06 noyabr 2024 16:04
287

Şuşanın azad edilməsi Azərbaycan Ordusunun hərb tarixinə qızıl hərflərlə yazıldı

İkinci Qarabağ müharibəsində Azərbaycanın parlaq qələbəsi nəinki ölkə tarixinin, bütövlükdə dünyanın hərbi əfsanəsinə çevrildi.  Xüsusilə alınmaz qala olan və sərt relyefə malik olan Şuşanın işğaldan azad edilməsi isə hələ də nəinki, erməniləri, hətta dünyanın  hərbi ekspertlərini belə heyrətləndirir.

Qeyd edək ki, Prezident İlham Əliyev Şuşanın işğalda qalmasını qəbuledilməz hal kimi dəyərləndirirdi. O deyirdi: « Hər bir kəndin dəyəri, qiyməti o biri kəndlə müqayisədə, o biri şəhərlə müqayisədə eynidir, bərabərdir. Ancaq siz də yaxşı bilirsiniz ki, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edibdir. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar.»

Bəli, Ali Baş Komandan vəd etdiyi kimi, qədim Şuşamızın işğaldan azad edilməsini təmin etdi. 8 noyabrda ordumuzun qəhrəman hərbçiləri alınmaz qala hesab edilən Şuşanı böyük fədakarlıqla azad etdi. Hətta bu döyüşləri xarici hərbi ekspertlər, o cümlədən erməni generalları əfsanə adlandırdılar. Sıldırım qayaları dırmaşaraq əlbəyaxa döyüşlər həyata keçirən Azərbaycan hərbçiləri Şuşada Ermənistan hərbi birləşmələrini bir gün ərzində məhv etmişlər. 

Azərbaycanda «Qarabağın döyünən ürəyi» və «Sən tarixin özüsən, Azərbaycanın gözüsən» deyə bəhs etdikləri Şuşa şəhərinin işğaldan azad olunması xəbərinin Ali Baş Komandan tərəfindən elan edilməsi xalqımızı və dostlarımızı çox sevindirdi. Çoxlarına görə, bu tarixi şəhərin azad olunması Azərbaycan tərəfinə 44 gün davam edən döyüşlərdə həlledici üstünlük verdi. Bəzilərinə görə isə bu, artıq Azərbaycanın təxminən 30 il müddətində işğalda qalmış torpaqlarını azad etdiyi müharibədə tam qələbəsi idi.

Bəli məhz 1992-ci il  mayın 8-də itirdiyimiz Şuşa şəhəri 28 il sonra 2020-ci il 8 noyabrında Ali Baş Komandanımızın rəhbərliyi ilə geri qaytarıldı. Bununla da Azərbaycan xalqıının 28 illik Şuşa həsrəti sona yetdi. Bu  müjdəni  Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqımıza məhz Dövlət Bayrağı Günündə verdi.  Azərbaycan bəlkə də son bir əsrdə bu qədər sevinc, qürur yaşamamışdı, bayrağa bu qədər sevgi görməmişdik. Bu tarixi müjdəyə sevinən xalqımız Azərbaycanın bütün şəhər və bölgələrində üç rəngli bayraqlarımızı dalğalandıraraq bir daha Bayrağımıza, qələbəmizə olan sevgilərini böük coşqu ilə nümayiş etdirdilər. Şuşaya bayrağımızın sancıldığı 2020-ci ilin 8 noyabr günü Azərbaycan tarixinə əbədi həkk olundu. Nəinki hərbi ekspertlərin, elə ermənilərin özlərinin də dediyi kimi, «kim Şuşaya nəzarət edirsə, Qarabağa da o nəzarət edir».

Bəli, Şuşanı azad edən Azərbaycan Ordusu tarix yazdı. Arzumuz reallıq oldu. Şuşa öz sahibinin oldu. Lakin bu bəs deyildi. Biz hər bir qarış torpağımızı, hər bir daşımızı, ağacımızı, yurdumuzu-yuvamızı sonuna qədər istəyirdik. Şuşa azad edildikdən dərhal sonra noyabrın 9-u bayraq günündə Prezident İlham Əliyev 71 kəndin, bir qəsəbənin və 8 strateji yüksəkliyin işğaldan azad edildiyi barədə ölkə ictimaiyyətini yenidən sevindirdi. Beləliklə də, Şuşanın alınması Ermənistanı tam tərk-silah etdi, onun bütün manevr imkanları puç oldu, ölkə və dünya ictimaiyyətini aldatmaq taktikası bütün anlamını itirdi. Düşmənin ağ bayraq qaldırmaq və kapitulyasiya etməkdən başqa çıxış yolu qalmadı.
 1993-cü ildən ötən dövr ərzində böyük əziyyətlər hesabına əldə edilən nailiyyətlər, qazanılan uğurlar zərrə-zərrə bizi möhtəşəm qələbəyə yaxınlaşdırdı. 2003-cü ildən sonrakı mərhələdə İlham Əliyev diplomatiyasının apardığı fəal iş Azərbaycanın haqlı mövqeyinin beynəlxalq hüquqi əsaslarını daha da möhkəmləndirdi.

Nazimə Şamıyeva,
YAP Füzuli rayon təşkilatının sədri