06 noyabr 2024 00:13
95

Etibarlı təməl xalqlarımız arasında dərin tarixi və mənəvi əlaqələrə əsaslanır - Azərbaycan-Qırğızıstan

Dövlət başçısı İlham Əliyevin Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə iştirak etmək üçün Qırğız Respublikasına səfəri ümumilikdə türk dünyasının birliyinə verdiyi davamlı töhfələrin təqdimatıdır

Tarixi Zəfərimizdən, suverenliyimizin tam bərpasından sonra Azərbaycanın xarici siyasət uğurları biri-birini əvəzləyir. İkitərəfli və çoxtərəfli çərçivədə əlaqələrin yeni prioritetlər üzrə inkişaf etdirilməsi ölkəmizin beynəlxalq münasibətlər sistemində artan roluna, möhkəmlənən mövqeyinə işıq salır. Türk Dövlətləri Təşkilatı, həmçinin quruma üzv dövlətlər arasında əlaqələr yüksələn xətlə inkişaf edir. Cənab İlham Əliyev daim bu reallığı diqqətə çatdırır ki, Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacaq. 2009-cu ildə Naxçıvan Zirvə görüşündən başlayaraq təşkilat böyük inkişaf yolu keçib. Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir. Cənab İlham Əliyev, eyni zamanda, bildirir ki, türk dünyası böyük bir ailədir. Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq.

Prezident İlham Əliyevin türkdilli ölkələrə, onların dövlət başçılarının Azərbaycana qarşılıqlı səfərləri artıq davamlı xarakter alıb. Cənab İlham Əliyevin noyabrın 5-də Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə iştirak etmək üçün Qırğız Respublikasına səfəri də bunun tərkib hissəsidir. Onu da qeyd edək ki, bu ilin aprelində Qırğızıstan Prezidenti Sadır Japarovun ölkəmizə rəsmi səfəri olmuşdu.

Hər bir səfər münasibətlərdə yeni səhifənin başlanğıcıdır. Belə ki, keçirilən görüşlərdə müzakirə edilən məsələlər, ümumi mövqenin ortaya qoyulması, qarşıdakı dövr üçün müəyyənləşdirilən hədəflər əlaqələrin gələcək inkişafına stimuldur. Dövlət başçısı İlham Əliyev və Qırğızıstan Prezidentinin mətbuata birgə bəyanatlarında iki ölkə arasında əlaqələrin dünəninə, bu gününə bir daha nəzər salınaraq qarşıdakı dövrün hədəfləri açıqlandı. «Əminəm ki, bu səfər və onun nəticələri qarşılıqlı fəaliyyətimizin möhkəmləndirilməsi, ticarət dövriyyəsinin artması və bütün istiqamətlər üzrə əməkdaşlığa dair praktiki müstəvidə özünü aydın şəkildə göstərəcək» söyləyən cənab İlham Əliyev bildirmişdir ki, bizim hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənəmiz formalaşıb. Dövlətimizin başçısı həm 2023, həm də 2022-ci ildə belə qarşılıqlı səfərlərin reallaşdığını diqqətə çatdırmışdır. Onu da qeyd edək ki, bu ilin iyul ayında Qarabağın tacı Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirildi. Bu təşəbbüsün müəllifi məhz dövlətimizin başçısı İlham Əliyevdir. Türk dünyasının birliyinin təmin edilməsində belə görüşlərin rolu xüsusi qeyd olunur. Həmçinin yaxın günlərdə Azərbaycanın ev sahibliyi edəcəyi COP29 tədbiri də iştirakçı ölkələri bir araya gətirməklə yanaşı, onların müəyyən məsələlər ətrafında fikir mübadiləsi aparmalarına geniş imkanlar yaradacaq. Bu baxımdan türk dövlətlərinin liderlərinin görüşləri olacaq. Hər bir görüş qarşılıqlı fəaliyyətin, ünsiyyətimizin gücləndirilməsi, eləcə də ikitərəfli və çoxtərəfli əməkdaşlığın mühüm məsələlərinin həlli baxımından əhəmiyyətli və dəyərlidir.

Qırğızıstan Prezidentinin bu il ölkəmizə səfəri çərçivəsində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilmişdi. Bir daha qeyd edilmişdi ki, qardaş ölkələrimiz arasında münasibətlər möhkəm bünövrə - xalqlarımızın dərin tarixi və mənəvi əlaqələri üzərində qurulub. Qırğızıstan ilə Azərbaycan arasında strateji tərəfdaşlığın müntəzəm surətdə davam etməsi baxımından bu səfərə böyük əhəmiyyət verilir. Qırğızıstan gələcəkdə də dövlətlərarası münasibətlərin yüksək səviyyədə və hökumətlərarası, regionlararası və gələcək əməkdaşlıq mexanizmləri üzrə sonrakı inkişafına hazırdır.

Hər bir səfərin əhəmiyyətini və gələcəkdə əlaqələrin inkişafında nə kimi rol oynayacağını təsdiqləyən mühüm məqamlardan biri də sənədlərin imzalanmasıdır. Azərbaycan ilə Qırğızıstan arasında geniş müqavilə-hüquq bazası mövcuddur və indiyədək 105 sənəd imzalanıb. Bu sənədlər iki ölkə arasında iqtisadi, siyasi, mədəni və humanitar sahələrdə əməkdaşlığın inkişafını tənzimləyir. Qeyd edək ki, Qırğızıstan Prezidentinin bu il Azərbaycana səfəri zamanı 18 sənəd imzalanmışdı. İmzalanan sənədlər ikitərəfli münasibətlərin gələcək inkişafını müəyyən edir. Onlardan hər biri böyük əhəmiyyət kəsb edir. Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Dövlətlərarası Şurasının ikinci iclasının Qərarını və Birgə Bəyannaməni imzalamışdılar. Bu mühüm sənəd bir daha təsdiqlədi ki, Azərbaycan ilə Qırğızıstan arasında strateji münasibətlər daha dərin xarakterə malikdir.

Azərbaycanı və Mərkəzi Asiyanı əsrlər boyu əməkdaşlıq və dostluq münasibətləri birləşdirir. Ən önəmlisi ənənəvi tərəfdaşlarımızla, qardaş ölkələrlə münasibətlərimiz uğurla inkişaf edir. Qırğız Respublikası ilə də əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Hazırda iki ölkə arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. 2022-ci ildə Qırğızıstan Prezidenti Sadır Japarovun ölkəmizə rəsmi səfəri zamanı “Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə” imzalanmışdı. Səfər çərçivəsində mətbuata bəyanatla çıxış edən Qırğız Respublikasının Prezidenti Sadır Japarov bildirmişdir ki, bizim hədəfimiz beynəlxalq məkanlarda fəal qarşılıqlı əlaqə, siyasi dialoqun möhkəmlənməsi, daha sıx iqtisadi əlaqələr yaradılması və inkişaf etdirilməsi, iri investisiya layihələrinin birgə həyata keçirilməsi, habelə humanitar əməkdaşlığın daha da genişləndirilməsidir. Əlbəttə, bu, etibarlı təməl, xalqlarımız arasında dərin tarixi və mənəvi əlaqələr olmadan mümkün olmazdı. Sadır Japarov bu mühüm məqamı da xüsusi qeyd etmişdir ki, bu gün dünyada baş verən dərin dəyişikliklər yeni tipli münasibətlər qurmaq, onları daha humanist etmək, ləyaqət və şərəf kimi əzəli türk dəyərlərini əsas götürmək üçün tarixi şans verir. Türk məkanında bu yeni münasibətlər yeni dövrün dövlətlərarası qarşılıqlı münasibətlərinin nümunəsi olmalıdır. Azərbaycan Prezidenti İlham Əliyevin bizim baxışlarımıza şərik olmasını və onları tamamilə dəstəkləməsini dərk etmək mənə böyük məmnunluq verir. O da bildirildi ki, mürəkkəb dövrlərdə güclü liderlər tələb olunur. Öz ölkəsini daha güclü, dünyanı isə daha yaxşı etmək üçün məsuliyyət onların üzərinə düşür: «Buna görə də fürsətdən istifadə edib Prezident Əliyevə səmimi qəlbdən hər bir işində uğurlar, Azərbaycan xalqının rifahı və ümumbəşəri dəyərlər naminə ali məqsədlərə çatmaq üçün tükənməz enerji arzu etmək istərdim. Biz bu dəyərlər əsasında azərbaycanlı qardaşlarımızla səmərəli işə hazırıq və inanırıq ki, birlikdə bütün çətinlikləri aradan qaldıracaq, daha yaxşı dünya qurulmasına öz töhfəmizi verəcəyik. Bunun üçün bizim hər cür şəraitimiz var.»

İki ölkənin beynəlxalq təşkilatlarda da birgə fəaliyyəti yüksək səviyyədədir. Bu fəaliyyət siyasi, iqtisadi və mədəni əlaqələrin dərinləşməsinə, eyni zamanda, qarşılıqlı etimadın güclənməsinə kömək edir. Beləliklə, Azərbaycan və Qırğızıstan regiondakı bir çox məsələlərin həllində birgə mövqe nümayiş etdirərək, münaqişələrin aradan qaldırılmasına və sülhün təmin edilməsinə yönəlmiş addımlar atırlar. Bu əməkdaşlıq, eyni zamanda, müasir çağırışlar qarşısında iki ölkənin birgə strateji planlarını həyata keçirməsinə, həmçinin qlobal problemlərə dair daha geniş müzakirələrdə iştirak etmələrinə imkan yaradır. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Azərbaycan-Qırğızıstan ikitərəfli əməkdaşlığı beynəlxalq müstəvidə hər iki dövlətin nüfuzunu artıraraq, regional sabitliyin güclənməsinə dəstək verir.

Ölkələrimiz iqtisadi əlaqələrini inkişaf etdirmək istiqamətində də önəmli addımlar atır. Hazırda Azərbaycanda 70-dən çox Qırğızıstan şirkəti fəaliyyət göstərir. 2022-ci ildə iqtisadi əməkdaşlığı genişləndirmək üçün Azərbaycan-Qırğız İnkişaf Fondu təsis edilib. İki ölkə arasındakı Şərq-Qərb Beynəlxalq Nəqliyyat Dəhlizi və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə yükdaşımalar əməkdaşlığın iqtisadi sahədə genişləndiyini göstərir.

Eyni zamanda, AZAL tərəfindən 2024-cü ildən etibarən Bakı-Bişkek-Bakı marşrutu üzrə həftədə bir dəfə müntəzəm uçuşların həyata keçirilməsi iki ölkə arasında biznes mühitinin daha da inkişaf etməsinə, investorların və turistlərin hər iki ölkəyə gəlişini asanlaşdıraraq ticarət dövriyyəsinin artmasına kömək edir. Qırğızıstanın Azərbaycana ixrac etdiyi kənd təsərrüfatı məhsulları, habelə Azərbaycanın Qırğızıstana yatırdığı investisiyalar ticarət dövriyyəsinin artmasına və müştərək iqtisadi layihələrin icrasına şərait yaradır. Bununla yanaşı, iki ölkənin biznes forumların və sərgilərin təşkili özəl sektorun qarşılıqlı əlaqələrinin güclənməsinə və investisiya mühitinin daha da cəlbedici olmasına xidmət edir. Nəticədə, Azərbaycan və Qırğızıstan arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi yalnız iqtisadi göstəricilərin deyil, eyni zamanda, strateji tərəfdaşlığın da dərinləşməsinə yol açır.

Azərbaycan-Qırğızıstan münasibətlərinin yüksələn xətlə inkişafı mədəniyyət sahəsində də özünün aydın ifadəsini tapır. 2024-cü ilin aprel ayında Azərbaycanda keçirilən Qırğız mədəniyyəti günləri xalqlarımızın mədəniyyətlərini paylaşmaq və bir-birini daha yaxından tanımaq baxımından mühüm hadisə olub. Bundan əlavə Bakı və Bişkek, Quba və Kant kimi şəhərlər arasında qardaşlaşma əlaqələri mövcuddur ki, bu da regionlararası əməkdaşlığı gücləndirir. Bu cür mədəni tədbirlər iki xalq arasında dostluq əlaqələrini möhkəmləndirməklə yanaşı, həm də gənclərin mədəni mübadilə və əməkdaşlıq imkanlarını artırır. Regionlararası əməkdaşlıq iqtisadi və sosial inkişaf üçün yeni perspektivlər açaraq, iki ölkə arasında qarşılıqlı sərmayə qoyuluşunu təşviq edir. Eyni zamanda, mədəniyyətlərarası dialoq xalqlarımız arasında tarixi, mədəni və dini ortaq dəyərlərin dərinləşməsinə imkan yaradır, bu da regionda sülhün və stabilliyin qorunmasına töhfə verir. Beləliklə, mədəni-humanitar əlaqələr və regionlararası əməkdaşlıq Azərbaycan-Qırğızıstan münasibətlərinin daha da inkişaf etməsi üçün vacib bir platforma yaradır. Qırğızıstan Prezidentinin bu il səfəri zamanı dostluğumuzun, qardaşlığımızın və birliyimizin təsdiqi kimi növbəti addım atıldı. Prezident İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər. Onu da qeyd edək ki, dövlətimizin başçısının noyabrın 5-də Qırğız Respublikasına səfəri çərçivəsində Bişkekdə Prezident İlham Əliyevə “Çingiz Aytmatov” ordeni təqdim edildi. Dünya şöhrətli yazıçının zəngin bədii irsinə Azərbaycanda da hər zaman böyük maraq olub. Ulu Öndər Heydər Əliyev Çingiz Aytmatovu “Türk dünyasının fəxri” adlandırıb. Prezident İlham Əliyev 2008-ci ildə bir nömrəli “Dostluq” ordenini Çingiz Aytmatova təqdim edib. Cənab İlham Əliyev “Çingiz Aytmatov” ordeninin təqdim edilməsi mərasimində bildirdi ki, fəaliyyətimə verilən bu qiymətə görə Çingiz Aytmatov Fonduna, həmçinin onun ailə üzvlərinə və yaxınlarına minnətdarlığımı bildirmək istəyirəm. Həm də bu ordeni onun yaşadığı, işlədiyi, yazıb-yaratdığı, ruhunun indi də dolaşdığı evdə almaq mənim üçün böyük şərəfdir. Onun yaradıcılığı bütün dünyaya məxsusdur. Kitabları 185 dilə, demək olar ki, bütün dillərə tərcümə olunub. Kitablarının yenidən, xüsusən, yeni tərcümədə nəşrinə tələbatın olması onu göstərir ki, Çingiz Aytmatovun həyata, insanlara, təbiətə, öz xalqına münasibətdə sözünə, fikirlərinə ehtiyac var: «Sözsüz ki, onun yaradıcılığı bütün mümkün sədləri ötüb keçib və əbədi olaraq oxucuları sevindirəcək, düşünməyə, yəqin ki, bir çox məsələləri yenidən başa düşməyə sövq edəcək. Çünki onun yaradıcılığını çox sevən və bir çox əsərlərini oxuyan insan kimi deyə bilərəm ki, məhz onlar səni düşünməyə, hətta cəmiyyətə, dünyaya, təbiətə, öz fəaliyyətinə nəzər salmağa vadar edir. Atam Heydər Əliyevin dediyi kimi, Çingiz Aytmatov təkcə qırğız xalqının deyil, həm də bütün türk dünyasının fəxridir.»

Onu da qeyd edək ki, 2022-ci ilin oktyabrında Prezident İlham Əliyev Qırğızıstana ilk dövlət səfərini etmişdi. Səfər zamanı iki ölkə arasında bir sıra sənədlər, o cümlədən Müştərək İnkişaf Fondunun yaradılması ilə bağlı Saziş imzalanmışdır. Dövlətimizin başçısı, həmçinin Qırğızıstan-Azərbaycan Dostluq Parkının, Heydər Əliyev adına 20 saylı “Məktəb-Gimnaziya Təhsil-Tərbiyə Kompleksi” ümumtəhsil müəssisəsinin, Nizami Gəncəvi adına 103 saylı orta təhsil məktəbinin açılış mərasimlərində iştirak etmişdir.

Azərbaycan və qırğız xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olub. İki ölkənin möhkəm təməllər üzərində qurulan münasibətləri yüksələn xətlə inkişaf edir. Azərbaycanla Qırğızıstan arasındakı uğurlu dövlətçilik münasibətlərinin əsası məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Azərbaycanla Qırğızıstan arasında diplomatik münasibətlər 1993-cü ildə qurulub. Azərbaycan Qırğızıstan ilə bütün istiqamətlərdə fəal qarşılıqlı əlaqələri davam etdirmək əzmindədir. Bugünümüzün qürurverici hadisələrindən biri də işğaldan azad edilmiş ərazilərimizdə bərpa işlərinin aparılmasına qardaş dəstəyinin göstərilməsidir. Qırğızıstan Prezidentinin təşəbbüsü ilə bu qardaş ölkə öz vəsaiti hesabına Ağdam rayonunda orta məktəbin tikintisini həyata keçirəcək. Qırğızıstan Prezidentinin bu il ölkəmizə səfəri zamanı Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli və Ağdam rayonlarında oldu və məktəbin təməlinin qoyulması mərasimində iştirak etdilər. Ağdam rayonunda məktəbin tikintisi Qırğızıstanın münaqişələrdən zərər çəkmiş regionlarda sülhün bərpa olunmasına töhfəsidir.

İki ölkə arasında münasibətlərin dünəninə və bugününə qısa baxış bu ümumiləşdirməyə əsas verir ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri, xüsusilə türk dövlətləri, o cümlədən Qırğızıstanla əməkdaşlığının geniş perspektivləri var. Onu da qeyd edək ki, hər iki ölkənin dövlət başçılarının qarşılıqlı siyasi iradəsi və xalqlarımızın ortaq tarixi, mədəni və dini dəyərlərə əsaslanan dostluq əlaqələri sayəsində Azərbaycan-Qırğızıstan münasibətləri son illərdə iqtisadiyyat, nəqliyyat, təhsil, mədəniyyət və humanitar sahələrdə daha dinamik inkişaf mərhələsinə qədəm qoyub. Bu əməkdaşlıq təkcə iki ölkənin rifahını yüksəltmək üçün deyil, həm də regionda sülhə və sabitliyin güclənməsinə töhfə vermək məqsədini daşıyır. Ölkələrimiz arasında son üç il ərzində həyata keçirilmiş altı ali səviyyəli qarşılıqlı səfərlə yanaşı, Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının XI Zirvə görüşündə iştirak məqsədilə Qırğızıstana növbəti səfəri ölkələrimizin münasibətlərində yeni bir mərhələnin başlandığını göstərir. Bu səfər iki ölkə arasında həm ikitərəfli, həm də regional əməkdaşlığın genişlənməsi üçün strateji əhəmiyyətə malikdir və qarşıdakı illərdə dostluq əlaqələrinin daha da dərinləşəcəyinə zəmin yaradacaq. Azərbaycan Prezidentinin bu səfəri, eyni zamanda, türk dünyasında birliyin güclənməsinə verilən əhəmiyyətin göstəricisidir.

Ümumilikdə dövlət başçısı İlham Əliyevin «Bizim ailəmiz türk dünyasıdır. Biz özümüzü çox yaxşı hiss edirik. Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik» fikirləri özündə bütün məqamları ehtiva edir. O da məlumdur ki, ötən il noyabrın 3-də Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşü keçirilmişdir. Dövlət başçısı İlham Əliyev Zirvə görüşündə belə bir əminliyi ifadə etmişdir ki, dostluğumuz, qardaşlığımız əbədi olacaq.

Hazırda Türk Dövlətləri Təşkilatı dünya ölkələri tərəfindən mötəbər qurum kimi tanınır və üzv dövlətlərin sıx əməkdaşlığı, birgə səyləri ilə təşkilatın nüfuzu gündən-günə artmaqdadır. Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında yaxın dostluq və qardaşlıq əlaqələrinin olması, onların bir-birini qarşılıqlı şəkildə dəstəkləməsi təşkilatın inkişaf perspektivlərini şərtləndirən əsas amillərdən biridir. Prezident İlham Əliyev hələ bir neçə il əvvəl təşkilatın gözəl gələcəyinin olacağını böyük uzaqgörənliklə bildirmişdir: «Bu təşkilatın çox gözəl gələcəyi var. Çünki bu təşkilatın təməlində təbii müttəfiqlər yerləşir və həm tarix, həm mədəniyyət, həm bizim ənənələrimiz, bizim adət-ənənələrimiz, bax, bu, birliyi diktə edir.» Dövlətimizin başçısının təşəbbüsü ilə Azərbaycanın təşkilat çərçivəsində əməkdaşlıq sahələrinin daha da genişləndirilməsi istiqamətində irəli sürdüyü təkliflər Türk Dövlətləri Təşkilatının inkişaf strategiyasının gücləndirilməsində mühüm rol oynayır.

Yeganə Əliyeva, «İki sahil»