Azərbaycan mühüm beynəlxalq görüşlərə ev sahibliyi etməsi ölkənin diplomatik nüfuzunu artırıb və özünü regional lider kimi göstərib. Azərbaycanın COP29 kimi beynəlxalq tədbirə ev sahibliyi etməsi də bu uğuru davam etdirəcək,enerji transformasiyası və ekoloji məsuliyyət sahəsində liderlik iddiasını gücləndirəcək.
Bu fikirləri “İki sahil”ə özəl açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım söylədi.
Ş.Ayrım əlavə etdi ki, beynəlxalq tədbir torpaqları işğaldan azad edilmiş bütöv Azərbaycanın dünya miqyasında tanıdılması üçün də xüsusi əhəmiyyət kəsb edir.
"Belə tədbirlər Azərbaycanın tanıdılması baxımından da çox vacibdir. Azərbaycanın nüfuzu, dünyada güvəni, etibarı, ölkəyə turist axını gündən-günə artır. Azərbaycanı daha gözəl gələcək gözlədiyinə inanıram", - o vurğulayıb.
Onun sözlərinə görə, COP29-un Bakıda keçirilməsinə Türkiyə hökuməti də xüsusi əhəmiyyət verir:”Türkiyə olaraq biz də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Azərbaycanda keçirilən 29-cu sessiyasını (COP29) dəstəkləyir və qürur duyuruq”.
Yaqut Ağaşahqızı, “İki sahil”