09 noyabr 2024 19:55
376

Şuşa zəfərinə gedən yol

Qarabağın  azadlığı uğrunda müharibənin  44  gündən artıq bir zaman ölçüsü var.Bu mübarizənin  real  tarixi Ümummilli  liderimiz Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması çağına təsadüf edir.Heydər Əliyev bütün çıxışlarında Azərbaycanın öz torpaqlarını yağı düşməndən mütləq azad edəcəyini  inam və cəsarətlə vəd edirdi. Onun varisi, Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev Heydər Əliyevin bu vədini,bu istəyini cəsarətlə yerinə yetirdi.  2020-ci il sentyabrın 27-də Ermənistanın  bizim yaşayış məntəqələrimizi atəşə tutması Prezident,Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətilə nəticələndi. Ali Baş Komandan Ermənistan silahlı qüvvələri tərəfindən açılan atəşlər və mülki əhali və hərbçilərimiz arasında itkilərimizin olduğunu xalqa xəbər verdi və bu müraciətilə düşmənə qarşı müharibə elan edildiyini bildirdi. Və elə həmin andan başlayaraq Prezident, Ali Baş Komandanımız müzəffər ordumuzun uğurlarını hər gün AzTV-nin efirindən xalqımıza xəbər verməyə başladı. Prezident oktyabrın 26-da xalqa  müraciətində belə bir  fikir səsləndirdi: “Əziz  həmvətənlər!  Bir aya yaxındır ki,  ikinci Qarabağ müharibəsi davam edir.  Bu müharibə xalqımız üçün Vətən müharibəsidir. Vətən torpaqlarımızı düşməndən azad edirik.  Bu müddət ərzində şanlı Azərbaycan ordusu bir çox yaşayış məntəqələrini düşməndən azad edibdir.  Biz döyüş meydanında tarixi ədaləti bərpa edirik.”   Prezidentin buradakı ilk cümləsində bizim apardığımız ədalətli müharibənin adı dəqiqləşdi:  Vətən müharibəsi! Sonra bu müharibə daha ciddi uğurlarla davam etdi.  Bu müharibə Şuşanın azad edilməsi ilə bitməli idi.  Çünki düşmən elə bilirdi ki,heç bir ordu Şuşanı onlardan azad edə bilməz.  Amma düşmən unudurdu ki,indiki Azərbaycan ordusu Xalq Cəbhəsi hakimiyyətindəki  pərakəndə, nizamsız ordu deyil.İndi bu ordunun  İlham Əliyev kimi Ali Baş Komandanı və yumruq kimi birləşmiş əsgərləri var.  Və bu qəhrəman əsgərlərimiz  2020-ci il noyabrın 8-də müqəddəs Şuşamızı düşməndən azad etdi. Ali Baş Komandan həmin gün qalib xalqa qürurla müraciət etdi:  “Əziz həmvətənlər,əziz bacılar və qardaşlar.  Böyük fəxarət və qürur hissilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi!  Şuşa bizimdir!  Qarabağ bizimdir!  Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm!  İyirmi səkkiz il işğal altında olan Şuşa azad edildi...  2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır.   Bu tarix əbədi yaşayacaq.   Bu,bizim Şanlı Qələbəmizin,  zəfərimizin günüdür!”

Göründüyü kimi,  Ali Baç Komandan Şuşaya gedən yolun Qələbə anını-2020-ci il n0yabrın    8-ni” Zəfər günü “ kimi tarixə saldı biz hər il bu günü qürur hissilə qeyd edirik.

Həmin gün müzəffər Ali Baş Komandan İlham əliyev və Mehriban xanım Fəxri Xiyabanda və Şəhidlər Xiyabanında olub,  və elə oradan da  xalqımıza müraciətlə çıxış edib.  Və həm də Ümummilli liderimiz Heydər Əliyevə-atasına Qələbə hesabatı verib.

2020-ci il noyabrın 10-da İlham Əliyev və Rusiya prezidenti  Vladimir Putin videokonfrans formatında görüşərək Ermənistanın kapitulyasiya protokolunu imzalamasını təşkil ediblər.
Ermənistanın təslimçilik aktını imzalaması Şuşaya gedən yolun zəfərlə bitməsi barədə rəsmi sənəd oldu.  Bir az keçdi və Prezidentin sərəncamı ilə Füzulidən  Şuşaya sürətlə başa çatan yol salındı.  Şuşaya gedən bu yolun adını da Prezident özü qoydu: “Zəfər yolu” .  Bir az keçdi və bu yol öz ucalığı ilə  Xankəndiyə qədər uzandı:   Azərbaycan Prezidentinin fərmanı ilə Ermənistan ordusunun Xankəndidəki qalıqlarını oradan çıxarmaq üçün xüsusi bir əməliyyat keçirildi. Azərbaycan ordusu cəmi 23 saat müddətində həmin zəlil ordu qalıqlarını   Xankəndidən çıxardı   və  Azərbaycan torpaqlarına  “sahib “ çıxmış  Ruben Vardanyan,   Davit Manukyan, Arayik Harutunyan kimi yağı düşmən komandirlərini həbs edib Bakıya gətirdi.  Prezidentimizin  göstərişi  ilə düşmənin  Qarabağda məhv edilən və hətta salamat şəkildə qoyub qaçdıqları silah-sursat yığını bakıya gətirildi.  Və düşmənə nifrət simvolu kimi  bugünkü və  gələcək nəsillərə nümayiş  etdirmək üçün  “Qənimətlər Parkı” yaradıldı. Prezident   “Qənimətlər Parkı”nın açılışında yaddaşlarımıza həkk olunan bu sözləri dedi: ”Ermənistanda vəd edirdilər ki, çox keçməyəcək , Ermənistan   tankları Bakıda cövlan edəcək. Bəli,  bu bir həqiqət imiş:   Ermənistan tankları həqiqətən Bakıda-Qənimətlər parkındadır”.

Şuşaya gedən yolda, Zəfər yolunda qanlarını,canlarını qurban vermiş şəhidlərimizin ruhu indi cənnətdə rahatdır. Çünki bu qələbəni xalqımıza Qüdrətli ordumuzun qüdrətli,  qəhrəman əsgərləri bəxş etmişdir.  

Belə bir dini-fəlsəfi deyim var : “Bütün yollar məbədə aparır.”  Amma burda bir düzəlişə ehtiyac var:” Bütün” yollarmı məbədə aparır? Xeyr, məbədə ancaq haqq yolu aparır. 44 günlük Vətən müharibəsindəki hər çıxışında  prezident   İlham  Əliyev bu müharibəni “ bizim haqq yolumuz” kimi izah edirdi. Şuşaya aparan Yol bizim “ haqq yolumuz” oldu. Bu haqq yolunda Uca Tanrı ordumuzun, onun Ali Baş Komandanının və bütöv Azərbaycanımızın yanında oldu.Ona görə Şuşaya aparan yol milli tariximizə “ müqəddəs” epiteti ilə  birgə yazıldı. İndi bu yol bizim and yerimizdir: And olsun Şuşa yoluna!

Şəlalə  Rəhimova,
Heydər  Əliyev  adına  liseyin tarix  müəllimi