Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə "Yaşıl dünya naminə həmrəylik ili" ilə əlaqədar silsilə tədbirlər çərçivəsində növbəti toplantı Sumqayıt şəhər Heydər Əliyev prospekti -7 ünvanında yerləşən Sumqayıt Tibb Mərkəzində keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirdə Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, Sumqayıt Tibb Mərkəzinin direktoru YAP fəalı Elnur Azadxanov və digər partiya üzvləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov geniş nitq söyləyərək qeyd etdi ki, COP29-un siyasi töhfələrini saymaqla bitirmək olmaz. Ölkəmizin BMT-yə təqdim etdiyi son “İqlim Planı”na görə, Azərbaycan 2030-cu ilə qədər bərpa olunan enerjinin 30%-lik hədəfinə çatmaq yolunda olduğunu, həmçinin 2050-ci ilə qədər karbon emissiyalarını 40% azaltmağı hədəflədiyini bəyan edib. COP29 dünya birliyinin ölkəmizə etimadının göstəricisi olmaqla yanaşı, bundan sonrakı fəaliyyət planlarının da tərəfimizdən uğurla icra ediləcəyinin təzahürüdür.
Daha sonra çıxış edən Sumqayıt Tibb Mərkəzinin direktoru YAP fəalı Elnur Azadxanov bildirib ki, COP29-un Azərbaycanda keçirilməsi Azərbaycannın bir çox ölkələr və beynəlxalq təşkilatlarla siyasi əlaqələrinə öz müsbət təsirini göstərəcək.
Sonrakı çıxışçılar COP29 kimi qlobal konfransın Azərbaycanda keçirilməsinin inkişaf etməkdə olan ölkələrə nümunə olacağını qeyd ediblər.