr 2024 10:42
62

Tariximizi şərəfləndirən Zəfər

Müstəqilliyimizin şərəf səhifəsinə, tariximizin qəhrəmanlıq salnaməsinə çevrilən Vətən müharibəsi işğal altında olan torpaqlarımızın azad edilməsi ilə nəticələndi. Azərbaycanın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılan Qarabağ Zəfəri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qüdrətli sərkərdəliyi, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına qazanıldı. Xalqımız və rəşadətli Ordumuz 44 gündə şanlı tarix yazaraq 30 illik işğala son qoydu, ərazi bütövlüyümüz bərpa olundu.

 Bu qələbə ilə Prezident İlham Əliyev Azərbaycanı qalib ölkəyə, Azərbaycan xalqını qalib xalqa çevirdi. Bu möhtəşəm Qələbə, eyni zamanda milli birliyin təntənəsi oldu, Azərbaycanın hərbi və iqtisadi gücünü dünyaya nümayiş etdirdi. Xalqımız bu müharibədə yumruq kimi bir oldu, vətən torpaqları uğunda ayağa qalxdı. Bu müharibə xalqımızın əyilməz ruhunu göstərdi. 44 gün ərzində dünya Azərbaycanı yenidən tanıdı, onun rəhbərinin yenilməzliyinə, siyasi müdrikliyinə şahidlik etdi.

Tarixi torpaqlarımız olan Qarabağın Azərbaycan ərazisi kimi tanınmasına baxmayaraq beynəlxalq ictimaiyyət, xüsusən artıq keçmişdə qalmış problemin həlli ilə məşğul olan təşkilatlar bu məsələdə həmişə ikili standartlardan çıxış etdilər, həqiqəti deməkdən, işğalçını öz adı ilə çağırmaqdan uzaq oldular. Təsadüfi deyil ki, 1992-ci ildən münaqişənin yoluna qoyulmasında vasitəsçilik missiyasını üzərinə götürən ATƏT-in Minsk qrupu bir addım belə irəli gedə bilmədi. Hətta zaman-zaman Azərbaycana öz milli maraqlarının əksinə olaraq güzəştə getməsi üçün təsir etməyə cəhd göstərdilər. Eyni zamanda problemin həlli ilə məşğul olanlar düşünürdülər ki, zaman ötdükcə Azərbaycan xalqı reallıqlarla barışacaq. Bu gün həm dönüb tarixə ekskurs edəndə, həm də Vətən müharibəsinin yaratdığı yeni reallıqlar fonunda görürük ki, artıq tarixə qovuşmuş Minsk qrupunun həmsədri olmuş Fransanın məqsədi əslində Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılması imiş.

Lakin xalqımız reallıqlarla nəinki barışmadı, hətta günlərin birində torpaqlarımızın işğaldan azad olunacağına inamını heç vaxt itirmədi. Bu inamını yaşadan isə xalqımızın Ulu Öndər Heydər Əliyevin başlatdığı və Prezident İlham Əliyevin qətiyyətlə davam etdirdiyi qətiyyətli siyasət idi. Məhz bu siyasətin göstəricisi kimi sülh danışıqlarında Ermənistanın və dünya erməniliyinin maraqlarına xidmət edən təşəbbüslərin, o cümlədən Azərbaycana qarşı olan bütün təzyiqlərin və təsirlərin qarşısı alındı. Buna görə xalqımız əmin idi ki, dövlətimiz qarşıya qoyulmuş bütün hədəflərə inamla çatdığı kimi, yeganə ağrılı problemimiz olan işğal altındakı topaqlarımızı da azad edəcək.

2003-cü ildə ilk dəfə Azərbaycan Prezidenti seçilən cənab İlham Əliyev  həmin il oktyabrın 31-də keçirilən andiçmə mərasimində demişdi: «Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaqdır. Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir».

Prezident İlham Əliyev  sülh danışıqlarına sadiq qalmaqla yanaşı, ordumuzun döyüş hazırlığını da yeni mərhələyə yüksəltdi. Silahlı Qüvvələrimizin bütün qoşun növlərində ən müasir çağırışlara uyğun islahatlar həyata keçirildi, hərbi arsenalımız modern silah və texnika ilə zənginləşdirildi. Vətən müharibəsinə qədər keçirilən paradları Azərbaycan Silahlı Qüvvələrinin yüksək döyüş imkanlarından xəbər verdi. Bütün bunların fonunda Prezident İlham Əliyev hər zaman bəyan etdi ki, Azərbaycan dövləti öz ərazilərində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək və sülh danışıqları nəticəsiz qalarsa, müharibə yolu ilə torpaqlarını işğaldan azad edəcək.

Qeyd etmək lazımdır ki, Ermənistanın yürütdüyü siyasət artıq 2020-ci ilin payızına doğru sülh danışıqlarını tamamilə mənasız etmişdi.  2020-ci ilin sentyabrın 27-də erməni silahlı qüvvələrinin cəbhə xəttində törətdikləri növbəti hərbi təxribat isə hərbi əməliyyatları yenidən alovlandırdı. Həmin gündən «Dəmir yumruq» əməliyyatına başlayan Azərbaycan Silahlı Qüvvələri öz tarixi missiyasını qəhrəmancasına yerinə yetirməyə başladı. Bir-birinin ardınca kənd və şəhərlərimiz düşmən tapdağından azad edildi. Qarabağın mirvarisi olan Şuşa şəhərinin işğaldan azad olunmasından isə  Ermənistanın öz hərbi  məğlubiyyətini etiraf etməkdən və Azərbaycanın şərtlərinin yer aldığı 10 noyabr Üçtərəfli Bəyanatını imzalamaqdan başqa yolu qalmadı.  Beləliklə, 44 günə «dəmir yumruq»la düşməni darmadağın edən Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci ilin noyabr ayının 10-da Azərbaycanın tam qələbəsini elan etməsi müasir tariximizin ən böyük hadisəsi oldu. Şuşa şəhərinin azad edildiyi 8 noyabr tarixi isə cənab İlham Əliyevin sərəncamı ilə Zəfər Günü elan olundu.

Üçtərəfli Bəyanata uyğun olaraq Azərbaycanın qələbəsinin, Ermənistanın isə kapitulyasiyasının siyasi-hüquqi təsdiqi oldu. Bununla Ermənistan üzərində bir sıra öhdəliklər də  götürdü, Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə də atılmadan işğaldan azad edildi.

Azərbaycanın zəfəri ilə başa çatan Vətən müharibəsi regionda yeni reallıqlar yaratdı. Bu reallıqların göstəricisi kimi ATƏT-in Minsk qrupunun ömrünü başa vurdu və onun fəaliyyətinə ehtiyac duyulmadı. O cümlədən Ermənistanın və onun havadarlarının Qarabağla bağlı status iddiaları da tarixin arxivinə göndərildi.

2023-cü il sentyabr ayının 19-20-də isə Azərbaycan Ordusunun həyata keçirdiyi lokal antiterror tədbirlərinin nəticəsi olaraq cəmi 23 saat ərzində Qarabağdakı erməni separatizminə birdəfəlik son qoyuldu. Separatçı rejimin ləğv edilməsi ilə Azərbaycan dövləti bu ərazilər üzərində suverenliyini tam bərqərar etdi. Bu separatizminə son qoymaqla Azərbaycan təkcə Ermənistana yox, həm də torpaqlarımızda ikinci erməni dövlətini yaratmaq istəyən dünya erməniliyini, Fransanı, qərbin digər siyasi dairələrini məğlub etdi. Bu hadisə bir daha göstərdi ki, heç bir xarici qüvvə öz milli maraqlarını təmin edən Azərbaycanın qarşısını ala bilməz.

Torpaqlarımızın işğaldan azad edilməsindən sonra Azərbaycan tarixinin yeni mərhələsinə qədəm qoyub. Bu mərhələnin əsas hədəfi işğaldan azad olunmuş ərazilərin bərpasıdır. Prezident İlham Əliyevin azad olunmuş rayonlara səfərləri zamanı infrastruktur obyeklərinin istifadəyə verilməsi hər birimizdə qürur doğurur və görünən odur ki, dövlətimiz Qarabağ və Şərqi Zəngəzuru ən qısa vaxtda yenidən qurmaqla doğma ellərindən köçkün düşmüş bütün vətəndaşlarımızın layiqli həyat şəraitini təmin edəcək.

Vətən müharibəsindən sonra Azərbaycanın qədəm qoyduğu yeni mərhələnin digər göstəricisi dövlətimizin beynəlxalq mövqelərinin möhkəmlənməsi, qlobal nüfuzunun yüksəlməsi,  xalqımızın dünyada qalib kimi tanınmasıdır. Bütün bunları təmin edən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Təsadüfi deyil ki, məhz Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan bu gün tarixinin ən qüdrətli dövrünü yaşayır! Bu siyasət hər zaman Azərbaycanın milli maraqlarını layiqincə təmin edəcək.

Afaq Musayeva,
Bakı şəhəri 221 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi